Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı: Bakı Dövlət Universitetinin təsis edilməsi tarixindən | |
Ötən il ölkəmizdə Şərqdə, türk-islam dünyasında ilk hüquqi-demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində geniş qeyd olundu. Bu tarixi hadisənin milli dövlətçiliyimiz üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildi.
Əlamətdar haldır ki, 2019-cu il noyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universitetinin yaranmasının 100 ili tamam olur. Həmin yubileyin ölkə miqyasında dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 14 noyabr 2017-ci il tarixli Sərəncam imzalanmış, tarixi yubileyin keçirilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilmiş, Nazirlər Kabinetinin 21 may 2018-ci il tarixli qərarı ilə yubileyə həsr olunmuş tədbirlər planı təsdiq edilmiş, bu istiqamətdə tədbirlərin gerçəkləşdirilməsinə start verilmişdir. Sərəncamda deyildiyi kimi, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində tədqirəlayiq xidmətləri vardır”.
Hesab edirik ki, milli-mənəvi dəyərlərə, elmə, təhsilə dövlətin və dövlət başçısının daimi diqqət və qayğısının parlaq təzahürü olan bu tarixi Sərəncamın Azərbaycanın elm və təhsil tarixinin araşdırılmasında, bu elm-təhsil ocağının ölkəmizin intellektual potensialının inkişafında, həmçinin elm, təhsil və mədəniyyətimizin tərəqqisi yolunda xidmətlərinin müstəqil milli dövlətçilik düşüncəsi kontekstində yenidən dəyərləndirilməsində, bu elmi-təhsil məbədinin zəngin tarixi-mədəni irsinin dərindən öyrənilməsində müstəsna rolu vardır.
***
Azərbaycanın çağdaş təhsil və elm tarixində müstəsna yeri olan, Vətənimizdə ali məktəblərin bayraqdarı missiyasını XX əsrdən XXI əsrə böyük uğurla daşıyan BDU-nun yaranması və keçdiyi şərəfli inkişaf yoluna dair monoqrafiyalar, kitablar, məqalələr yazılsa da, hələlik bu elm-təhsil məbədinin həqiqi tarixini əks etdirən fundamental əsərlər yaranmamış, Universitet tarixinin “Cümhuriyyət dövrü” ilkin mənbələr əsasında gərəyincə və yetərincə öyrənilməmişdir.
Dözülməz haldır ki, həmin əsərlərin bir çoxunda Azərbaycanın bu elm və təhsil ocağının yaradılması yolunda heç bir çətinlikdən qorxmayan, fəaliyyətlərini bu müqəddəs amala həsr etmiş Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədəmin Rəsulzadə, Rəşid xan Kaplanov, Sultan Məcid Qənizadə, Həmid bəy Şahtaxtinski və onlarla bu kimi Cümhuriyyət qurucularının bu məsələdə rolu heçə endirilmiş, Universitetin yaradılmasında xüsusi xidməti olmayanların adları “universitet yaradıcıları” kimi təqdim olunmuş, BDU-nun yaradılması sahəsində AXC Hökuməti və Parlamentinin gördüyü tarixi işlər gərəyincə qiymətləndirilməmiş, özünü 1918-20-ci illər dövrünün böyük mütəxəssisi sayan bir tarixçi alim tərəfindən universitet tarixinin “Cümhuriyyət dövrü”, çox təəssüf ki, “xronoloji təsadüf” kimi dəyərləndirilmişdir.
Azərbaycan Respublikası bu gün dövlət müstəqilliyinin 28-ci ilini yaşayır və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsil sahəsində beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin formalaşdırılması yönündə əsaslı islahatlar aparır. Hesab edirik ki, belə bir şəraitdə təhsil quruculuğu üçün ən vacib məsələ təhsili məzmunca dövlət müstəqilliyimizin prinsipləri əsasında yenidən qurmaqdan, həqiqi milli tariximizin yazılmasına, milli dil, ədəbiyyat, tarix və mədəniyyətin təhsil müəssisələrində tədrisi səviyyəsinin yüksəldilməsinə - onların müasir gəncliyə lazımi səviyyədə öyrədilməsinə nail olmaqdan ibarətdir.
