Həmişə müraciət olunacaq dəyərli mənbələr

Oxuculara təqdim olunan bu kitab bu gün də gənclik həvəsi ilə yazıb-yaradan ustadımız, pedaqogika üzrə elmlər doktoru, professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, akademik Hüseyn Əhmədovun seçilmiş pedaqoji əsərlərinin 26-cı cildidir. Hüseyn Əhmədovun indiyə qədər çap olunan 25 cildlik əsərlərinin hər biri kimi, təqdim olunan bu kitabında toplanan əsərlər də özünün orijinallığı, yeni fikirliliyi, ən başlıcası isə hər zaman aktual olması ilə fərqlənən əsərlərdir. O əsərlər ki, bunlar müxtəlif illərdə H.Əhmədovun qələmindən çıxmış və müxtəlif nəşrlərdə çap olunmuşdur. Lakin “Seçilmiş pedaqoji əsərləri”n əvvəlki nəşrlərinə düşməmişdir. Buradakı məqalələrin dəyərini nəzərə alan tərtibçilər onların böyüklüyündən, kiçikliyindən asılı olmayaraq kitaba daxil etməklə həm də xeyirxah bir iş görmüşlər.

 

Bir faktı qeyd edim ki, bu kitabda toplanan əsərlər problem baxımından rəngarəng olduğu kimi, mövzu və işlənmə üslubu ilə də bir-birindən fərqlənir. Burada həm tarixi, həm nəzəri, həm də publisistik janrlı yazılar əsərin oxunaqlığını artırmaqla bərabər, H.Əhmədovun mövzu dairəsi, problemlərə baxış bucağının genişliyi haqqında da oxucuların  təsəvvürlərini bir daha dərinləşdirir.

 

H.Əhmədov istər pedaqoji olsun, istərsə də sosial, faktlara, hadisə və proseslərə ciddi yanaşan tədqiqatçıdır. Onun elə bir tədqiqatı, xüsusən pedaqogika tarixi sahəsində araşdırmaları yoxdur ki, oradakı faktlar, onlara münasibət, söylənilən mülahizələr müəyyən mübahisəyə səbəb olsun, hansısa tədqiqatçıda şübhə doğursun. Elə buna görədir ki, müəllimimizin qələmindən çıxan əsərlərin demək olar ki, hamısı pedaqoqların, tədqiqatçı alimlərin stolüstü kitabı olmaqla yanaşı, həm də artıq bir ensiklopedik mənbəyə də çevrilmişdir. Hamının müraciət etdiyi, istinadlar gətirdiyi, əsaslandığı etibarlı mənbə. “XIX əsr Azərbaycan məktəbi”,  “Nəriman Nərimanovun pedaqoji fikirləri”, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”, “Maarif fədailəri. Qoşa qanad”, “Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər”, “Azərbaycan pedaqoji antologiyası”  və onlarla digər belə əsərlər. Mənə belə gəlir ki, alim üçün bundan dəyərli heç nə ola bilməz.

 

Professor H.Əhmədovun “Seçilmiş pedaqoji əsərləri”nin 26-cı cildi maraqlı, rəngarəng və məzmunlu əsərlərlə zəngindir. Tarixi-pedaqoji aspektdə yazılan görkəmli dövlət və ictimai xadim, maarifçi-pedaqoq N.Nərimanov haqqında “Nəriman Nərimanovun təlim-tərbiyə haqqında fikirləri” və “Azərbaycan xalqının unudulmaz oğlu”, dahi Azərbaycan mütəfəkkiri N.Tusi haqqında “Şərqin əxlaq nəzəriyyəçisi”, ilk əlifba kitabımız olan A.O.Çernyayevskinin “Vətən dili” kitabı haqqında “Vətən dili - 125”, “150 yaşlı Mərəzə məktəbi”,  “Şərəfli yol”, “Milli təhsilimizin qürur səhifəsi”, “Milli -mədəni irsimizdən” rubrilkası ilə verilən “Yubilyar məktəblərimiz”, “Məktəb təhsilində canlanma” və “Rəşid bəy Əfəndiyevin irsində qadın təhsili məsələləri “ adlı üç silsilə məqalə, “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti” məqələləri, nəzəri - pedaqoji məsələlərə həsr olunan “Müəllim və elmi-pedaqoji kadr hazırlığı yeni təfəkkür baxımından”, “Elmi-pedaqoji kadr hazırlığı: problemlər, uğurlar, qüsurlar”, “Azərbaycan Respublikasının Konstitusiyası demokratik prinsipləri özündə əks etdirən tarixi sənəddir”, ulu öndər Heydər Əliyev haqqında “Milli-mənəvi dəyərlərimizin böyük hamisi” və “Azərbaycanın özü qədər əbədi - Heydər Əliyev və milli təhsil quruculuğu”, “Müəllim adı uca tutulur” məqalələri və professor F.Rüstəmovun “Azərbaycan pedaqogikaşünaslığı” kitabı haqqında “Azərbaycan pedaqogikaşünaslığına layiqli töhfə” adlı və  “İrəvan da bir nağıl idi” adlı  resenziyalar,  Azərbaycanı Səmərqənd şəhərində layiqincə təmsil edən professor Səxavət Ociyev haqqında “Görkəmli alim, pedaqoq və ictimai xadim” adlı məqalə, Azərbaycan Tibb Universitetinin professoru A.Əliyev haqqında “Aqil Əliyev böyük pedaqoqdur”, professor Əkrəm Zeynalov haqqında “Səmimi dost, ləyaqətli müəllim” kimi xatirə yazıları Hüseyn Əhmədovun elmi-publisistik dəst-xətti  kimi diqqəti cəlb edir.

