“Məktəb ailələr üçün müqəddəs ocaq olmalıdır” | |
Maraqlı həmsöhbət görəndə sevinir adam. Çünki qarşındakı insan həm mütəxəssis, həm də insan olaraq zəngindir. Sözün o mənasında ki, yaşantıları, həyat yolu, bir sözlə, deməyə sözləri var. Bu gün sizə elə bir insanı təqdim edirik, 183 nömrəli tam orta məktəbin direktoru Rəhilə Abbasovanı.
Öncə qısaca onu bildirək ki, Rəhilə Abbasova 1960-cı ildə Füzuli şəhərində anadan olub. BDU-nun filologiya fakültəsini bitirib. 1995-ci ildə pedaqoji fəaliyyətə başlayıb. 2009-cu ilin fevralından isə 183 nömrəli məktəbə rəhbərlik edir.
Bizim AİLƏ...
Atam işləyib, anam evdar qadın olub. İkisi də sadə, zəhmətkeş adamlar olublar. Biz ailədə doqquz uşaq idik, yeddi bacı, iki qardaş. Düzdür, hər kəs üçün öz ailəsi daha üstündür. Amma bizim ailə gerçəkdən nümunə olub. Valideynlərimiz son dərəcə məsuliyyətli, tələbkar idilər. O zamankı uşaq ağlımızla yanaşdıqda bu durum bizi qane etmirdi. İllər ötdü, özümüz də valideyn olduq, onda anladıq ki, bəli, onlar sonuna kimi haqlı idilər. Yoxsa biz başqa cür olacaqdıq.
Oktyabr müəllimin sinfi...
1967-ci ildə birinci sinfə getmişəm. Qonşumuzda bir müəllim var idi. Maraqlı adı vardı, Oktyabr müəllim. Onun sinfinə düşmək son dərəcə çətin mümkün olurdu. Özü isə tələbkar müəllim idi. Onun verdiyi tapşırıqları yerinə yetirməmək olmazdı.
Atamın övlad SEVGİSİ...
Uşaqlıqda mənə qəribə gələn bir şey var idi. Atam öz atasını o qədər erkən itirmişdi ki, onu hətta xatırlamırdı da. Yəni ata sevgisi görməmişdi. Ancaq ata olaraq övladlarına o qədər böyük sevgisi var idi. Elə bilirdin bunu haradasa xüsusi dərs olaraq keçiblər ona. Son dərəcə zəhmətkeş adam idi. Yaxşı meyvə bağı salmışdı bizim üçün. Onun bağının qış tədarükü bir başqa idi. İlin istənilən fəslində bizim fəslə uyğun olmayan meyvələrimiz olurdu. Atamın onları necə tədarük etmək kimi bir istedadı var idi. O, ehtiyatından hər kəsə eyni qaydada pay bölərdi. Lap tutaq ki, bir alma doğrayırdı, onun dilimini bir-bir özü hamımıza yedizdirirdi. Anamızdan daha çox, atamıza sığınırdıq. Anamı sərt bilirdik. Sonra ana olanda anladıq ki, əslində, yeddi qızı olan ana başqa cür ola bilməzdi. Mütləq sərt olmalı idi. Olmasaydı, biz belə, yəni indiki qızlar olmazdıq. Bizim şeir əzbərləmək üçün hazırlaşmağımızı sevirdi. Həmişə dərsi ucadan oxumağı tövsiyə edirdi. Deyirdi dərs ucadan oxunanda həm yadda qalır, həm də nitqiniz gözəl olur.
Doqquzun yeddiyə nisbəti...