Çağdaş Azərbaycan tarixinin mühüm bir sahəsi olan və 100 illik yubileyinə hazırlaşdığımız BDU-nun həqiqi tarixinin yazılmasına nail olmaq başlıca vəzifələrimizdən biridir. Bu mənada təhsil sisteminin qarşısında duran qlobal məsələlərdən biri ümummilli lider Heydər Əliyevin BDU-nun 75 illiyinə həsr olunmuş təntənəli yığıncaqda dediyi aşağıdakı konseptual göstərişini həyata keçirməkdən ibarətdir ki,
“Keçmişdə tariximizi yazarkən bəzən o tərəfə, ya da bu tərəfə əyilirdik. İndi isə müstəqil Azərbaycan Respublikasında öz məmləkətimizin, öz taleyimizin sahibi olduğumuz halda, müstəqil siyasət apardığımız halda, gərək tariximiz doğru, düzgün, ədalətli, obyektiv yazılsın. Universitetin 50 illiyi, 60 illiyi qeyd olunmuşdur. Amma, təəssüf ki, 70 illiyi nədənsə qeyd edilməmişdir. Bunu yaddan çıxarmışlar. İndi 75 illiyi qeyd olunur. Bu 75 illik tarixi ədalətli, düzgün yazmaq üçün indi ən gözəl şərait yaranmışdır. Amma bu, təkcə universitetin tarixi deyil, bu, Azərbaycan xalqının tarixidir. Azərbaycan Respublikasının tarixidir, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tarixidir. Ona görə də bunu təhrif etmək olmaz”
(Bax: Heydər Əliyev. Təhsil millətin gələcəyidir. Bakı, 2002, s.304).
BDU-nun bir əsrlik şanlı tarixinin ən böyük yekunlarından biri bu təhsil ocağının Azərbaycan xalqının təfəkkür və düşüncəsində ən yüksək statusa yiyələnməsi sayıla bilər. Əslində dilimizdə “universitet” termini BDU-nun yaranması ilə vətəndaşlıq hüququ qazanıb. Bu gün Azərbaycanda çoxsaylı universitetlər olsa da, xalqımız “universitet” deyəndə, ilk növbədə BDU-nu nəzərdə tutur. Bu, o deməkdir ki, bu ali təhsil və elm məbədi milli təfəkkür və düşüncə səviyyəsində də “universitet” statusu qazanıb, milli mentalitetimizin aparıcı amillərindən birinə çevrilib. Düşünürük ki, BDU-nun keçdiyi tarixi yola, onun böyük fəaliyyətinə xalqımızın verdiyi ən yüksək qiymət budur...
Azərbaycan xalqının ən yüksək təhsil, elm mərkəzi saydığı BDU-nun yaranması hələ XIX əsrin ikinci yarısından başlanan və XX əsrin əvvəllərində geniş vüsat alan müasir, Avropa tipli təhsil müəssisələri yaratmaq, bütövlükdə müasirləşmək uğrunda gedən milli maarifçilik, milli azadlıq mübarizəsinin yekunu kimi bu mübarizəyə rəhbərlik edən mütəfəkkir şəxsiyyətlərin böyük fəaliyyətləri nəticəsində təsis olunub.
Bu gün birmənalı şəkildə bildirməliyik ki, BDU çağdaş Azərbaycan dövlətçiliyi tarixinə şanlı səhifələr yazmış AXC Hökumətinin milli təhsil və dövlət quruculuğu sahəsində apardığı siyasətin real nəticəsi olaraq yaranmışdır. BDU, sözün həqiqi mənasında, AXC-nin xalqımıza bəxş etdiyi şah əsəri, Cümhuriyyət qurucuları olan Avropa təhsilli dövlət xadimlərinin millətimizə ölməz ərməğanı, əvəzsiz töhfəsi, Milli Hökumətin əbədi yadigarıdır...
