İdman məktəblərinin əməkdaşları və idmançıları üçün seminar

Aprelin 9-da Təhsil Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı ilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri, məşqçi-müəllimləri, həkimləri və idmançıları üçün seminar keçirilib.  

 

Seminarda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında   hazırda  Təhsil Nazirliyi sistemində 76 idman məktəbinin fəaliyyət göstərdiyini deyib. Bildirib ki, həmin məktəblərdən 3-ü Uşaq-Gənclər İdman Məktəbi, 13-ü İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və 60-ı isə Uşaq-Gənclər İdman-Şahmat Məktəbidir. Qeyd olunub ki, bu məktəblərdə  29 idman növü inkişaf etdirilir. İdman məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda təkcə 2017-ci ildə  2346 medal qazanıb.

 

Ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan, idmançılara göstərilən diqqət və qayğıdan  danışan nazir müavini Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən həmin məktəblərin məşqçi-müəllimlər, həkimlər və idmançıları tərəfindən idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə aparılmasında, eləcə də qadağa qoyulmuş yeni dərman preparatları və digər qaydalar haqqında məlumatlandırılmasında seminarın əhəmiyyətini xüsusi vurğulayıb.

 

Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli agentlik haqqında məlumat verib, idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizədə aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrindən bəhs edib.

 

Sonra Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları tərəfindən mövzu ilə bağlı təqdimatlar edilib, suallar cavablandırılıb.

 

Rəşad ZİYADOV



09.04.2018 | 16:59