GDU-da SƏLİS e-vətəndaş proqramı təqdim olunub

Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin (SƏLİS) e-vətəndaş proqramının təqdimatı keçirilib. 

 

Rektorun müşaviri Asif Cavadov Şuranın fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, vətəndaş cəmiyyətinə, dövlətə, xalqa xidmət etdiklərini bildirib. O, əlavə edib ki, yeni elektron xidmətlər məhz həmin prinsiplərin daha aydın, səlis və dəqiq tətbiqini özündə ehtiva edir və bu, vətəndaşlara, QHT-lərə 7/24 formatlı yeni xidmət formasdır. Çıxışın sonunda A.Cavadov tələbələri bu xidmətdən yararlanmağa, bununla da ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxışında Şuranın yaranması zərurəti, Prezident İlham Əliyevin bu yöndə irəli sürdüyü dövlət siyasətinin əsas prinsipləri, dövlət qurumlarında şəffaflıq, aşkarlıq və əlçatanlığın hər zaman bərqərar olması üçün atılan addımlardan danışıb.

F.Qurbanov QHT-lərə, vətəndaşlara, vətəndaş cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya müracətləri və digər (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS xidmət haqda məlumat verib. Onun sözlərinə görə, Şura ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşları QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ictimaiyyətə təqdimatına başlanıb.

 

Sonra SƏLİS xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları və s. barədə hazırlanmış təlimat xarakterli videoçarx nümayiş olunub.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırlıb.

 



08.05.2019 | 21:56