Polşalı kardioloqlar 3D-eynəkdən istifadə edirlər

Kardioloqlar əməliyyatların dəqiqliyini yüksəltmək üçün üçölçülü texnologiyalara müraciət ediblər. Belə ki, həkimlər pasiyenti onun döş qəfəsində gedən prosesləri üç ölçüdə görməyə imkan verən xüsusi eynək taxaraq əməliyyat ediblər. Artıq əməliyyat zamanı insanın bədəni haqqında informasiyanı toplayan sistemlər cərrahlara məlumdur, lakin onlar məlumatları adi monitorda ikiölçülü təsvirlər şəklində təqdim edirlər. Belə təsvirlər tələb edilən informasiyanı vermir.

 

www.meddaily.ru saytının məlumatında qeyd olunur ki, hər şeyi üçölçülü mühitdə görmək cərraha əməliyyatın gedişatında daha sərbəst manevr etməyə imkan verir. Söhbət ultrasəslə skanetmə zamanı əldə olunmuş informasiyanın real vaxt rejimində ötürülməsindən gedir. Bu məlumatlar dərhal holoqrafik ekrana malik olan qarışıq reallıq eynəyinə ötürülür. 3D-eynək bir pasiyentin mitral qapaq genişləndirilməsi əməliyyatı zamanı sınaqdan keçirilib.

 

Polşalı mütəxəssislərin sözlərinə görə, üçölçülü holoqrafik ekranlar əməliyyat zamanı dinamik idarəni təmin edərək, həkimlərə faydalı informasiyadan istifadə etməyə və real vaxt rejimində işə yanaşmanı dəyişdirməyə imkan verəcək. Kompüter texnologiyalarının və real vaxtda vizuallaşdırmanın sintezi əməliyyatların müvəffəqiyyətini yüksəltməyi vəd edir.

 

 

Samirə KƏRİMOVA



04.05.2019 | 15:16