Şagirdlərin mənəvi tərbiyəsi | |
Şəxsiyyətin kamillik dərəcəsi, onun bu istiqamətdə formalaşması prosesi öz-özünə yaranmır. İnsanın mənəvi tərbiyəsi ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, məktəbdən başlayır, sonralar təhsilin yüksək pillələrində möhkəmləndirilir, daha sonralar isə özünütəkmilləşdirmə, ümummədəni səviyyəni artırmaqla davam edir, zənginləşir, mükəmməlləşir. Mənəvi kamilliyin belə yüksələn xətlə inkişafı prosesində məktəbin yeri və rolu böyükdür.
Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev məktəbin mənəviyyatca təmiz, Vətən və xalq qədrini bilən, mədəniyyətini, milli adət-ənənələrini, tarixini, elmini dərindən öyrənən gənclər yetişdirmək vəzifəsini çox aydın və konkret şəkildə müəyyənləşdirərək deyirdi: “Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.
Birmənalı şəkildə qeyd olunmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası və məzmunu yetişən nəslin milli-mənəvi dəyərlərimizi dərindən mənimsəməsinə bağlıdır. Təsadüfi deyildir ki, dünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyev Azərbaycan gəncliyinin, hər bir ölkə vətəndaşının milli ruhda tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimiz əsasında formalaşmasını bütün mənalı həyatı boyu diqqət mərkəzində saxlamış, bu istiqamətdə dövlət strukturları, tərbiyəçilik təsisatları və institutları, təhsil işçiləri qarşısında böyük və məsuliyyətli vəzifələr qoymuşdur. Ümummilli liderimiz Azərbaycan Respublikası Gənclərinin Birinci forumundakı “Müstəqil Azərbaycanın gələcəyi gənclərdir” proqram sənədli nitqində göstərirdi ki, “Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsinə gətirib çıxarır. Ancaq gənclərimiz də bilməlidirlər ki, vətəndaşlarımız da bilməlidirlər ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz...”.
Məlum olduğu kimi, insanın yüksək mənəvi keyfiyyətləri onun fəaliyyəti prosesində daha müvəffəqiyyətlə formalaşır. Məktəbli üçün fəaliyyətin əsas növü isə təlimdir.
Görkəmli pedaqoq V.A.Suxomlinski də mənəvi, ideya-əxlaqi və intizam tərbiyəsində fənlərin tədrisinin böyük imkanlara malik olduğunu göstərərək yazırdı ki, təlim, konkret olaraq dərs, hər şeyi bilmək və əxlaqi əqidə məşəlini yandıran qığılcımdır. Təlim prosesində əqli əmək tərbiyəsi böyük əhəmiyyətə malikdir. Bu zaman uşaqlar dünyanı dərk etməklə, həm də özlərini dərk etmiş olurlar. Bilik əldə etməklə “Təbiətin və cəmiyyətin qanunauyğunluqlarını dərk edərək yeniyetmə möhkəm qənaətə gəlməlidir ki, o təkcə nə isə yeni bir şey öyrəndiyi üçün deyil, ümumiyyətlə daha ağıllı olduğu üçün irəliyə addım atır. Biliklərə yiyələnmək həvəsi olmadan tam qiymətli mənəvi həyat, deməli həm də əmək həyatı, yaradıcı həyat yoxdur”.
Bütün bunlar hər bir pedaqoq-müəllimdən təlimin tərbiyəedici və inkişafetdirici funksiyasını rəhbər tutmaqla yanaşı, gənc nəslin daxili mənəvi inkişafının qayğısına qalmağı da tələb edir. Müəllim keçdiyi fənnin və mövzunun xüsusiyyətlərindən asılı olaraq ümumbəşər və milli əxlaqın hansı ideya və keyfiyyətlərini aşılayacağını əvvəlcədən bilməlidir.
