Bir dərsin təəssüratları

İyirmi il bundan əvvəl yazılıb bu xatirə. O zaman qəzetlərdə dərc olunub və kitabda verilib. Bu gün onu yenidən oxucuların diqqətinə çatdırmaq istədim. Təkcə ona görə yox ki, qarşıdan ustad şair Rəsul Rzanın doğum günü gəlir. Həm də ona görə ki, maraqlıdı, bu günün ədəbiyyat müəllimləri dərslərini necə qururlar? Ədəbiyyatın yaradıcılarını yeni nəslə necə təqdim edirlər?

 

 

Ruhunuz şad olsun, Rəsul Rza,

 

Nigar xanım, Aliyə müəllim...

 

 

1974-cü il idi. Mən orta məktəbin sonuncu sinfində oxuyurdum. Ədəbiyyat dərslərində  artıq son dövrü - Sovet ədəbiyyatını  öyrənirdik. Bu ədəbiyyatı  yaradan yazıçı-şairlərimizin hələ çoxu yaşayırdı və yazırdı. Onları şəxsən görən ədəbiyyat müəllimimiz Aliyə xanım dərsləri elə maraqlı, canlı keçirdi ki, sanki biz hər hansı şair-yazıçı haqqında kinofilmə baxırdıq.  Bu dərslər içərisində bütün təfərrüatı ilə ən çox yadımda qalanı “Rəsul Rzanın həyat və yaradıcılığı” olub. Müəllim  əvvəlcə  onun həyatı  haqqında danışdı. Anadan olduğu Göyçayı, onun çinarlarını həvəslə, ilhamla təsvir etdi. Bu “Çinarlı şəhər” bizə bəlkə ona görə yaxın və doğma idi ki, Bərdədə və orta məktəbində oxuduğumuz Şirvanlı kəndində belə əzəmətli çinarlar çox idi. Yolboyu əkilmiş bu çinarların kölgəsi özündən də böyük, əzəmətli, əsrarəngiz idi. Kənd Bərdə-Ağdam-Şuşa yolunun üstündə salınıb. Deyilənə görə məşhur yazıçılarımızdan Ə.Haqverdiyev və N.B.Vəzirov burdan Ağdama, Şuşaya keçəndə bu çinarların altında-onun kölgəsində mütləq əyləşib çay içərmişlər (Çox təəssüf ki, indi o çinarlar öz ömürlərini bir insan ömrü kimi yaşayıb bu kənddən köçüblər).  Sonra Aliyə müəllim Bakını təsvir, tərənnüm etdi. Paytaxtın coşqun, qaynar həyatını şairlərin həyatı ilə müqayisə etdi. Daha sonra Gəncənin, Göygölün təkrarolunmaz gözəlliklərindən söz açdı. Və Nigar xanımı bu gözəlliyin fövqündə vəsf etdi. Ən maraqlı hadisə bu iki gəncin Bakıda tanış olmaları və  az sonra  tanışlığın ailə həyatı qurulmasına gətirib çıxartması idi.

 

 

Ana Nigar, ata Rəsul sözlərinin baş hərflərindən yaranan ad 

 

 

“Kinofilmin” kulminasiya nöqtəsi bu ailədə bir oğlanın dünyaya gəlməsi və ona ad qoyulması mərasimidi! (Lap “Dədə Qorqud” filmində ad qoyma səhnəsi kimi). Nigar xanımla Rəsul müəllim uşağa yaxşı ad qoymaq üçün çox fikirləşirlər. Nəhayət, belə bir adı Nigar xanım “ kəşf” edir! Bəli-bəli, sözün əsl mənasında, kəşf edir.

 

Anan Nigar, Atan Rəsul - sözlərinin baş hərflərini götürüb ANAR adını yaradır! Ad Rəsul müəllimin də çox xoşuna gəlir. Beləliklə, oğlanın adı Anar qalır.

 

 Sonralar bu ad çox populyar oldu. O illərdə, yəni 70-80-ci illərdə doğulan oğlan uşaqlarının əksəriyyətinə bu adı qoymuşdular. Adın geniş yayılmasına Aliyə müəllim belə münasibət bildirmişdi: hər oxuyan Molla Pənah olmadığı kimi, hər doğulan da Anar ola bilməz. Çünki bu ad xüsusidir!

