Şagirdlərin inkişafında tədbirlərin xüsusi rolu | |
Məktəbdə işlədiyim uzun illər ərzində həmişə tədbirlərə xüsusi önəm vermişəm. Çoxillik pedaqoji təcrübəm göstərib ki, bu tədbirlərdə qoyulan mövzuları şagirdlər daha yaxşı mənimsəyir. Bir qocaman müəllim kimi tədbirlərlə bağlı təcrübəmi gənc müəllimlərlə bölüşmək istərdim.
Xəyallarım məni istər-istəməz müəllimlik illərimə apardı. Günlər keçir. İllər illərə calanır. Çox şey silinir. Lakin həyatımızda heç zaman unutmayacağımız öz sevgi və qayğıları ilə dərin iz buraxan müəllimlərimizdir. Müəllim ömrü bir çırağa bənzəyir. Sönənə qədər bilik dolu hərarətini şagirdlərinin duyğularına, idrakına hopdurur. O, şagirdin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə nurlandırır.
Yaxşı yadımdadır, beşinci sinifdən dərs dediyim şagirdlərim onbirinci sinifdə oxuyurdular. Aprel ayının sonları idi. Get-gedə tədris ilinin sonlarına yaxınlaşırdıq. Uşaqların məktəblə vidalaşmağa çox az zamanları qalmışdı. Şagirdlərim məktəbdə iz qoymaq, yaddaşlarda qalacaq bir tədbir keçirməyi mənə təklif etdilər. Həmin ərəfədə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı silsilə tədbirlər də planlaşdırmışdıq. Mən onların təklifini müsbət qiymətləndirdim və mövzu seçimi başlandı.
Şagirdlər “Dədə Qorqud əsrlər boyu yaşayıb və yaşayacaqdır" mövzusunu təklif etdilər. Şagirdlərimin düşüncə tərzi məni çox sevindirdi və seçilmiş mövzunu dəstəklədim.
Şagirdlərimin belə bir mövzuya müraciətində məqsəd “Dədə Qorqud” eposunun təhlili deyildi. Məqsəd əsrlər boyu Dədə Qorqudun davamçısı olan dahi şəxsiyyətlərin şərəfli həyat yolunu gənclərə çatdırmaq istəyi idi. Bu yaradıcı tədbiri xatırlamaqla gənc müəllimlərə tövsiyəm budur ki, “Dədə Qorqud” eposunun yekun saatını tədbirlərlə tamamlasalar şagirdlər üçün daha maraqlı, yaddaqalan olar.
Nəhayət ki, biz gərgin əmək sərf etdikdən sonra tədbirimizi keçirdik. Tədbirimizdə ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti ilə bağlı videoroliklər nümayiş etdirdik. “Dədə Qorqud” eposu ilə ulu öndərin siyasi görüşlərindəki tolerantlıq, vətənpərvərlik, müdriklik keyfiyyətlərinin vəhdətini tədbir iştirakçılarına çatdırdıq.
İndi gəlin birgə bu fikir vəhdətinə nəzər salaq. Unutmayaq ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra ümummilli lider Heydər Əliyev ölkəni qorumaq, onu böyük inkişaf yoluna çıxarmaq kimi tarixi missiyasını yerinə yetirən əvəzsiz şəxsiyyət idi. Multikultural və tolerant dəyərlərin Azərbaycan kimi kiçik, amma dərin tarixə, milli-mənəvi ənənələrə malik qüdrətli bir ölkə üçün son dərəcə vacib həyati şərtlər olduğunu ulu öndər yaxşı bilirdi.
Müqayisə edəndə də görürük ki, VII əsrdə Azərbaycanda formalaşmış Dədə Qorqudda multikultural və tolerant əhvalın təsvirinə rast gəlirik. Qəhrəmanların dindarlığı mühafizəkardan xeyli uzaq bir məzmundadır. Dədə Qorqud qəhrəmanlarının tapındığı din, sözün birbaşa mənasında Quranda ifadəsini tapan ilkin dindir, Tanrı dinidir. Məsələn, Qanturalı Trabzonun xristian təkürünün qızı Sarı donlu Selcan xatunu sevməsi;
“Bayburanın oğlu Bamsı Beyrək boyu”nda Beyrək xristian qızına evlənmək andına xilaf çıxır. Oğuz əxlaqı, Oğuz adəti ayrı-seçkilik salmadan onu cəzalandırır.
Xüsusi vurğulandı ki, Prezident İlham Əliyev də öz ulu siyasi sələfinin yolunu ləyaqətlə davam etdirərək bütün dünyaya bəyan edir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur”.
Azərbaycanın siyasi həyatında ölkə Prezidenti ilə çiyin-çiyinə çalışan, incəsənətin hər sahəsində, xüsusən, musiqinin, muğamın inkişafında misilsiz qayğısı, diqqəti olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həm ölkə daxili, həm də xarici siyasətindəki fəaliyyəti ölçüyəgəlməzdir. Mehriban xanım da “Dədə Qorqud” eposundakı müdrik qadın obrazını təcəssüm etdirir. Azərbaycan bütün dövrlərdə mərd, qəhrəman qız-qadınlar-Həcərlər, Nigarlar yetirmişdir. Əsrlər boyu cəsarətli, vətənpərvər, elinə-obasına, ailəsinə sadiq olan, 1988-1990-cı illərdə tankların qarşısında dəyanətlə duran, kənd təsərrüfatının bütün sahələrində çalışan, elmin inkişafında fəaliyyət göstərən qadınlara Burla xatun bariz bir nümunədir.
Bütün bunlar tədbirin leytmotivi idi.
Tamilla ZEYNALOVA, 132 nömrəli məktəbin təqaüdçü dil-ədəbiyyat müəllimi
|
|
11.05.2019 | 09:21 | |
|
|
|