Bu gün “Həyatın astanasında” dayanan yuxarı sinif şagirdlərinə aşılanması zəruri olan mənəvi anlayışlar içərisində onların mənəvi dünyagörüşünün formalaşdırılması xüsusi yer tutur. Bu isə tələb edir ki, ümumtəhsil məktəbi bu yaşda usaqları XXI əsrin ən qabaqcıl ideyaları ilə silahlandırsın, yeni elmi-texniki biliklərə yiyələnmiş, gələcək həyat nailiyyətlərində, istehsalatda həmişə yeni, daha səmərəli yollar axtarsın, milli mənlik şüurunu daim inkişaf etdirərək özünü xalqın layiqli övladı olmağa yüksək səy və əzmlə hazırlaya bilsin. Bu mühüm işdə şagirdlərdə elmi dünyagörüşünün, mənəvi əqidənin formalaşmasında təbiət və riyaziyyat fənlərinin tədrisi mühüm rol oynayır.
Ümumtəhsil məktəbində tədris olunan hər bir fənn şagirdlərin mənəvi tərbiyəsi məsələlərinin yerinə yetirilməsi üçün bu və ya digər dərəcədə əhəmiyyətlidir. Burada riyaziyyat fənninin yeri və rolunu unutmaq olmaz. Yuxarıda qeyd etdiyimiz kimi, təəssüf ki, bu fənlər məcmuyunun (riyaziyyat, fizika, həndəsə, astronomiya) şagirdlərin mənəvi tərbiyəsində əhəmiyyət dərəcəsi bəzi müəllimlərimiz tərəfindən qiymətləndirilmir. Bir qisim müəllimlər isə riyaziyyatın uşaqların mənəvi tərbiyəsi ilə bağlı olmadığı iddiası ilə çıxış edir. Onların fikrincə, riyaziyyat fənninin başlıca vəzifəsi yalnız bilik vermək olmalıdır. Təhlil və müşahidələrimiz göstərir ki, belə bir arzuolunmaz vəziyyətin yaranma səbəblərindən biri də bu fənn müəllimlərinin müvafiq pedaqoji-metodik maarifləndirmə mənbələri ilə əhatə olunmamasıdır.
Əlbəttə, biz o fikirdə deyilik ki, riyaziyyat fənninin emosional təsir imkanları tarix, ədəbiyyat, musiqi, rəsm və dıgər fənlərlə bərabər tutulmalıdır. Lakin hər halda riyaziyyat müəllimi də insanın, konkret olaraq yuxarı sinif şagirdlərinin mənəvi insan kimi yetişməsində, hazırlanması işində iştirakçıdır. O da şagirdlərin mənəvi tərbiyəsi üzrə tədris etdiyi fənnin daxili imkanlarını, konsepsiyasını aşkarlamağa və ondan səmərəli şəkildə istifadə etməyə borcludur. Belə bir baxışdan ümumtəhsil məktəbinin riyaziyyat müəllimlərinin pedaqoji-metodik məlumatlandırılması günümüzün reallığı kimi dəyərləndirilməlidir.
Apardığımız təhlil və müşahidələrimiz, ümumtəhsil məktəbində riyaziyyat fənninin tədrisi üzrə topladığımız uzunmüddətli təcrübələrimiz sübut edir ki, şagirdlər fənnin öyrənilməsi prosesində bir sıra çətinliklərlə qarşılaşırlar. Bütün bunları aradan qaldırmaqla yanaşı proqram materialının öyrədilməsi zamanı bu və ya dəgər anlayışı izah edərkən şagirdləri riyaziyyatın ayrı-ayrı yeni sahələri ilə tanış etməli, dünya və Azərbaycan riyaziyyat məktəblərinin nailiyyətləri və bu məktəblərin görkəmli şəxsiyyətləri haqqında məlumat verməyi bacarmaq lazımdır ki, bunun da şagirdlərin üzərində tərbiyəvi təsiri danılmazdır. Bu isə ona bağlıdır ki, müəllim öyrətdiyi materialı yalnız bilik vermək, şagirdlərin başını yalnız “biliklər yığımı” ilə doldurmaqla yox, tərbiyə məqsədləri üçün də istifadə etməyi bacarmalıdır.
