LDU-da respublika elmi-praktik konfrans öz işinə başlayıb

Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş  “Tədris prosesində elmi innovasiyaların tətbiqi yollları” mövzusunda iki günlük respublika elmi-praktik konfransı öz işinə başlayıb.

 

LDU-nun rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov iştirakçıları  salamlayaraq konfransın işinə uğurlar arzu edib. Ölkədə təhsilin inkişafı istiqamətində görülən çoxşaxəli işlərdən söz açan universitet rəsmisi qazanılan uğurları ulu öndər Heydər Əliyevin düzgün siyasətinin bəhrəsi adlandırıb. N.İbrahimov Prezident İlham Əliyevin respublikda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan da bəhs edib.

 

LDU-nun İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, professor Telman İmanov “Tədris prosesində elmi innovasiyaların tətbiqi yolları” mövzusunda geniş məruzə edib. Məruzədə dünyada və ölkədə gedən innovativ proseslər, onların təhsilə təsiri, tədris prosesində elmi innovasiyaların tətbiqi yolları, nəticələri, bu sahədə olan çatışmazlıqlar barədə ətraflı  söhbət açılıb.

 

Bakı Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylı konfransın olduqca maraqlı mövzuya həsr olunduğunu bildirib, ulu öndər Heydər Əliyevlə olan görüşlərindən söz açıb. O, həmçinin müəllifi olduğu kitabları LDU-nun kitabxanasına hədiyyə edib.

 

Konfransın plenar iclasında elmi-tədqiqat işində fərqlənən əməkdaşların bir qrupuna təşəkkürnamə, fəxri fərman və sertifikatlar təqdim olunub.

 

Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirib.

 

Tədbirdə “Riyaziyyat və təbiət elmləri”, “İqtisadiyyat, aqrar və texnika elmləri”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix, fəlsəfə və pedaqogika” bölmələri üzrə 170-dən çox tezis dinləniləcək və müzakirə ediləcək.

 

Konfransda AMEA-nın elmi institutlarının, ölkəmizdə fəaliyyət göstərən əksər universitetlərin tədqiqatçıları, müəllimləri, doktorant və dissertantları iştirak edirlər.

 



07.05.2019 | 16:10