 

Kitabda sonda verilən iki yazı haqqında ayrıca  danışmaq istəyirəm. Bunlardan biri “100 sual-100 cavab”, ikincisi isə “Sizləri paklığa çağıran hikmətli kəlamlar” adlı məqalələrdir. “Pedaqoji əyləncə” rubrikası ilə verilən “100 sual - 100 cavab” əslində əyləncə yox, Azərbaycan məktəb və pedaqoji fikir tarixinin köklü məsələlərini özündə əks etdirən özünüyoxlama və özünüinkişaf üzrə proqramdır. H.Əhmədovun düşündürücü və yoxlama xarakterli qoyduğu bu suallar  təkcə tələbələr və magistrantlar üçün deyil, Azərbaycanı sevən, azərbaycançılığı özünün həyat kredosu hesab edən hər bir kəs üçün, həmvətənlərimiz üçün maraqlı və öyrənilməsi, bilinməsi zəruri olan biliklər toplusudur. “Kasıb uşaqların təhsilinə kömək məqsədilə Cənubi Qafqazda ilk dəfə Xeyriyyə cəmiyyəti harada və kim tərəfindən yaradılıb?”, “Qori Müəllimlər Seminariyasını bitirən ziyalılarımızın hansı tarixi xidmətləri vardır?”, “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin tarixi xidmətləri nələrdən ibarətdir?”, “Azərbaycanın ilk pedaqoji mətbuatı” və b. kimi suallar bu qəbildən olan suallardır.

 

Hüseyn müəllim çox müdrik bir şəxsiyyətdir. Onun özü bir tərbiyə məktəbidir.  Onunla həmsöhbət olmaq adama nikbin notlar bəxş edir, yorulmadan, usanmadan saatlarla dinləmək və ayrılanda yenə də görüşmək, söhbətlərinə qulaq asmaq istəyi səni rahat buraxmır. Kitabda “Sizləri paklığa çağıran hikmətli kəlamlar” başlığı altında verilən yazı bu söhbətlərin bir parçası kimi həm düşündürür, həm də öyrədir. Əbu Əli İbn Sinadan, N.Gəncəvidən, Əvhədi Marağalıdan, F.Köçərlidən, R.Əfəndiyevdən, N.Nərimanovdan  və digər klassiklərdən verilən nümunələr həqiqətən də insanlıq, paklıq, düzgünlük, doğruçuluq və digər mənəvi keyfiyyətlər aşılamaq baxımından maraqlı və düzgün seçmələr kimi maraqlıdır, oxunaqlıdır.

 

Kitab Azərbaycana onlarla dəyərli ziyalılar bəxş edən Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş “Qazax Müəllimlər Seminariyası 100” adlı məqalə ilə yekunlaşır. Bu məqalədə seminariyanın keçdiyi yola nəzər salınmış, onun respublikamızda müəllim kadrlarının hazırlanması sahəsində göstərdiyi  tarixi xidmətlər işıqlandırılmışdır.

 

Professor H.Əhmədovun “Seçilmiş pedaqoji əsərləri”nin əvvəlki cildlər kimi, bu cildinin də oxucular və tədqiqatçılar üçün maraqlı olacağına inanırıq. Çünki burada verilən məqalələr, proqram, publisistik yazılar, resenziyalar və digər səpgili yazılar elə yazılardır ki, onlar yazılanda da aktual idi, indi də aktualdır və əminik ki, gələcəkdə də aktual olacaqdır.

 

Hüseyn müəllim bu gün də gənclik həvəsi ilə yazıb-yaradır. Əminik ki, oxucular onun gələcəkdə də bir çox yeni-yeni qələm məhsulları ilə tanış ola biləcəklər. Bizə isə müəllifə çox sağ ol demək və uğurlar arzu etmək qalır.

 

 

Müseyib İLYASOV,

pedaqogika üzrə elmlər doktoru, professor



05.05.2019 | 12:24