Yenə də gördüyüm nümunə üzrə danışacağam sizə. Baxın, mən dedim ki, valideynlərimin hər ikisi sadə adam olublar, təhsil almayıblar. Ancaq bütün övladlarını təhsilli görmək arzusunda idilər. Bilmirəm niyə, o zaman demək olar ki, çoxluq belə idi. Hər kəs övladını təhsilli görmək arzusu ilə yaşayırdı. Üstəlik, bizim ailənin uşaqları məktəbin hər işinə yarayırdı. Divar qəzeti buraxılırdı, biz Muradovlar ailəsi orada var idik. Hansısa tədbir keçirilirdi, biz orda olmalı idik. Həm təşkilati işlərdə kömək edirdik, həm də tədbirdə iştirakçı olurduq. Şəklimiz şərəf lövhəsində olub. Doqquz uşaqdan yeddisinin şəkli bir dəfə də olsun şərəf lövhəsindən düşmədi. Hərdən deyirdilər bu uşaqlar kimə oxşayıb? Yaxın-uzaq qohumlarda, düzdür, təhsili olmasa da, sayılıb-seçilən adamlar sırasında atam, anam, xalam, bibim var idi, amma niyəsə bizim uşaqlar başqa idi. Bir sözlə, soyadımızı deyən kimi “Əvəz kişinin Muradovundansan?” - deyə soruşardılar. Biz də fəxrlə hə, deyirdik.
Suğra ANAM...
Bu gün anandan səndə nə qalıb soruşan olsa, dinmədən deyəcəyim sözlər sevgisi, məsuliyyəti, diqqəti. Mənim Suğra anam belə xanım idi. Hər şeyə ağılla, soyuqqanlı, amma sevgi ilə yanaşa bilirdi. Ən xırda səhvimizi də düzəldir, başa salırdı. Elə bilirdik bizdən həmişə narazıdır. İndi övladlarım hərdən mənə deyirlər ki, ana, nə ediriksə, səni razı salmaq olmur. Əslində, razı oluram, sadəcə, daha yaxşı etməyin yollarını da bilmələrini istəyirəm.
Yeddinci...
Anam yeməyimizi hazırlayır, süfrəmizi salır, üst-başımızın səliqəsi ilə məşğul olurdu. Bizim iş bölgümüz belə idi: süfrədə yerini bilirdin, o yer dəyişməz idi. Süfrədə oturanda bütün gigiyenik qaydalara əməl olunurdu. Sonda süfrə yığışdırılanda anaya kömək etməliydin. Kimin həddi nə idi qızlardan, övladlardan qayda poza. Biz süfrədə boy sırası oturmalı idik. Mənim yerim yeddinci idi.
Qorxurdum...
Məktəb ailələr üçün müqəddəs ocaq olmalıdır. Qəribədir, bizim birimizin üzü danlananda günlərlə özümüzə gələ bilmirdik. İndi bu, tamamilə yoxdur.
Hələlik məktəb!
1977-ci ildə orta məktəbi bitirdim. Ondan sonra həyatın tam fərqli tərəfi başlayır insan üçün. Ali təhsil almaq üçün getməli idim. Atamın məsləhəti ilə Pedaqoji İnstitutun regional şöbəsinə sənəd verdim. İki dörd, iki üç aldım, müsabiqəni keçə bilmədim. O an üçün çox pis olmuşdum. Sonra həyatımda elə şeylər baş verdi ki, nə yaxşı ki, müsabiqəni keçə bilmədim dedim. Səhhətimdə müəyyən problem yarandı. Bakıya gəlməli oldum. Çünki məndən böyük bacım səkkizinci sinifdən, fərqlənmə ilə Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. Mən iki il səhhətimlə məşğul oldum. Sonra sənədlərimi BDU-nun filologiya fakültəsinə verdim, axşam şöbəsinə qəbul oldum. Bacımsa BDU-nun hüquq fakültəsinə sənəd verirdi. İsrarlı idi Bahar, amma zamanı da uzatmağa dəyməzdi. Bunu düşünüb filologiyaya sənəd verdi o da. Qəbul oldu. Sonra isə ikinci dəfə hüquq təhsili aldı. Sonra o biri bacılar da oxumaq üçün Bakıya gəldi. O məqamda mən ailə qurdum. Deyim ki, ailədə yeniliklərin əksəriyyətini elə mən etmişəm.
Heç unutmadığım bir gün var həyatımda, ali məktəbə qəbul olub Füzuliyə getdiyim ilk gün. Mənə görə şənlik təşkil ediblər, süfrə açıblar. Atam zarafatla dedi ki, bala, bizə QAZ-24 gətirmisən, bəs biz sənin üçün neynəyək? Dedim heç nə, icazə vermisiniz qalım oxuyum, bu, elə böyük hədiyyəmdir. Anam dedi ki, atanın hədiyyəsi sənə icazə verməsi olub, mən də bunu bağışlayıram. Sırğa idi, anama da atasından qalmışdı. İndi boyunbağı üçün aralıq kimi saxlayıram. Arxasında “anamdan xatirə” yazılıb. Mənim üçün dünyada ən bahalı zinət əşyasıdır. Toyumda belə, boynumda saxlamışam, çıxarmadım. Mənim üçün talisman idi, elə bilirdim məni hər şeydən qoruyur.