Riyaziyyat müəllimi praktik işdə pedaqogika elminin, riyaziyyat fənni üzrə pedaqoji texnologiyaların, psixologiyanın nailiyyətlərindən faydalanmalı, istifadə etməyi bacarmalıdır. Pedaqoq-müəllimlər öz qarşısında başlıca və mühüm bir məqsəd də qoyurlar: Riyaziyyat dərslərində şagirdlərin mənəvi keyfiyyətlərini formalaşdırmaq. Təcrübə və müşahidələrimizə əsasən, biz riyaziyyat dərslərində konkret olaraq aşağıdakı mənəvi keyfiyyətlərin aşılanmasını mümkün sayırıq:
1)Müəyyən bir işin icrasına səy və çalışqanlıq; 2)səliqəlilik, diqqətlilik, dürüstlük, müntəzəmlilik və davamlılıq; 3)qənaətçillik, ehtiyatlılıq, üsulluluq; 4)özünü təşkil edə bilmək; 5)prinsipiallılıq, ciddilik və qətiyyətlilik; 6)məqsədəcanatma, yönəliklik; 7)əməksevərlik, dözümlülük, zəhmətə qatlaşma, səbrlilik; 8)inandlılıq, səbatlıq, mətanət və möhkəmlik; 9)intizamlılıq, qayda-qanunlara dəqiq və vaxtında əməl etmək; 10)ardıcıllılıq, təmkinlilik və qərarlılıq; 11)həssaslıq, yoldaşlıq və dostluq; 12)həqiqətpərəstlik, doğruluq və düzlük; 13)çalışqanlıq, işgüzarlıq; 14)ətrafdakı insanlara hörmətlə yanaşmaq; 15)öz biliklərini həmişə müntəzəm şəkildə artırmaq səyləri və s.
V-XI siniflərdə riyaziyyat fənni üzrə proqram, dərslik və dərs vəsaitlərinin mənəvi tərbiyə imkanlarını üzə çıxarmaq məqsədilə apardığımız təhlillər göstərir ki, əksər nəzəri materialların məzmunu şagirdlərin mənəvi tərbiyəsinin formalaşdırılması üçün müəyyən imkanlara malikdir. Hər bir riyaziyyat müəllimi bu aydın həqiqəti bilməlidir ki, riyaziyyat elmlərin inkişafı, tərəqqisinə kömək etdiyi kimi, insanların da inkişafına xidmət edir. Ona görə də riyaziyyat dərslərində proqram materialları üzrə elm xadimlərindən, bəşəriyyətin istedadlı və əməksevər insanlarından da söhbət açmaq zəruridir. Uşaqları başa salmaq lazımdır ki, riyaziyyat elmi ömrünü elmə həsr edən, yüzlərlə elm fədailərinin səyləri, əməyi sayəsində inkişaf etmişdir. Riyaziyyatçı alimlərin həyatı və elmi fəaliyyəti ilə tanış etmək onların mənəvi tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Məsələn, ədədlər nəzəriyyəsini öyrənərkən Pifaqor, Diofant, Eratosfen, Ferma, Eyler, Qauss, P.L.Çebışev kimi riyaziyyatçıların həyat və fəaliyyəti, iş xüsusiyyətləri haqqında ətraflı məlumat vermək şagirdlərin həm bilik səviyyəsini genişləndirir, həm də onlar bu riyaziyyatçı alimlərə məxsus mənəvi keyfiyyətlərin, necə deyərlər, “təsir selinə” düşürlər.
Bildiyimiz kimi, ədədlər nəzəriyyəsi riyaziyyatın bölmələrindən biri olub, tam ədədlərin xassələrini öyrənir. Hazırda bu nəzəriyyənin əsas problemləri kimi ədədlərin xassələrini öyrənir. Bu nəzəriyyənin əsas problemləri kimi ədədlərin xassələrini (düzülüşünü), qeyri-müəyyən tənliklərin həlli, verilən ədədlərin müəyyən sayda sadə ədədlərin qüvvətlərinin cəmi şəklində göstərilməsi və s. məsələləri qeyd etmək olar. Bu məsələlərə dair aparılan tədqiqatlar nəticəsində ədədlər nəzəriyyəsi bir neçə sərbəst bölməyə ayrılır ki, bunlar aşağıdakılardan ibarətdir: ədədlərin analitik və additiv nəzəriyyələri, cəbri və transsendent ədədlər nəzəriyyəsi və s. Bütün bunlar haqqında məlumatlı və geniş biliyə malik olan müəllim uşaqlara milli iftixar hissi doğura biləcək bir cəhəti də öyrətməlidir ki, dünya dahilərindən biri olan Nəsirəddin Tusinin verdiyi ədəd anlayışı müasir təsəvvürə uyğun gəlir və o, bu sahədə Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdır. Nəsirəddin Tusi dünya riyaziyyat elminin tarixində ilk dəfə olaraq tam ədəddən ixtiyarı dərəcədən kökalma əməlini izah etmiş, binomial əmsalları və onlar arasındakı qanunauyğunluqları göstərmiş, Nyuton binomunu sözlə ifadə etmişdir.
