Ümumi təhsil qanunu: uzun illərin həsrəti | ||||||||||||||||
Yuxarıdakı başlıq 31 yanvar 2009-cu il tarixində “525-ci qəzet”də dərc etdirdiyim məqalədən götürülüb. Yeganə əlavəm “Ümumi” sözüdür. Məqalənin bütöv adı belə idi: “Təhsil qanunu: uzun illərin həsrəti. I məqalə. Qanun yaradıcılığında xırda məsələ olurmu?” Həmin yazım ikinci oxunuşdan keçmiş “Təhsil haqqında” Qanun layihəsindən bəhs edirdi. Xatırladım ki, bu qanun Milli Məclis tərəfindən 19 iyun 2009-cu il tarixində qəbul olunmuşdu.
Təbiidir ki, hörmətli oxucularda belə bir sual yarana bilər: bu təkrarçılıq nədən qaynaqlanır? Məqsədim dahi Platon tərəfindən dahi Heraklitin bizlərə çatdırdığı “Panta rhei” - “Hər şey axır, hər şey dəyişir” müdrik kəlamının bir çoxlarımız üçün əhəmiyyətsiz söz yığını olduğunu sübut etməkdir. Sən demə, Heraklit heç də həmişə haqlı deyildi. Başlıq dəyişmədiyi kimi, yeni qanun layihəsi də...
2009-cu ildə (?!)
“525-ci qəzet”də dərc olunmuş məqaləmdən bir parça:
“Maddə 1. Əsas anlayışlar. Ədalət naminə qeyd edim ki, qanun yaradıcılığında bu maddənin formalaşması çox ağır prosesdir... 1992-ci ildən qüvvədə olan qanunun, habelə 1999-cu ildə birinci oxunuşdan keçmiş qanun layihəsinin hazırlanmasının fəal iştirakçılarından biri kimi əminliklə bildirirəm: qanunun həm konseptual, həm də məzmunca təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu söyləməyə kifayət qədər mühüm əsaslarım var. Təkliflərimin bir çoxu prinsipial xarakter daşıyır və fikrimcə, onların qəbul olunması təhsilimizin xeyrinə olardı.
... Çox vacib saydığım bir anlayışın üzərində xüsusi dayanmaq istərdim. Strateji, konseptual əhəmiyyətə malik olan
“İnnovasiya” anlayışı.
Gəlin aşağıdakı ifadələrə diqqət yetirək:
1. İnnovasiya - müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli və özünütəkmilləşdirmə mahiyyətli yeniliklər;
2. İnnovasiya - iqtisadi, texniki, texnoloji, ictimai, təhsil və digər sahələr üzrə mahiyyətcə tamamilə yeni ideyalara, ixtiralara, kəşflərə əsaslanan yenilik, ciddi dəyişiklik. Təhsildə innovasiya - təhsil sistemində istifadə olunmaqla həmin sistemdə məqsədli dəyişikliklərə gətirib çıxaran yenilik.
Birinci ifadə qanun layihəsindən götürülmüş, ikincisi isə mən tərəfdən işçi qrupuna təqdim edilmişdi. Layihədə verilən təriflə razılaşmaq qəti mümkün deyil, çünki “müxtəlif təşəbbüslər, elmi tədqiqatlar” ifadəsi innovasiyanın konseptual məkanını əsassız olaraq xeyli genişləndirir. Elə indinin özündə də, hər bir təşəbbüsə, tətbiqi xarakter daşıyan elmi tədqiqata innovasiya statusu verməklə inkişafımızı zəiflətməkdən başqa nəyi əldə edirik? “Özünütəkmilləşdirmə mahiyyətli” ifadəsi isə, ümumiyyətlə, anlaşılan deyil. Belə çıxır ki, innovasiyada özünütəkmilləşdirmə mahiyyəti olmasa, o, innovasiya sayılmayacaq? Hazırkı real hadisələrdən qaynaqlanan narahatedici bir ehtimal da hər hansı bir adi təkmilləşdirmənin innovasiya kimi dəyərləndirilə bilməsidir”.
Qeyd edim ki, o zaman təkliflərim müəyyən dərəcədə nəzərə alınmış, “Özünütəkmilləşdirmə mahiyyətli” ifadəsi qəbul olunmuş “Təhsil haqqında” Qanundan çıxarılmışdır. Buna baxmayaraq, çox mühüm terminə yenə də səhv tərif verilmişdir: “1.0.24. innovasiya - müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər”.
Yalnız 10 ildən (?!) sonra
ərsəyə gəlməyə hazırlaşan “Ümumi təhsil haqqında” Qanun layihəsində də innovasiyaya səhv tərif verilib. Əvvəla, çərçivə (əgər ona çərçivə demək mümkündürsə) qanunundan sonra təhsil səviyyələri üzrə - bəli, məhz səviyyələri, pillələri üzrə yox (Təhsil qanununda həmin terminlərin tərifi və istifadəsində ciddi yanlışlıq vardır; bu barədə başqa məqalədə) - qanunun hələ 2010-2011-ci illərdə hazırlanıb qəbul olunmamasının səbəbini kimsə araşdırıbmı?