Füzulisiz Əvəz kişi...
Atam çox yaşayardı, amma yaşaya bilmədi. Anam ona nisbətən daha dözümlü idi. Atamsa dözə bilmirdi. Onun üçün neynədik, alınmadı. Nə bizdə, nə qardaşımgildə rahat ola bilmirdi. Ora oğulun, bura qızın evidir. Ona öz evi lazım idi. Deyirdi o ətri heç yerdən ala bilmirəm, evimin ətrini istəyirəm. Biz bu durumda aciz idik. Axi Füzulini haradan alaydıq ona?.. Beləcə, ayrı bir ev hazırlandı onlar üçün. O evdə yaşadılar anamla və təbii ki, övladları da hər gün yanında idi. Evi diqqətlə nəzərdən keçirirdi. Deyirdi düzəldib hazırlamızınız, çox sağ olun, amma bu tavanı mən tanımıram, bi işığı mən çəkməmişəm, bu evi mən tikməmişəm, burda yaşamağa möhtacam amma... Belə həyat olar? Hamımız susurduq. Atamın böyük VƏTƏN nisgilinin qarşısında söz tapılmırdı. Gözəl avazı var idi, hərdən oxuyurdu. Peşəkar səviyyədə bilirdi muğamlarımızı, amma heç zaman oxumadı. Füzulidən sonra, ümumiyyətlə, zümzümə etmədi... bacım oğlunun toyuna qədər.Tək orda oxudu. İndi mənim üçün o səs də çatışmır. Biz uşaq olanda oxuduğu muğamları, mahnıları eşitmək kimi bir arzum yaranır hərdən...
Atamdan ən çox yadımda qalan onun səsidir. Gözəl ifaçı idi mənim atam. “Segah”, “Rast” oxuyardı. Həzindən, sakit və çox ürəyə yatımlı. Məzar daşında da bu misralar yazılmışdı:
Burda hər gül, hər çiçək, cənnət kimi qoxuyur,
Təbiətin qoynunda, Əvəz segah oxuyur...
Böyük bacımın oğlunun toyunda da oxuyub. Toyun video yazısında hələ də qalır o ifa. Bizim üçün əvəzsiz kadrlardır. Darıxanda dinləyə bilirik. Sevinirəm, deyirəm nə yaxşı ki, oxuyub, nə yaxşı ki, çəkilib o video. Hansı yaşda olursaq olaq, atamızın ifasını dinləmək imkanımız olacaq.
Müəllim kimi ilk pedaqoji fəaliyyətə başladığım yer...
Xəzər rayonu 92 nömrəli məktəb olub. Ancaq pedaqoji fəaliyyətə başlayana qədər başqa işlərlə də məşğul idim. Son kursda oxuyanda “Elm və həyat” jurnalında korrektura işi ilə məşğul olmuşam. Yəni sizin peşəyə də yaxın adamam, jurnalistikaya. Bu işdə çalışanda ailə həyatı qurdum, övladlarım dünyaya gəldi. İkinci qızım on aylıq idi, işləmək barədə düşündüm. Çünki evdə şərait var idi, uşağa baxılması problem deyildi. O üzdən düşündüm ki,
...işləmək lazımdır!