Göründüyü kimi, şagirdlərin təqlidi üçün çoxlu layiqli nümunələr vardır.
Bu nümunələr yuxarı sinif şagirdlərinin mənəvi tərbiyəsi üçün olduqca vacib vasitələrdir. Riyaziyyat elminin tarixindəki maraqlı kəşflər, bir çox riyazi anlayışların inkişaf tarixinin uzun və mürəkkəb yolu haqqında maraqlı elmi söhbətlər çox güclü tərbiyəvi təsirə malik olur, öyrənənlərin intellektual səviyyəsinin inkişafına, onların emosional mədəniyyət tərbiyəsinə, mənəvi-iradi keyfiyyətlərin formalaşmasına imkan yaradır.
Təcrübə göstərir ki, riyaziyyat dərslikləri üzrə müstəqil işlərin təşkili şagirdlərin mənəvi-iradi keyfiyyətlərinin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Bunun üçün şagirdlərdə güclü motivlər yaratmaq lazımdır. Məsələn, dərsdə şagirdlərin öyrənəcəyi, tanış olacağı mövzudan əvvəl, onlara kitabdan öyrənəcəyi yeni biliklərin müstəqil əldə etmək bacarıqlarının insanın həyatında necə bir əhəmiyyət daşıdığını aydınlaşdırmaq lazımdır. Uşaqların qarşısında yalnız bir riyazi faktları öyrənmək vəzifəsini qoymaqla kifayətlənmək olmaz, onları həmçinin riyaziyyat dərslikləri üzrə müəyyən bacarıqlara yiyələnmək işinə cəlb etmək lazımdır. Toplanmış təcrübəyə və müşahidələrimizə əsasən tədris ili ərzində şagirdlərin dərslik üzrə müstəqil işlərinin aşağıdakı növlərinin təşkilini məqsədəuyğun bilirik;
* Mövzuya aid müəllimin izahından sonra şagirdlərin kollektiv şəkildə plan tərtib etməsi;
* Müəllimin izahından sonra şagirdlərin fərdi qaydada plan tərtib etməsi;
* Müəllimin izahatı, dərsliyin və əlavə materialların müstəqil şəkildə öyrənilməsi əsasında plan tərtib edilməsi;
* Qarşıya qoyulmuş məsələlərin həlli, alınan nəticələrin təsdiqi üçün dərslikdən faktik materialların seçilməsi və s.
Göründüyü kimi, riyaziyyat dərsliyi və əlavə materiallar üzrə müstəqil işlərin düzgün təşkili qaydalarını bilmək və ondan bacarıqla istifadə etmək yuxarı sinif şagirdlərinin bir çox iradi keyfiyyətlərinin formalaşması, inkişafında əhəmiyyətli rol oynaya bilər. Beləliklə, şagirdlərin mənəvi tərbiyəsində riyaziyyat dərslərinin verdiyi imkanların aşağıdakı istiqamətlərini müəyyənləşdirmək olar:
1.Siniflər üzrə riyaziyyat dərslərinin proqram materiallarının daxili imkanlarından istifadə etməklə; 2.Görkəmli riyaziyyatçı alimlərin həyat və fəaliyyətinə aid əlavə fakt və hadisələrdən istifadə etməklə; 3.Riyazi anlayışların, termin və simvolların meydana gəlməsi və inkişaf tarixinə aid fakt və məlumatlarla; 4.Riyaziyyat elminin predmetinin spesifik xüsusiyyətləri ilə; 5.Biliklərin mənimsənilməsi prosesində müstəqil işlərin, ümumiyyətlə, idrak fəallığının yüksəldilməsi ilə; 6.Müəllimin şəxsi nümunəsinin şagirdlərin üzərində güclü mənəvi təsiri ilə.