 

Lakin müsahibələrinin birində onun adının mənasını  soruşan jurnalistə Anar müəllim belə cavab vermişdi: “Bu söz anmaq mənasındadı”. Əlbəttə, Anarın bu cür açıqlaması Nigar Rəfibəyli , Rəsul Rza pərəstişkarlarını təəccübləndirsə də, fikir öz qüvvəsində qalırdı. Adın bu cür qoyulması təkcə bizim ədəbiyyat müəllimimizin  ideyası deyildi. Bütün ədəbiyyat müəllimləri  adın mənasını  bu cür izah etmişlər. Belə olmasaydı başqa-başqa jurnalistlər tez-tez Anarın adının mənasını soruşmazdılar. Doğrudan, çox maraqlıdı ki, görəsən hardan, necə doğmuşdu adın bu cür izahı? Bəlkə hər iki şairə hörmətdən, məhəbbətdən yaranmışdı, qaynaqlanmışdı?!

 

Növbəti dərsdə  söhbət Rəsul Rzanın  yaradıcılığından gedirdi. Aliyə müəllim onun şeirlərini elə söyləyirdi ki, sanki şairin bir anlıq düşüncələrinin rəsmini çəkirdi:

 

 

Sığınmışıq qəlbimə:

 

Ümid,

 

Şübhə,

 

Kədər və mən....

 

Xeyli keçib gecədən...

 

 

Demək, şair hardasa bir yağışlı, küləkli, zülmət gecəyə düşüb. Səhərin açılmasını həsrətlə gözləyir. Kimsə yoxdu, yalnız qəlbinə sığınmış ümid, şübhə, kədərdi, bir də özü... Səhər nə vaxt gələcək! Günəş nə vaxt güləcək, ilahi! Elə bil özüm düşmüşdüm  bir qaranlıq, zülmət gecədə  keçilməz cəngəlliyə! Geri qayıtmağa yol tapmırdım. Ancaq inanırdım ki, kimsə  gəlib məni bu dardan qurtaracaq! Bəlkə də bu şeirin təsiri, əks-sədası idi ki, sonralar mən əlimə qələm alıb şeir  yazanda  bu misraları  da yazacaqdım:

 

 

Yalqız otaq,

 

Yalqız ürək,

 

Bir də mən...

 

Gözlərimdə həsrətin övladı

 

         bir qara bulud nəm...

 

Onu yağdıracaq bir dəli sevinc istəyirəm!

 

İldırımtək gələ,

 

Toqquşub o buludla,

 

Şaqqıldayıb yağa!

 

Açıla gözlərim

 

 

Təmiz səmatək  gülə!

 

Eh, birləşib kədərlə qəm,

                                           

Tutub təkliyin əlindən

 

Sıxırlar buludu,

 

Bulud olub su,

 

Axır yanağım boyu...

 

 

“Qızıl gül olmayaydı...” 

 

 

Rəsul Rzanın  “Qızıl gül olmayaydı...”  poeması və Aliyə müəllimin bu əsərə çəkdiyi “kino-xronika”  isə daha dəhşətli idi. Poema indi dərsliklərə salınıb. Lakin o vaxt yalnız adı çəkilirdi. “Lenin” kimi əzəmətlə səslənən poemanın kölgəsində qalmışdı. Bəlkə də 37-dən bəhs etdiyi üçün o qədər işıqlandırılmırdı. Baxmayaraq  “təqsirkarlara”  bəraət  verilmişdi!

 

Əsər ona görə əziz və həm də nisgilli, dəhşətli idi ki, çılğın, nakam şairimiz Müşfiqdən və onun Dilbərindən danışırdı.

 

Yenə bir qaranlıq gecədə-artıq ümidin də, inamın da doğranıb şübhə, kədərlə dəfn ediləndən sonra şairin qapısı döyülür:

 

                                        

- Görəsən kimdir gələn!?

 

- Mən!

 

Açdım qapını.

 

Baxdım, baxdım...

 

Yox, tanımadım...

 

...Başında bir nimdaş şal,

 

Saçları ağ -

 

İllərlə bağlı sandıqda qalıb,

 

Şəfəqini itirmiş

 

Adicə gümüş kimi...