Bu bir həqiqətdir ki, AXC Hökuməti qarşısında duran ən ciddi məsələlərdən biri də ölkəmizdə ali təhsil müəssisələrinin yaradılması, ali təhsilli milli kadrlarının hazırlanması idi. Bu sahədə Milli Hökumət iki yöndə: a) ölkədə ali təhsil müəssisələrinin yaradılması; b) Azərbaycanlı gənclərin Avropanın məşhur universitetlərinə təhsil almağa göndərilməsi, - istiqamətində iş aparırdı.
Birinci istiqamətdə əsas diqqət BDU, Kənd Təsərrüfatı və Pedaqoji İnstitutların, eləcə də, Konservatoriyanın yaradılmasına yönəldilmişdi.
1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə yaradılan IV Hökumət Kabinetinin Parlamentə təqdim etdiyi Proqramda BDU-nun təsis edilməsi məsələsi də ön plana çəkilmişdi. Bu məsələ ilə bağlı Hökumət Proqramında deyilirdi: “Möhtərəm məbuslar! Məlumunuzdur ki, istiqlalımız, istiqbalımız həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim üçün nicat ümidi qalmaz. Hökumət bunu bilir. Bunun üçün ibtidai təhsilin ümumi olmasına əsas hazırlamaya və bu eylüldən (sentyabrdan) etibarən ibtidai məktəblər açmağa təşəbbüs ediləcəkdir... Sənaye məktəblərinə ayrıca diqqət ediləcəkdir. Müəllimlərə olan ehtiyacımızı rəf üçün kafi miqdarda darülmüəlliminlər açmaqla bərabər, xaricdən dəxi müəllimlər dəvət etməyə çalışacaqdır... Hökumət ali təhsili dəxi düşünmüşdür. Bunun üçün Ali Ziraət Məktəbi qanun layihəsi təsvibinizə təqdim edilmişdir. Tiflisdə bulunan Maverayi-Qafqaz Darülfününunun paytaxtımıza nəqli üçün müzakirəyə girişilərək eylül ibtidaları tədrisata burada davam edilməsinə səy və iqdam ediləcəkdir. Darülfünunumuzda təbii lisanımızın, tariximizin, ədəbiyyatımızın inkişafına xidmət edə biləcək kürsülər açılacaqdır” (Bax: Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920: Parlament. (Stenoqrafik hesabatlar). Bakı, 1998, I cild, s. 447-448).
Nəsib bəy Yusifbəylinin Parlamentdəki çıxışından bəlli olur ki, Hökumətin ali təhsil sahəsində əsas işlərindən biri Kənd Təsərrüfatı İnstitutunun yaradılması, digəri isə vaxtilə Tiflisdə yaradılmış Zaqafqaziya Universitetinin 1919-cu ilin iyununda Bakıya köçürülməsi məsələsi idi. Əlbəttə, Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi haqqında əvvəllər maarif naziri olmuş Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Azərbaycan nümayəndələri gürcü Hökuməti ilə danışıqlar aparırdı. Bundan əvvəl həmin danışıqlara səhiyyə naziri doktor Y.Gindes, sonralar isə maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski başçılıq etmişdi. Zaqafqaziya Federasiyası hökumətində maarif naziri olmuş, sonralar ilk Azərbaycan Hökumətinə başçılıq etmiş Fətəli xan Xoyski Tiflisdə olarkən Zaqafqaziya Universitetini yaratmaq istəyən professor Vasili İvanoviç Razumovskiyə həmin universitetin Bakıda açılmasını məsləhət görərək demişdi: “Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum, indi də gürcü universiteti... Bəlkə Universiteti Bakıda təşkil etmək yerinə düşərdi?”. Bu fakt onu göstərir ki, Zaqafqaziya Universitetinin vaxtilə Tiflisdə deyil, Bakıda açılması ideyası hələ bir il əvvəl görkəmli dövlət xadimi, Milli Hökumətin ilk Baş naziri Fətəli xan Xoyskidə var idi. Bu fikri ən çox müdafiə edənlərdən biri də AXC-nin ilk maarif naziri Nəsib bəy Yusifbəyli olmuşdu.