Evdə də işləmək istədiyimi bildirdim. Etiraz edilmədi. Mən Xəzər rayon icra başçısının qəbuluna yazıldım. İndiyə kimi yadımdadır, həftənin ikinci günü idi, başçı məni qəbul edib göndərdi o vaxtkı rayon təhsil şöbəsinin müdiri İlham müəllimin yanına. Yeri gəlmişkən deyim ki, İlham müəllim çox dəyərli təhsil adamı idi. O zaman adamlar onu öz aralarında Xəzər rayonu təhsil işçilərinin mənəvi atası bilirdilər. Dedi ilin ortasıdır, sənə başqa iş təklif edə bilmirəm, Qala qəsəbəsində 92 nömrəli məktəbə göndərə bilərəm ancaq. Üçüncü rüb başlamışdı. Mən səkkiz dərs saatı aldım və Qala məktəbində müəllim fəaliyyətimə başladım. Füzulinin “Leyli və Məcnun” əsəri olub ilk dərsim. İki ay işlədim, sonra eşitdim ki, Mərdəkandakı 183 nömrəli məktəbdə yer boşalıb. Rəhbərlik də gördü ki, məktəbdə ehtiyac var, məni burda işə götürdülər. O zamandan elə bu məktəbdəyəm.
Qala məktəbində “hay-küy”...
Qalanın yolu çox uzaq idi. Ucqar məktəb sayılırdı, çox adam əziyyətə görə gəlmək istəmirdi. Düzdür, mənə orada yaxşı dərs saatı verildi. Sinif rəhbəri, baş müəllim oldum. Yəni çox uğurla fəaliyyətə başladım. İndi haqqın rəhmətindədir direktorumuz İlyas müəllim, işləməyim üçün nə lazımdırsa edirdi. Təkcə mənim üçün yox, məktəbdə çalışan hər kəs üçün. Eşidəndə ki, mən evimə daha yaxın məktəbə təyinat almışam, xoşuna gəlmədi. Dedi bu işlərin hamısını, yeddinci sinif uşaqlarını yarıda qoyub hara gedirsən. Gedişimlə bağlı məktəbdə mənim gözləmədiyim ajiotaj yaranmışdı. Neyləyəcəyimi bilmirdim. Uşaqları sinfə yığdım, izah etməyə çalışdım vəziyyəti, baxdım ki, anlamaq istəmirlər. İnanmazsınız, mənim o məktəbdə işdən ayrılmağım əməlli-başlı drama idi. Məktəbin binasından ayrılıb dayanacağa çatanda gördüm uşaqlar məndən qabaq ordadırlar, bu dəfə oğlanlı-qızlı ağlayırdılar. Düzü, bu dəfə mən də kövrəldim. Nəsə birtəhər edib uşaqlarla anlaşdıq. Amma İlyas müəllim sonra bir xeyli mənimlə danışmadı. Uşaqlara da dedi ki, elə müəllimin arxasınca ağlamayın, o bizi atıb getdi. Ancaq tədbirlərin birində çıxış edib, məktəbdən danışana qədər.
Niyə qalmadım?
O illər həm də Füzulinin işğalı ili idi. Bizim evdə ailə üzvlərimizdən başqa, on iki məcburi köçkün var idi, iki də azyaşlı övladımız. Üstəgəl, iş yerinin yoluna görə evdən azı iki saat qabaq çıxmalı idim. Yəni vəziyyət dözülməz və çıxılmaz idi. İş yerimi dəyişməyə gerçəkdən məcbur qaldım.
Müəllim-jurnalist...
Həyatımın maraqlı mərhələləri olub. Mən müəllim kimi fəaliyyət göstərsəm də, keçmişdən bir ənənə qalmışdı. Həm də qəzetçilikdən başlamışdım axı müəllim kimi fəaliyyətə. Müəllim kimi işləyə-işləyə “İki sahil” qəzetinin bölgə müxbiri kimi fəaliyyət göstərirdim. Bu da məktəbdə xeyrimə olan iş idi. Məktəbə jurnalist gələn kimi məni çağırırdı direktorumuz ki, gəl, sənin sahəndir, mənim yazı-pozu ilə işim yoxdur.
SON: Hər insan bir kitabdır. Rəhilə müəllimin məktəb, peşə, ailə, vətən, insan sevgisi haqda dediklərini eşitmək qədər, qələmə almaq da maraqlı idi. Bir az populist arzudur, amma diləyirəm ki, günlərin birində Füzuli geri alınsın, Əvəz kişinin səs yazısını ordakı evlərində səsləndirib, “biz gəlmişik, evimizdəyik, burda hər şeyi sən tikmişdin ATA, rahat uyu” demək kimi imkanları olsun.
Jalə MÜTƏLLİMOVA
|
|
10.05.2019 | 11:54 | |
|
|
|