“Azərbaycan məktəbi”nin beynəlxalq nüfuzu möhkəmlənir | |
Mayın 8-də ADA Universitetində fəaliyyətə başladığı ilk gündən pedaqoji mətbuat tariximizdə öz ənənələrini yaradan “Azərbaycan məktəbi” jurnalının 95-ci ildönümünə həsr olunmuş “Nüfuzlu elmi jurnallarda məqalələrin dərci və yerli jurnalların nüfuzunun yüksəldilməsi yolları” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda çıxış edən ADA Universitetinin prorektoru Vəfa Kazdal Təhsil Nazirliyinin elmi-nəzəri orqanı olan jurnalın fəaliyyətinin təhsilimiz üçün mühüm töhfə olduğunu deyərək, tədris və elmi mövzularda müntəzəm olaraq bu cür təqdimatların keçirilməsinin vacibliyini bildirib.
Belə bir jurnalın dərcinin qürurverici olduğunu deyən Vəfa Kazdal qeyd edib ki, bu gün təhsilimizdə çox mühüm dəyişikliklər baş verir. O, elmi-tədqiqat məhsullarının təkcə impakt faktorlu beynəlxalq jurnallarda deyil, həm də milli jurnallarımızda dərcinin əhəmiyyətini qeyd edib. ADA-nın magistrant və doktorantlarının da adıçəkilən jurnalda məqalələrinin dərc olunduğunu və onların sayının getdikcə artacağını bildirən Vəfa Kazdal ölkəmizdə gənc müəllimlərin elmə marağının artdığını vurğulayıb.
Təqdimatda da qeyd olunduğu kimi, tədbirin keçirilməsində məqsəd Azərbaycanda tələbə və magistrlər, doktorantlar və tədqiqat işi aparanlar üçün beynəlxalq nüfuzlu elmi jurnallara çıxış mexanizmlərinin öyrədilməsi və eləcə də 95 ildir ki, fəaliyyət göstərən “Azərbaycan məktəbi” jurnalının ən yeni elmi standartların tətbiqi və uğurları barədə tələbə və müəllim - tədqiqatçı kontingentini məlumatlandırmaq olub.
Tədbirdə “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəfov “Bir əsrlik tarixə malik “Azərbaycan məktəbi”nin yeni formatda və üslubda nəşri və əldə edilən uğurlar” mövzusunda çıxış edərək, mətbu orqanın inkişaf tarixindən, keçdiyi inkişaf yolundan bəhs edib, qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib. Rahil Nəcəfov jurnalın yeni üslub və dizaynda dərc olunduğunu deyərək, müasir dünyada aktual elmi məqalələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Azərbaycan məktəbi” jurnalının hədəfinin dünyanın bir sıra nüfuzlu elmi bazalarında yer alması olduğunu vurğulayan baş redaktor magistr və doktorantları hazırda 6 min tirajla çap olunan jurnalda elmi məqalələrlə çıxış etməyə dəvət edib.
Sonra çıxış edən baş redaktor müavini Nəsrəddin Musayev “Azərbaycan məktəbi” jurnalının tarixinə qısa rakurs: Dünyada ilk special İssue təcrübəsi: Azərbaycan məktəbi jurnalının əlavələri” barədə iştirakçıları məlumatlandırıb. Jurnalın əlavələrlə birlikdə 685 nömrəsi çap edilib, tirajı 700 min nüsxə olub. Nəsrəddin Musayev dünyanın nüfuzlu elmi bazalarında nəşr olunan jurnallar barədə məlumat verərək, “Azərbaycan məktəbi”nin alimlərimizin elmi potensialı ilə beynəlxalq nəşrlər arasında yer alacağına ümidvar olduğunu bildirib.
Daha sonra çıxış edən jurnalın şöbə müdiri Böyükağa Mikayıllı jurnalların beynəlxalq indekslərə üzvlüyü yolları, əhəmiyyəti və perspektivi barədə danışıb. Böyükağa Mikayıllı bir mühüm məqamı da qeyd edib ki, “Azərbaycan məktəbi” jurnalı Türkiyənin dünyada tanınan SOBİAD istinad indeksinə üzv qəbul olunub. Bu isə jurnalın beynəlxalq nüfuzunun möhkəmlənməsi deməkdir.
Oruc MUSTAFAYEV |
|
09.05.2019 | 10:22 | |
|
|
|