Dəfələrlə vurğulamışam: təhsil qanunu fövqəlbəşər gücə malik deyil, onunla təhsilimizdəki bütün problemlər də dərhal həll olunası deyil. Bununla belə, əgər “çərçivə qanunu”nu qəbul etmişiksə, deməli sahə qanunları da ən qısa zamanda ərsəyə gəlməli idi. Bir şərtlə ki, onlar mükəmməl səviyyədə hazırlanmış olsun, ölkənin inkişaf strategiyasını, dünya təcrübəsinə məxsus olan prosesləri nəzərə alsın. Belə çıxır ki, əgər 10 il (!) çərçivə qanunu olmadan keçinmişiksə, bəlkə, təhsil səviyyələrinin fəaliyyətini nizamlayan qanunlara heç lüzum da yoxdur?.. Sonra da mövcud təhsilimizdəki qüsurların, çatışmazlıqların günahını başqalarının üstünə atırıq.
2009-cu ilin 6 ayı ərzində o vaxtkı “Zerkalo”da və “525-ci qəzet”də 8 adda məqalə ilə çıxış etmiş, Təhsil qanununun layihəsinə dair 230-dan çox rəy və təklifimin olduğunu bildirmiş, onların bir qismi barədə açıqlamalar vermişəm.
Həmin ilin yayında qəbul edilmiş qanunda rəy və təkliflərimin yalnız cüzi bir hissəsi nəzərə alındı. Nə isə... Mətləbə qayıdaq.
“İnnovasiya”
anlayışı mənim üçün çox önəmlidir. İstərdim ki, o, bütün təhsil işçiləri, habelə bütün həmvətənlərimiz üçün də çox önəmli olsun. Ötən əsrin sonlarından təhsilin məhz innovasiya yolu ilə inkişaf etdirilməsinin vacibliyi barədə daim deyir və yazıram. 2000-ci ilin avqustunda ciddi araşdırmalar əsasında hazırladığım “Təhsilin keyfiyyətinə nəzarətin, monitorinq və qiymətləndirmənin təşkili və tətbiqinin bəzi konseptual məsələləri” sənədini Təhsil Nazirliyinə təqdim etdim. Həmin sənədin 2C (“Təhsil müəssisəsinin inkişafı və innovasiya prosesləri”) bölməsində zəruri açıqlamalar verdim, təhsil innovasiyalarının strateji əhəmiyyətini xüsusi vurğuladım.
Yeri gəlmişkən, həmin sənəddə qeyd etdiyim kimi, “innovasiya - yeni qayda (latınca “in” - giriş “novus” - yeni”) deməkdir. İnnovasiya prosesi isə - yeni qaydaların yaradılması (işlənib hazırlanması), mənimsənilməsi, tətbiqi və yayılması sahəsnidə kompleks fəaliyyətdir”.
İndi isə gəlin “Ümumi təhsil haqqında” Qanun layihəsində əks olunmuş aşağıdakı tərifə şərh verək: “1.1.14. İnnovasiya (ümumi təhsildə) - təhsilin məzmunu və idarəolunması, təlim strategiyaları və metodikalarının keyfiyyətcə yaxşılaşdırılması sahəsində tətbiq edilən yeniliklər”.
Qətiyyətlə deyirəm: bu, təhsilimizin inkişafını əsaslı şəkildə ləngidəcək səhv tərifdir!
Konseptual baxımdan
layihədəki innovasiya tərifində ən böyük qəbahət onun “keyfiyyətcə yaxşılaşdırılması sahəsində tətbiq edilən yeniliklər”lə eyniləşdirmədir. Belə çıxır ki, istənilən cüzi təkmilləşdirmə, nəyi isə nə ilə əvəz etmə nəticəsində cüzi müsbət nəticənin əldə edilməsi innovasiya zirvəsinə qaldırılmalıdır? Əslində bu cümlədə sual işarəsi nida işarəsilə də əvəz oluna bilərdi, çünki qüvvədə olan “Təhsil haqqında” qanuna əsaslanaraq təhsilimizdə hər bir cüzi dəyişikliyə artıq innovasiya deyilir. Xaricdən Azərbaycana gəlmiş mütəxəssisə bizim mətbuatda, radio və televiziyada ağlasığmaz sayda səslənilən “təhsil innovasiya”ları barədə bütün məlumatlar tərcümə edilsə, o düşünər ki, dünyanın ən qabaqcıl təhsil modelləri məhz ölkəmizə məxsusdur. Əgər sistemdə bir keyfiyyət səviyyəsilə müqayisədə tamamilə yeni keyfiyyət səviyyəsi fəth edilirsə, məhz bu, innovasiya adlana bilər!
Qərb mənbələrində
“Novasiya” və “İnnovasiya”
anlayışlarının bir-birindən ayırd edilməsinin vacibliyi xüsusi vurğulanır. Təhsil sistemi baxımından onların fərqli xüsusiyyətlərini daha geniş bir cədvəldən çıxarış etdiyim aşağıdakı açıqlamalarla izah etmək istərdim:
Bunların müqabilində novasiya əvvəlki sistemin təkmilləşdirilməsinə səbəb olur, onun funksional əlaqələrində səmərəliliyinin inkişaf etdirilməsinə təkan verir, innovasiya isə tamamilə yeni təcrübəni ərsəyə çıxarır, tədqiqat və ixtiralar üçün yeni paradiqma yaradır.