Məlumdur ki, mənəvi tərbiyə anlayışının mahiyyətində yuxarıda sadalanan fəaliyyətlərlə yanaşı, millətsevərlik, öz soykökünə bağlılıq, milli ruh və psixologiyasını qoruyub saxlamaq, vətənpərvərlik və vətəndaşlıq keyfiyyətləri də çox mühüm kateqoriyalardır. Azərbaycan Respublikasının Təhsil Qanununda göstərildiyi kimi, məktəblinin mənəvi simasının formalaşdırılmasında başlıca məqsəd “Azərbaycan xalqının dostluq və demokratiya ənənələrinə bağlı olan, xalqın milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onu qoruyan və daim inkişaf etdirən, ailəsini, Vətənini, millətini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, onun hüquq və azadlıqlarına hörmət edən....” insan yetişdirməkdən ibarətdir.
Digər fənlərin tədrisi prosesində olduğu kumi, riyaziyyat fənninin öyrədilməsi prosesində də şagirdlərdə milli iftixar duyğusu, vətənpərvərlik hissləri asılamaq mümkündür. Az öyrənilmiş olsa da, elm tariximizin dünya elminin şanlı səhifələrini təşkil etdiyini qürur hissi ilə qeyd etmək olar. Azərbaycanda elmin qədim tarixi var. Bəhmənyar, Fəridəddin Şirvani, Xaqani Şirvani riyaziyyatla məşğul olmuşlar. Nəsirəddin Tusinin elmimizin tarixi dühası kimi nəinki Şərq, həmçinin Qərb elmi fikrinin ən qüdrətli dühalarından biri olmuşdur. Dünya elm tarixini öyrənən məşhur ingilis alimi Corc Çarton “Elm tarixinə giriş” əsərində elm tarixini yarım əsrlik dövrlərə bölüb. Bu dövrlərdən hər biri bu və ya digər görkəmli şəxsiyyətlərlə bağlanılır. Məsələn, eramızdan əvvəl 450-400-cü il Platon yarım əsri (yüzilliyi) hesab edilir. Sonralar Aristotel, Evklid, Arximed dövrləri oldu. Eramızın 600-700-cü illəri Çin alimləri Suan Tozan və U.Çinlə bağlanır. Sonralar isə 800-cü ildən 1100-cü ilə qədər 350 illik müsəlman alimləri dövrü gəlir. Bu dövrlər milliyyətcə ərəb, türk, əfqan, fars olan kimyaçı, təbib, coğrafiyaçı, riyaziyyatçı, fizik və astronomlar - Cabir, Xərəzmi, Razi, Məsudi, Vəfa, Biruni və Ömər Xəyyamın adı ilə dəyərləndirilir. Yalnız 1100-cü ildən etibarən elm tarixində ilk Avropa adlarına - Herard, Kremonluya, Rocer Bekona və b. rast gəlmək olar. Lakin hələ 250 ildə avropalılar elmin dəfnə çələngini İbn Rəşid, Nəsirəddin Tusi, İbn Nəfs (bu sonuncu Harveydən çox öncə qan dövranı nəzəriyyəsini yaratmışdır) kimi alimlərlə bölüşdürməli olmuşlar.
Şagirdlərə öyrədilməlidir ki, elmimizin tarixi - ümumi tariximizin, mədəniyyətimizin, sənətimizin çox parlaq və çox mühüm səhifəsidir. Elmimizin tarixi - xalqımızın tarixidir. İnsan tərəfindən təbiətin qanunauyğunluqlarını öyrənmək, onun sirlərini açmağa kömək edən nəhəng bir qüvvənin tarixidir. Elmin tarixi xalqın dünyagörüşünün inkişaf mərhələlərinin güzgüsüdür.
Hazırkı şəraitdə dünya elminin karifeylərindən biri, məşhur riyaziyyatçı Lütfi Zadənin həyat fəaliyyəti, mənəvi keyfiyyətləri gənclərimizə böyük örnək, nümunədir. Onun haqqında hər bir xoş xəbər qəlbimizdə iftixar hissi doğurur, vətənpərvərlik hisslərini gücləndirir. Lütfi Zadənin doğulduğu doğma Bakı şəhərinə bağlılığı, Azərbaycan alimləri ilə sıx dostluq əlaqələri və elmi əməkdaşlığı tədris prosesində şagirdlərə çatdırılmalı, elmi yaradıcılığı haqqında şagirdlərdə aydın təsəvvür yaradılmalı, elmi kəşfləri haqqında onlara elmi biliklər aşılanmalıdır.