1919-cu il aprelin 14-də təşkil edilən yeni Hökumət Kabinetində Baş nazir vəzifəsini Nəsib bəy Yusifbəyli, maarif naziri vəzifəsini isə əslən qumuq knyazı nəslindən olan, məşhur Sorbonna Universitetinin məzunu, sonralar BDU təsis edilməsi ilə bağlı bütün çətinliklərin öhdəsindən bacarıqla gələn böyük ziyalı Rəşid xan Kaplanov tutdu.
Yeni Hökumət Proqramına uyğun olaraq Zaqafqaziya Universitetini (bəzi mənbələrdə “Tiflis Universiteti” adlandırılır) Bakıya köçürülməsi ilə bağlı uzun-uzadı danışıqların aparılması, universitetin rektoru V.İ.Razumovskinin tez-tez Bakıya gəlməsi də o dövrdə bu ümummilli məsələni həll etməyə imkan vermədi.
Nəhayət, AXC Hökumətinin razılığı ilə Xalq Maarif Nazirliyi tərəfindən V.İ.Razumovski Bakıya Azərbaycanda müstəqil universitet təşkil etmək üçün yaradılmış Universitet Komissiyasına rəhbərliyə dəvət olunur. Dəvət V.İ.Razumovski tərəfindən məmnuniyyətlə qəbul olunur.
AXC Hökumətinin 19 may 1919-cu il tarixli qərarı ilə Xalq Maarif Nazirliyi yanında fəaliyyət göstərəcək Universitet Komissiyasının tərkibi və Nizamnaməsi təsdiq edilir. Beləliklə, Komissiyaya professor Vasili İvanoviç Razumovski (sədr), professor Aleksandr Mixayloviç Levin, professor Nikolay Aleksandroviç Dubrovski, Bakı şəhər Bələdiyyə İdarəsindən Əlicabbar Orucəliyev, Neft Sənayeçiləri Təşkilatından Arseniy Nikolayeviç Saparov, katibliyə İvan İvanoviç Babuşkin, Xalq Maarif Nazirliyinin nümayəndəsi kimi Komissiyanın tərkibinə Məmmədağa Şahtaxtinski (üzvlər) daxil edilir. Bundan əlavə, komissiyanın işinə müxtəlif məsələlər üzrə işçi qruplar da cəlb edilir. Deməliyik ki, Universitet Komissiyasının ilk iclası 1919-cu il mayın 21-də, sonuncusu isə sentyabrın 15-də keçirilmiş, fəaliyyət göstərdiyi müddətdə onun 35 iclası olmuşdur.
AXC Hökumətinin 25 iyun 1919-cu il tarixli qərarı ilə Komissiyanın işini lazımi səviyyədə təşkil etmək, cari xərcləri ödəmək məqsədilə Xalq Maarif Nazirliyinə 1 milyon rubl vəsait də ayrılmışdı.
(Bax: Azerbaydjanskaya Demokratiçeskaya Respublika (1918-1920) Zakonodatelnıye aktı. Baku, 1998, s. 334-335.)
Təxminən 2 aya yaxın bir müddətdə həmin qanun layihələri Parlamentin büdcə və digər komissiyalarında ətraflı müzakirə olunur. Bakıda universitet açılması məsələsi dövri mətbuatın da baş mövzusuna çevrilir, mətbuatda qızğın müzakirələr gedir...
