Ali təhsil ocağında faşizm üzərində qələbənin 74-cü ildönümü qeyd olunub

Naxçıvan Dövlət Universitetinin (NDU) Pedaqoji fakültəsində faşizm üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Azərbaycan xalqı  faşizm üzərində tarixi qələbəyə mühüm töhfələr verib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib.

 

Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli isə vurğulayıb ki, İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında Azərbaycanın kimyaçı alimləri xüsusi təyinatlı yanacaq və şaxtaya davamlı sürtgü yağlarının, eləcə də partlayıcı maddələrin istehsalını təmin etməklə Qələbəyə öz töhfələrini veriblər. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

 

Tədbirdə texnologiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Türkanə Həsənova çıxış edərək bildirib ki, müharibədə qəhrəmancasına döyüşən Naxçıvanlılar qələbənin qazanılmasına öz töhfələrini veriblər. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb, göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, müharibə iştirakçılarından 600-ə yaxını isə orden və medallarla təltif olunub.

 

Sonra fakültənin tədbirlərində fəal iştirak edən bir qrup tələbəyə universitetin Fəxri Fərmanı və Sertifikatı təqdim edilib.

 

Sonda Universitet televiziyasının Qələbə gününə həsr etdiyi videoçarx nümayiş olunub. 

 



08.05.2019 | 21:19