“İstənilən sahədə inkişaf təhsildən keçir” | |
Sadiq Səfərov 2003-cü ildə Gəncə şəhərində dünyaya gəlib. Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin IX sinif şagirdidir. Robotexnika sahəsində kifayət qədər uğurlar əldə edib, yeniliklərə imza atıb. Belə ki, “Google Sketch Up qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model” müsabiqəsində bir neçə dəfə iştirak edib və uğur qazanıb. Eyni zamanda “Məktəblilərarası I İngilis dili fənn olimpiadası”, “II Robot Olimpiadası”, “İnto Orbit” mövzulu FIRST LEGO League Azərbaycan yerli turniri, “Preparation for World Robot Olympiad” yarışlarında müvafiq yerlər tutub.
- Sadiq, əvvəlcə səni tanıyaq, robotexnikaya maraq səndə necə yaranıb?
- Bu sahəyə məndə maraq keçən tədris ilindən yarandı. Təhsil Nazirliyi tərəfindən məktəblilərarası robot olimpiadası elan olunanda, həmin sahə ilə maraqlandım və olimpiadada iştirak etmək qərarına gəldim. Beləliklə, internetdə etdiyim araşdırmalar bu sahəyə olan marağımı xüsusi diqqətə çevirdi. Artıq robotexnika ilə yaxından məşğul olmağa qərar verdim. Bu mövzuda məktəb rəhbərliyi və fənn müəllimlərim də mənə yaxından kömək etdilər. Nəticə etibarilə mən öz robotexnikamı hazırladım. Düzdür, bunun üçün çox çalışdım, araşdırılmalı və öyrənilməli kifayət qədər mövzu var idi. Amma mən ruhdan düşmədim.
- Dostların və ya sinif yoldaşların içərisində bu sahəyə maraq göstərən şagirdlər varmı?
- Bəli var, sinif yoldaşlarımdan 2 nəfər mənimlə birlikdə robotexnika barədə yeniliklər öyrənir və özlərini inkişaf etdirir. Biz birlikdə komanda şəklində FIRST LEGO Leagea Azərbaycan yerli turnirində iştirak edərək uğur qazandıq. Ümumiyyətlə, istənilən sahədə tək çalışmaq o qədər də effektiv olmur. Mütləq ki, dəstəyə və komanda işinə ehtiyac var. Robotexnika sahəsinə maraq göstərən kifayət qədər həmyaşıdlarımız var. Ümid edirəm ki, biz inkişaf edərək bu sahəni ölkəmizdə təkmilləşdirə bilərik.
- Şagird uğur qazanmaq üçün nə etməlidir?
- Hər zaman dərslərinə yaxşı çalışmalıdır. Birmənalı şəkildə bilmək lazımdır ki, istənilən sahədə inkişaf yalnız təhsildən keçir. Biz təhsilli olaraq özümüzü təkmilləşdirə, gələcəyimizi xəyallarımızdakı kimi qura bilərik. Məlumdur ki, hər kəs kiçik yaşlarından müəyyən peşə sahəsinə maraq göstərir və buna uyğun olaraq özünü inkişaf etdirir. İlk öncə şəxsiyyətlərinə inanmalı, qarşılarına məqsəd qoyub ona doğru irəliləməlidirlər. Bu yolda onların müəyyən problemləri, etmək istədiklərini həyata keçirən vaxt qarşılaşdıqları çətinlikləri ola bilər. Ancaq bu, onları yollarından çevirməməli, əzmli və mübariz olmalıdırlar. Bunun üçün nə qədər çox çalışsaq yenə də azdır, çünki hardasa bir yerdə bizdən daha çox çalışan biri mütləq ki, vardır.
- Hamının özünə nümunə seçdiyi bir şəxs olur. Bəs sən bu sahədə uğur əldə etmək üçün kimi özünə nümunə götürdün?
- Mənim üçün nümunə azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadədir. Mən hər zaman onun həyat və yaradıcılığı ilə maraqlanmışam. Təhsilimi Amerika Birləşmiş Ştatlarında davam etdirib, özümü təkmilləşdirib ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində yeniliklər etmək istəyirəm. Ümid edirəm ki, növbəti illər həyatıma uğur, yüksək təhsil və arzularıma yeni yollar açar.
- Sənin üçün nümunəvi şagird olmaq nə deməkdir?
- Hər ata və ana övladının yaxşı bir şagird olmasını istəyər. Yaxşı bir şagird olmaq dediyimiz zaman bu fikir şagirdin yalnız dərslərində uğur qazanması yox , eyni zamanda müəllimlərinə və böyüklərinə hörmətlə yanaşması, dostları ilə yaxşı davranan və dərsdənkənar məşğuliyyətlərdə də özünü göstərə bilən sosial bir şagird olması deməkdir. Şagird sadəcə məktəbdə yox, hər yerdə hərəkətlərinə diqqət etməli, kömək etməyi sevməli, hamı ilə mehriban davranmalı, öz nümunəsi ilə seçilməlidir.
Mənim ən böyük arzularımdan olan Amerika Birləşmiş Ştatlarında təhsilimin ilk addımı olaraq İndiana Universitetində yay tətili müddətində təcrübə keçmək hüququ qazandım. Bu uğurum sırf gərgin əməyimin və əzmkarlığımın nəticəsi idi. Yaşıdlarıma yalnız yaxşı təhsil arzu edirəm.
Raminə MƏMMƏDOVA, Gəncə Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
05.05.2019 | 09:11 | |
|
|
|