NDU-da növbəti ustad dərsi

Naxçıvan Dövlət Universitetində (NDU) artıq ənənə halını alan ustad dərsləri növbəti dəfə universitetin Tibb fakültəsində keçirilib. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin məlumatına görə, fakültədə dərsləri Həkimləri Təkmilləşdirmə İnstitutunun Mama-ginekologiya kafedrasının professoru İzzət Şamxalova keçirib. Mühazirələrdə fakültənin Müalicə işi, Profilaktika  ixtisasının tələbələri iştirak ediblər. Professor tələbələrə hamiləliyə hazırlıq prosesinin gedişatını izah edib, hamiləlik dövründə baş verə biləcək xəstəliklər, klassik doğuş və doğuşun digər formaları haqda danışıb. Tələbələr dar çanaqlarda doğuşun aparılma texnikası, taktikası, fəsadları haqda məlumatlandırılıb. Mühazirələr hər gün iki dərs olmaqla iki gün davam edib. Professor müəllim və tələbələrin suallarını cavablandırıb, mühazirələr qarşılıqlı diskussiya şəklində keçirilib.

 

Qeyd edək ki, dərslərdə tələbələlə birgə fakültənin müəllimləri də iştirak ediblər. Məlumat üçün onu da vurğulayaq ki, universitetin bütün fakültələri, xüsusən də Tibb fakültəsinə mütəmadi olaraq Azərbaycandan və Türkiyə Respublikasından professor-müəllim heyəti dəvət olunur. Bu, universitetdə müəllim və tələbələrin təcrübi bacarıqlarını artırmaq üçün başlıca amildir.

 



13.05.2019 | 14:50