Ümumiyyətlə, təcrübə və müşahidələrimiz göstərir ki, yuxarı sinif şagirdlərində milli iftixar və vətənpərvərlik düyğularının inkişaf etdirilməsində riyaziyyat fənninin tədrisi prosesində aşağıdakı mövcud imkan və yolları göstərmək olar.
1. Şagirdlərə elmin, konkret olaraq riyaziyyat elminin tarixi, müasir vəziyyəti, bu sahə üzrə ixtira və kəşflərdə ilkinlik, birincilik haqqında. Şagirdlərə öyrətmək lazımdır ki, Evklidin postulatlarının şəhri işində N.Tusinin xidmətləri əvəzsizdir. Müasirlərimiz olan görkəmli alimlərdən İ.İ.İbrahimov, Lütfi Zadə kimi alimlərin elmdə əldə etdikləri nailiyyətlər və Azərbaycan riyaziyyat elminin inkişaf perspektivləri, həmçinin məktəbdə riyaziyyat, hesab, həndəsə, fizika, astronomiya fənlərinin tədrisi ilə bağlı dərsliklərin meydana gəlməsi və hazırkı vəziyyəti haqqında məlumatlarla silahlandırılan şagirdlər milli iftixar hissi keçirər və beləliklə onlarda mənəvi əqidə formalaşmış olar.
2. Görkəmli alimlərin vətənpərvərlik duyğuları və əməlləri haqqında məlumatlar da şagirdlərin mənəvi aləminə təsir göstərməkdən ötrü təsirli vasitədir. Şagirdlər bilməlidirlər ki, L.Pasterin obrazlı şəkildə dediyi kimi “Elmin vətəni yoxdur, alimin vətəni var”.
3. Şagirdlərin ölkədə, yaşadığı şəhərdə və rayonda avtomatikanın inkişafı, kompüterləşmə və s. ilə tanışlıq da onların mənəvi tərbiyəsinə təsir göstərir.
4. Görkəmli riyaziyyatçıların respublikanın və xarici ölkələrin yüksək dövlət mükafatlarına, orden və medallarına layiq görülməsi, xarici ölkə elmi cəmiyyətlərinə və akademiyalarına üzv olmasına, beynəlxalq elmi kürsülərdə - konfrans, simpoziumlarda çıxışlarına da diqqət yetirmək lazımdır.
5. Xarici ölkə alimlərinin Vətən elminin görkəmli nümayəndələri haqqında maraqlı fikirləri də uşaqlarda vətənpərvərlik və milli iftixar hissi oyadır.
6. Görkəmli elm xadimlərimizin xarici ölkə alimləri ilə əməkdaşlığı və inkişaf etməkdə olan ölkələr üçün kadr hazırlığına aid məlumatların da şagirdlərə çatdırılması vacibdir və s.
Beləliklə, riyaziyyat müəllimi ümumtəhsil məktəbinin başlıca vəzifələrindən birinə - şagirdlərin mənəvi tərbiyəsi işinə əhəmiyyətli töhfələr vermiş olar. Ümumtəhsil məktəbinin riyaziyyat müəllimi şagirdlərin riyazi qabiliyyətlərini inkişaf etdirməyə borcludur. O, yeni təlim metodları vasitəsilə şagirdlərdə nəzəri məsələlərin dərinləşdirilməsinə, həlli yollarının tapılmasına bilavasitə məsuliyyət daşıyır. Lakin bir də belə bir müqəddəs vəzifənin daşıyıcısıdır ki, tədris etdiyi fənlə, şəxsi nümunəsi ilə gələcəyimiz olan yuxarı sinif şagirdlərinin mənəvi kamilliyinə və tərbiyəsi qayğısına qalmış olsun.
Rövşən VƏLİYEV, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, dosent
|
|
12.05.2019 | 11:53 | |
|
|
|