Səliqə instinkti | |
Hərdən görürük ki, uşaqlar evin özlərinə aid hissəsində dolabları, stulun üstünü, yatağı səliqəyə salmağa cəhd edir. Maraqlı olanı budur ki, uşaqlar həmin vaxt öz təşəbbüslərini göstərməyə çalışırlar. Yəni, bəzən standart görülən işə hansısa yenilik gətirib, onu valideynlərinə göstərirlər. Bu, onlar üçün yenilikdir və maraqlıdır. Bundan başqa, səliqə instinktinin formalaşması zamanı uşaqlar daha çox analarının hərəkətlərini təkrarlamağa çalışırlar. Məsələn, döşəmə yumaq üçün silgini ana necə tutsa, uşaq da onu təkrarlamağa çalışır. Hətta qab yumaq kimi qəliz ev işini də, kiçik yaşlarında ağlamaq yolu ilə olsa belə, icazə alıb görməyə cəhd edirlər.
Valideynlər bu dönəmi qaçırmamağa çalışmalıdırlar. Əgər uşaq kiçik yaşlarından başlayaraq hansısa işi müstəqil görmək istəyirsə, bunun üçün ona şərait yaratmaq lazımdır.
İş görmək üçün ilk dövr bir yaşına təsadüf edir. Uşaqlar bu dönəmdə dağıda-dağıda olsa belə, hər şeyi müstəqil etməyə çalışırlar. Yemək yeməyə, əşyasını istədiyi yerdə saxlamağa və sair. Bu proses dörd yaşına qədər davam edir.
Dörd yaşdan uşaqlarda gözəllik və estetika duyğusu
formalaşır. Bu işi həyata keçirməyə uşaqlar adətən şəxsi otaqlarından başlayırlar. Təbii ki, əgər evdə onlara belə bir şərait yaradılıbsa. Yox, şəxsi otaq yoxdursa, o zaman bu işə özlərinə aid olan guşədə başlayırlar. Tutaq ki, indiki halda kiçik bir otaq nəzərdə tutaq. Uşaq çalışacaq ki, çarpayısını yığmaq daxil olmaq şərti ilə bütün gördüyü işlərə, necə deyərlər, öz imzasını qoysun. Yəni anasından fərqlənmək üçün bir ştrixi artıq edir. Bu, onun şəxsi zövq göstəricisidir. Bəzən valideynlər uşaqların bu təşəbbüslərinə qarşı çıxırlar.
Olmaz, bu işi görmə...
Formasında narazılıq ifadə edən həmin valideynlər bir müddətdən, yəni uşaq daha böyük yaşa çatandan sonra artıq bu cür danışırlar: Sən böyüksən, otağını özün səliqəyə salmalısan, özün yığışdırmalısan, sənə pinti deyərlər yoxsa və sair... Bu hallarda uşaq bir dilemma yaşayır. Yəni əvvəl icazə verilmədiyi iş indi ondan tələb olunur. Uşaq hər şeyi valideynlərinin, daha çox da ananın edəcəyini gözləyir.
Əslində isə...
...Uşağın özünə aid guşədə təmizlik işi aparmasını onda vərdiş halına çevirmək lazımdır. Buna nail ola bilsək, səliqə uşağın həm də həyat tərzinə çevriləcək. Gələcəkdə valideynə də, uşağa da rahat olacaq. Bir sözlə, təmizlik işləri uşağın gündəlik qrafikinə daxil edilməlidir.
Əgər öz otağı varsa,
sakitcə dayanıb, izn vermək lazımdır ki, uşaq öz bildiyi kimi səliqə yaratsın orada. Əgər uşağın oyuncaqları varsa, onun üçün rəfli dolablar düzəltmək lazımdır. Və icazə vermək lazımdır ki, uşaq o dolablarda oyuncaqlarını özü istədiyi kimi yerləşdirsin. Bununla onun həm də nəyi, hara, necə qoyduğu barədə yaddaş da formalaşır. Əgər kiçik oyunlar üçün oyuncağı varsa, bunun üçün bir səbət qoyulmalıdır otağa. Yenə də uşaq öz zövqünə görə hərəkət etməlidir. Bu, həm də uşaq üçün bir zehin əyləncəsidir.
Bu işlərdə uşağı qəti tənqid etmək olmaz...
Bəzən işi onun istədiyi keyfiyyətdə görmədiyi üçün valideynlər uşaqlara “sən bacarmırsan, pintisən, bu iş deyil” söyləyirlər. Ya da uşaq işi görməyə çalışanda ona “sən bunu bacarmayacaqsan, bunu heç kim bəyənməyəcək, mən də bəyənməyəcəyəm” deyir. Bu kimi sözlər və davranışlar, övladınızda özünəinamın itməsi ilə nəticələnər ki, bu da xarakter formalaşmasında onun ala biləcəyi ən böyük travmalardan biri sayılır.
Əgər işi bəyənməmisinizsə,
bunu bərkdən və kobudluqla demək olmaz. Uşağın işə alışdırılması qaydalarına bir maddə daha əlavə etmək lazımdır. Bu, işi daha səliqəli görmək instinktini formalaşdırmaqdır. Beləliklə, onun gördüyü işləri özünün də iştirakı ilə daha səliqəli etməyin yolunu öyrətmək lazımdır.
Unutmamalıyıq,
bacarıq və qabiliyyət adamda bir gecədə formalaşmır. Heç sizin özünüzdə də belə olmayıb. Biz uşaqlarımızı tərifləmək, onlarla bölüşmək, məsləhət vermək kimi işlərdən bezməməliyik. Onu da unutmayın, uşaqlar dünyaya tənbəl gəlmir. Sadəcə, biz onları tərbiyə edib, ya tənbəl edirik, ya da bacarıqlı biri.
Mehriban VERDİYEVA, “Məktəbin psixoloqu” layihəsinin psixoloqu |
|
03.05.2019 | 14:39 | |
|
|
|