Məktəblilərdə qalxanabənzər vəzin müayinəsi aparılıb | |
Şəkidə məktəblilər arasında qalxanabənzər vəzin müayinəsi aparılıb. Bu məqsədlə Azərbaycan Tibb Universitetinin (ATU) “I cərrahi xəstəliklər” kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, cərrah-endokrinoloq Azər Hümmətov və ATU TCK-nın həkim və rezidentləri Şəki şəhərində olublar. “Endemik düyünlü urun profilaktikası məqsədi ilə məktəblilər arasında qalxanabənzər vəzin ultrasəs müayinəsi və sidikdə yodun ekskresiyasının miqdarının təyini” layihəsi çərçivəsində aparılan müayinələrə 15-17 yaşlı məktəblilər cəlb edilib.
Layihənin rəhbəri Azər Hümmətov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, öncə məktəblilərə yodun orqanizmdə əhəmiyyəti, yodlaşdırılmış duzun istifadəsi haqqında maarifləndirici broşurlar paylanılıb. Daha sonra 100-ə yaxın şagirdin qalxanabənzər vəzisinin ultrasəs müayinəsi aparılıb: “Müayinə nəticəsində vəzidə dəyişilik aşkarlanmış şagirdlərdə sidikdə yodun miqdarinin analizi aparılıb. Bu da həmin bölgədə endemik urun ağırlıq dərəcəsinin və yod çatışmazlığının dərəcəsinin aşkarlanması üçün effektli profilaktik tədbirlərin işlənib hazırlanmasına kömək edəcək”.
Məlumat üçün qeyd edək ki, dünya əhalisinin təqribən 2 milyardı yod çatışmazlığı olan bölgələrdə yaşayır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 655 milyon insanda endemik ur, 43 milyonda əqli inkişaf geriliyi və 1570 milyon insanda yod çatışmazlığı xəstəliklərinin inkişaf riski mövcuddur. Yod çatışmazlığı insan sağlamlığına təsir edən ciddi patoloji dəyişikliklərə səbəb olur: endemik ur, hipotireoz, cinsi yetişkənlik və aybaşı funksiyasının pozulması, fertilliyin azalması, sonsuzluq, ginekoloji patologiyaların rastgəlmə tezliyinin yüksəlməsi, hamiləliyin və doğuşun gedişində ağırlaşmalar, tez-tez düşüklər və ölü doğuşlar, anadangəlmə anomaliyalar, fiziki və əqli inkişaf geriliyi baş verir. Son illərdə bütün dünyada düyünlü ur daxil olmaqla qalxanabənzər vəzin xəstəliklərinin rastgəlmə tezliyi artıb. Düyünlü ur yod defisitli regionlarda daha çox aşkar edilir.
Ruhiyyə DAŞSALAHLI
|
|
09.04.2018 | 18:55 | |
|
|
|