 

Gözləri cüt qara ulduz-

 

Quyuya düşmüş kimi...

 

 

Kim idi gələn? Müşfiqin ilham pərisi! Həmişə yenilməz görkəmi, şux gözəlliyi ilə şairin ağlını başından alan, Xəzərin cilvəli sularında, qumlu sahillərində tərənnüm etdiyi Dilbər! İndi isə aşiqinin ölümündən sonra nimdaş paltarda, gözləri quyuya düşmüş kimi görünən, beli bükülmüş, kökündən qoparılıb atılmış, bir daha pardaqlanmayacaq qızılgül! Kaş bu qızılgül nə olaydı, nə də belə əzabla solaydı!

 

 

...Tikanlı gecələr,

 

Xəfəli günlər...

 

Bir yandan sevinc ,nəğmə,

 

Bir yandan hıçqırıqlar...

 

Sürgünlər...

 

 

Bu, otuz yeddinci ilin  mənzərəsidi! Bu dəhşətli mənzərəni biz yalnız bu əsərdən öyrənmişik. Çünki Azərbaycan tarixi belə aydın, dəqiq, belə səmimi təsvir olunmurdu. Hələ də 37-dən  danışmaq çətin idi. O günlərin üstündən sükutla keçilirdi. Qəbristanlığın yanından sükutla keçilən kimi...

 

Və biz düşünürdük görəsən, Müşfiq kimi odlu-alovlu bir şairi, şeirdən, nəğmədən yoğrulmuş, gözlərində günəş parlayan bu növcavanı məhv edənlər insan idimi?!

 

 

Koroğlunun Nigarı kimi

 

 

Aliyə müəlim R.Rza ilə yanaşı Nigar xanımın yaradıcılığından da danışırdı.Yadımda deyil o vaxt Nigar yaradıcılığı  dərsliyə salınmışdı ya yox. Ancaq N.Rəfibəyli  həm Rəsul Rza obrazının açılmasında, daha çox işıqlanmasında şəfəq rolunu oynayırdı, necə deyərlər, aysberqin görünməyən tərəfinə işıq salırdı. Həm də öz lirik “mən” ilə meydana çıxırdı.

 

“- Müharibə illərində R.Rza da öz qələmini süngüyə çevirmişdi. Onun döyüşə, cəbhəyə  getməyini Nigar xanım belə vəsf edir:

 

 

Get sevgilim, uğur olsun,

 

Sən mərd vuruş, sən mərd dayan!

 

Qoru təmiz eşqimizə

 

Gülümsəyən al səhəri!

 

İlk gənc

 

liyin  şən çağında

 

Çiçək açan bu yerləri,

 

Qoru, əziz  xatirələr dolu olan

 

Bu torpağı!

 

...Sən zəfərlə ana yurda

 

Döndüyün vaxt, o gün səhər

 

Mən qarşına çıxacağam

 

Qucağımda al çiçəklər!!!

 

 

“Heç bir şairi  döyüşə gedəndə  onu özündən başqa  kimsə qələmə almayıb, R.Rzadan başqa. Çünki onun şairə Nigarı vardı. Lap Koroğlunun Nigarı kimi!” - Aliyə müəllimin sözləridi...

 

 

5-ci sinif şagirdindən hamını heyrətləndirən hərəkət

 

 

1980-ci il idi. Mən Bərdə rayon Qullar kənd 8-illik məktəbində tədris işləri üzrə direktor müavini işləyirdim. Məktəbdə birinci böyük işim  Ədəbiyyat kabineti yaratmaq oldu. Əyani vəsait bol idi. Bütün klassiklərimizdən tutmuş bu günə kimi yaşayıb-yaradan yazıçı-şairlərimizin portretləri də həmçinin. Divar boyu “Orta əsr-intibah dövrü”, “XIX əsr ədəbiyyatçılarımız” rubrikaları idi. “XX əsrin ədəbiyyatını yaradanlar” - M.Müşfiq, S.Vurğun, R.Rza, N.Rəfibəylinin portretləri bir cərgədə düzülmüşdü. Portretlər çox canlı, yaraşıqlı çıxmışdı. Üzləri şüşə ilə örtülmüşdü. Pəncərəsi bağçaya baxan bu kabinet-otağın işıqları həmişə yanırdı. Kabineti həm mən, həm də ədəbiyyat müəllimi Ruhəngiz Səfərova çox ehtiyatla, diqqətlə qoruyurduq. Bəzi dəcəl şagirdləri olan siniflərin  burda dərs keçməsinə qısqanclıqla yanaşırdıq. Şagirdlərin özləri də bunu yaxşı bilirdi. Onlar da otağın təmiz, səliqəli  qalmasına çalışırdılar.