“Ümumi təhsil haqqında” Qanun layihəsində ümumi təhsildəki innovasiyalar məhz “təhsilin məzmunu və idarəolunması, təlim strategiyaları və metodikaları” ilə əlaqələndirilmişdir. Anlaya bilmirəm ki, bu bəsit yanaşma hansı mənbəyə əsaslanır? Ən yaxşı halda bu, pedaqoji innovasiyalara aid oluna bilər. Əgər dərsliklər, müəllim inkişafı, tədris və təlim resursları, məktəb binaları, sinif otaqları və digər ümumtəhsil komponentlərində hansısa “məqsədli dəyişikliklərə gətirib çıxaran yenilik” baş verərsə, bu, artıq innovasiya sayılmayacaq?
Aydındır ki, opponentlərim dərsliklərin təhsil məzmununa aid olduğunu deyəcəklər. Çox böyük səhvdir! Dərslik məzmun yaratmır, onun vasitəsilə təhsil standartlarının həyata keçirilməsinə, məzmunun daha asan mənimsənilməsinə münbit imkan yaranır. Yəqin ki, ikinci etiraz müəllim inkişafı, resurs və infrastruktur (nə yaxşı ki, hamısını qeyd etməmişəm!) təminatının idarəetmə sisteminə daxil olduğu ilə bağlı olacaq. Bu məntiqlə məzmunun özünü də idarəetməyə aid etmək olar. O ki qaldı metodikaya, yuxarıdakı cədvəldə buna aydınlıq gətirilib.
Və sonuncu: layihədəki tərifdə verilmiş “İnnovasiya (ümumi təhsildə)” ifadəsi necə başa düşülməlidir: hətta orada əks olunanlar məktəbəqədər, yaxud ali təhsildə yarana bilən innovasiyalardan nə ilə fərqlənəcəkdir?.. Aydındır ki, bu sualın cavabı yoxdur, çünki təhsildə innovasiya anlayışı ümumi xarakter daşıyır və bütün sistemə aid olmalıdır.
Müxtəlif mənbələr əsasında
ümumiləşdirmə
aparmaqla 2009-cu ildə formalaşdırdığım tərifi bir daha təkrarlayıram: “İnnovasiya - iqtisadi, texniki, texnoloji, ictimai, təhsil və digər sahələr üzrə mahiyyətcə tamamilə yeni ideyalara, ixtiralara, kəşflərə əsaslanan yenilik, ciddi dəyişiklik. Təhsildə innovasiya - təhsil sistemində istifadə olunmaqla həmin sistemdə məqsədli dəyişikliklərə gətirib çıxaran yenilik”.
Sözsüz ki, bu təriflər də ideal deyil və onların üzərində təkmilləşdirmə aparmaq mümkündür. Sent-Ekzüperi “Balaca şahzadə”də Tülkünün dili ilə demişkən: “Dünyada hər şey kamil ola bilməz”.
Qanunda hansısa tərif verilərkən, onun mahiyyəti düzgün açıqlanmalıdır! Qanuna daxil edilən hər bir maddə konseptual, strateji baxımdan dəqiq əsaslandırılmalı və ifadə olunmalıdır!
Ümumi məqsədimiz bu olmalıdır ki, “Ümumi təhsil haqqında” Qanun Azərbaycanın strateji inkişaf istiqamətlərinə, dünya miqyasında cərəyan edən trendlərə, mötəbər qurumların proqnozlarına əsaslansın, müasir yanaşmaları özündə ehtiva etməklə ölkəmizin gənc nəslini gələcəyin xoşbəxt vətəndaşları kimi yetişdirmək üçün mükəmməl qanunvericilik bazasını təmin etsin.
Yekun əvəzi. Hazırkı məqaləmdə qanunun “Əsas anlayışlar” maddəsinin yalnız bir tərifi barədə rəyimi bildirdim. Ümumilikdə 47 termini açıqlayan həmin maddənin 12-nə (inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi; qabaqcıl (yaradıcı) pedaqoji təcrübə; sərbəst (eksternat) təhsil; ümumi orta təhsil; ümumi təhsilin dövlət standartı və s.) ciddi irad və təkliflərim vardır. Bütün qanuna dair isə bunların sayı 100-ü ötüb.
Yenə də - nə isə...
Təhlillər üçün xeyli əsas vardır. Bütün irad və təkliflərim barədə məqalə yazsam, bu, çox uzun çəkə bilər. Ona görə növbəti dəfə yalnız bir neçə maddə barədə açıqlama verəcəm.
P.S. Sual yarana bilər ki, qanun layihəsi ilə bağlı niyə əlaqədar qurumlara müraciət etməmisən?
2 dəfə müraciət etmişəm...
Asif CAHANGİROV, Əməkdar müəllim
|
||||||||||||||||
05.05.2019 | 11:43 | ||||||||||||||||
|
||||||||||||||||
|