BDU rektoru doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb

Bakı Dövlət Universitetinin  rektoru, akademik Abel Məhərrəmov 2017-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş 200-ə yaxın gənc alim və mütəxəssislə görüşüb. Universitetin dünyanın bir sıra qabaqcıl elm, təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini, hər il ümumi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dən çox yerli və beynəlxalq proqram, qrantlarda iştirak etdiyini deyən rektor, doktorantları bu layihələrə qatılmağa çağırıb. Rektor artıq iki ildir ki, Azərbaycan alimlərinə Tomson Reyter Agentliyinin elmi bazasından istifadə imkanlarının yaradıldığını deyərək doktorantlara bu bazadan istifadə etməyi məsləhət görüb. Dünya elminə inteqrasiya, innovativ istiqamətlərin inkişaf etdirilməsi və keyfiyyətin yüksəldilməsi üçün artıq bir neçə ildir ki, hər bir doktoranta biri xarici ölkədən olmaqla iki elmi rəhbərin və ya məsləhətçinin təyin olunması, doktorantların xarici ölkələrə ezam edilməsi, o cümlədən xarici ölkələrdən olan elmi rəhbərlərin ölkəmizə dəvəti, onların elmi müzakirələrdə və müdafiə proseslərində iştirakları barədə danışıb.

 

Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev ikili rəhbər və ya məsləhətçinin üstünlüklərindən danışıb, elmi-tədqiqat işləri ilə əlaqədar xaricə göndərilən doktorantlar barədə məlumat verib.

 

Tədbirdə daha sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər verib, onları maraqlandıran sualları cavablandırıblar.

 



09.04.2018 | 18:00