 

Bir gün tənəffüsdə müəllimlər otağına gələn iki qız məni kabinetə çağırdı. Hər ikisinin heyrətdən gözləri böyümüşdü. Mən tez kabinetə qaçdım, şəkilləri yoxladım. Hamısı sağ-salamat yerində idi. Otağın küncündə Səxavət adlı oğlan ağlayırdı. Beşinci sinifdə oxuyan, çox dəcəl, şıltaq şagird idi. Səs-küyə müəllimlərin əksəriyyəti də kabinetə yığışdı. Növbətçi qızlar  hadisəni fövqəladə bir iş kimi danışırdılar:

 

- Otağa girdik ki, Səxavət ayağının  altına stol  qoyub, çıxıb yuxarı, Nigar Rəfibəylinin yanağından öpür!

 

Hamı çönüb Nigar xanımın şəklinə baxdı. Şəkildən çox bədii sənət əsəri idi bu. Aşağıda

 

 

Günəşdən gənclik istədim,

 

İnsanlardan məhəbbət...

 

 

- misraları iri hərflərlə yazılmışdı. Şairə öz dünyasında  bir xoş təbəssümlə gülümsəyirdi. Mənə elə gəldi ki, Cokonda  təbəssümü bunun yanında sönükdür, yalandı. Bütün portretlərdən öz şirinliyi ilə seçilib fərqlənən  bu rəsm elə bil bir az da gözəlləşmiş, füsunkar olmuşdu. Əl-ayağı, üstü, başı  toz-torpaq içində olan kənd uşağının diqqətinə bax! Uşaq gözümdə dəyişmişdi. Kimsənin hələ bir söz  demədiyinə baxmayaraq o, qorxusundanmı, xəcalətindənmi  (qızlar bu məsələni müəllimlərə deyiblərsə, yəqin ki, bütün şagirdlərə də çatdıracaqlar!) hələ də ağlayırdı. Şagirdə deməyə söz tapmırdıq. Gülməkdən özümüzü  güclə saxlamışdıq. Lakin bununla belə onu tənbeh etmək lazım idi ki, bir də belə iş tutmasın, çünki rəsmin şüşəsi düşüb sına bilərdi.

 

İlk danışan Təyyar müəllim oldu:

 

- Bala, qorxmursan Nigarın yanında dağ kimi dayanmış Rəsul Rzadan? Ordan düşər, səni qulaqlarından divara asar!

 

Nigar xanımdan fərqli olaraq R.Rzanın şəkli çox ciddi, bir az da sanki acıqlı təsir bağışlayırdı.

 

- Yaxşı, Təyyar müəllim, bir də belə iş tutmaz. Adam anasının özünü də öpər, şəklini də. Amma bu cür toz-torpaqlı üst-başla yox. Gündəlik dərsə hazırlıqsız gəlməklə yox. Nigar xanım səliqəli, yaxşı oxuyan şagirdləri çox sevir.

 

O gündən dəcəl Səxavət xeyli dəyişmişdi. Dərslərə hazır gəlirdi. Xüsusilə ədəbiyyat dərsinə. Həm də çox səliqəli geyinirdi.

 

Bu sətirləri yazdıqca fikirləşirdim ki, görəsən indi də ədəbiyyat dərsləri  belə maraqlı keçirmi? Sonra da öz-özümə düşündüm: nə qədər ki, Aliyə müəllimlərin yetirmələri var, yaşayır, nəinki ədəbiyyat, lap riyaziyyat dərsləri də ədəbiyyatın təbliğinə, insan qəlbinin təmizliyinə, paklığına xidmət edəcək! Təki ölkəmiz müstəqil olsun və biz  bu müstəqilliyi qoruyub saxlaya bilək!

 

 

Bahar BƏRDƏLİ



04.05.2019 | 09:00