AzTU və Sialkot Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb | |
Pakistan İslam Respublikasının Sialkot Universitetinin təsisçisi Muhammad Rehan Younas və direktoru Faisal Manzoor Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetin tarixi, keçdiyi inkişaf yolu, fakültələri, ixtisasları və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycan və Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrindən danışılıb və hər iki ölkənin təhsil meyarları, gələcək əməkdaşlıq istiqamətində görüləcək işlər müzakirə edilib.
Qonaqlar Sialkot Universiteti haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, kompüter, informatika və metallurgiya mühəndisliyi sahəsində hər iki universitetdə eyniprofilli ixtisaslar tədris olunur.
Beynəlxalq əlaqələr departamentində AzTU-da təhsil alan pakistanlı tələbələrlə də görüşən qonaqlar, onların təhsil və sosial həyatları ilə maraqlanıb, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonra hər iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə elm, təhsil sahəsində əməkdaşlıq, müəllim-tələbə mübadiləsi, birgə layihələrin, konfransların həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Qonaqlar AzTU-nun Heydər Əliyev Mərkəzi ilə də yaxından tanış olub və xatirə kitabına ürək sözlərini yazıblar.
|
|
07.05.2019 | 14:08 | |
|
|
|