“Abituriyent Məsləhət Mərkəzi” yaradılıb
Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb. Mərkəzin fəaliyyəti Dövlət İmtahan Mərkəzi və Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən reallaşıb. Yeni Mərkəz ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə qurulub.
 
 “Məsləhət mərkəzi”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər.
 
“Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. 
 
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Qərbi Kaspi Universiteti arasında əldə edilmiş ilkin razılığa əsasən, növbəti “Abituriyent Məsləhət Mərkəzi” bu universitetdə yaradılacaq. Qərbi Kaspi Universitetində fəaliyyət göstərəcək məsləhət mərkəzi haqqında əlavə məlumat veriləcəkdir.
Digər ali və orta ixtisas təhsili müəssisələri də bu tip məsləhət mərkəzlərinin yaradılması və abituriyentlərə xidmət göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər. Məsləhət mərkəzinin yaradılması və s. məsələlərlə bağlı DİM tərəfindən dəstək göstərilir. 
 


09.04.2018 | 19:01