Çox gərgin mübahisə və müzakirələrdən sonra Bakıda universitetin təsis edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Parlamentinin 21 avqust 1919-cu il tarixli 67-ci iclasının gündəliyinə salınır. Bu tarixi iclasa sədrlik edən tanınmış pedaqoq Sultan Məcid Qənizadə Bakıda universitet açılmasına dair Qanun layihələrinin müzakirəsinə başlamağı təklif edir, katib Mehdi bəy Hacınski həmin sənədlərin məzmunu və mahiyyəti, komissiyalarda irəli sürülən təklif və edilən düzəlişlər barədə Parlamentə ətraflı məlumat verir. Müzakirələr başlanır. Parlamentdə ilk söz alan “İttihad” fraksiyasının rəhbəri doktor Qarabəy Qarabəyov universitet təsis olunması haqqında qanun layihələrinin müzakirəsinin dayandırılmasını, layihələrin yenidən komissiyalara qaytarılmasını təklif edir, ümumiyyətlə isə, universitet açılmasının hələlik mümkünsüzlüyü barədə fraksiyası adından bəyanat verərək məsələnin səsə qoyulmasını sədrdən tələb edir (Bax: Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Parlament. (Stenoqrafik hesabatlar). Bakı, 1998, II cild, s., 5-9).
Parlamentdə səsə qoyulan həmin təklif səs çoxluğu ilə qəbul edilir və universitetin təsis olunması ilə bağlı məsələ gündəlikdən çıxarılır. Universitetin 1919/20-ci dərs ilinin əvvəlinə açılması haqqında Hökumətin planları və Universitet Komissiyasının gördüyü işlər təhlükə altına düşür. Bakıda universitet təsis etmək istəyən Cümhuriyyət qurucuları yaxşı dərk edirdilər ki, bu məsələ 1919/20-ci dərs ilinin əvvəlinə kimi həll edilməsə, mütləq uzanacaq, sonrakı taleyi isə bilinməyəcəkdir. Bu narahatlığı və təhlükəni maarif naziri Rəşid xan Kaplanov belə ifadə edirdi: “Layihəyi bərayi - tədqiq fraksiyalara göndərərsək, vaxt qayb olacaq, əmin olun ki, darülfünun bu sənə açılmayacağı kimi, gələcək sənə də açılmayacaqdır...” (Bax: Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Parlament. (Stenoqrafik hesabatlar). Bakı, 1998, II cild, s.24).
Digər tərəfdən, ölkə daxilində siyasi vəziyyət mürəkkəbləşmiş, ingilis qoşunları həmin ilin avqustun əvvəlində Azərbaycanı tərk etmiş, Şimal təhlükəsi isə Vətənin başı üzərində “Damokl qılıncı” kimi açılmışdı. Məsələ çox ciddi idi: universitetin yaradılması mütləq və mütləq indi həll edilməli idi, əks halda bu məsələ də bir ideya olaraq tarixin arxivinə düşə bilərdi. Tarix və zaman göstərdi ki, universiteti yaradanlar onu min bir müşkülatla təsis etdilərsə də, bir neçə ali məktəbin (Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitut, Konservatoriya) təsisi ilə bağlı layihə sənədləri hazır olmasına baxmayaraq, onları gerçəkləşdirmək mümkün olmadı...
Bütün bu tarixi reallığı və universitet açılmasının milli dövlətçiliyimiz, elm, təhsil və mədəniyyətimizin tərəqqisi üçün böyük əhəmiyyətini dərindən dərk edən Parlamentin bir çox üzvləri, siyasi və dövlət xadimləri Bakıda universitetin təsis edilməsinə dair qanun layihələrinin Parlamentin müzakirəsindən çıxarılması haqqında qərara qəti olaraq etiraz səslərini ucaltdılar.
Parlamentdə böyük nüfuzu və çoxlu tərəfdarları olan Məmmədəmin Rəsulzadə ilk olaraq söz aldı və milli təhsil tariximiz üçün çox tarixi əhəmiyyətli bir çıxış etdi. Onun ardınca maarif naziri Rəşid xan Kaplanov, Səmədağa Ağamalıoğlu, Mustafa Məmmədov və başqaları çıxış edərək universitet açılmasının ümummilli, ümumdövlət və ümumbəşəri əhəmiyyətini əsaslandırdıqdan, nəhayət, 4 saatdan artıq sürən üzücü və gərgin mübarizədən, müzakirələrdən sonra Parlament öz qərarına yenidən baxmaq və universitetin təsisinə dair qanun layihələrinin müzakirəsinə başlamaq haqqında qərar qəbul etmək məcburiyyətində qaldı. İclasın bu tarixi qərarından sonra söz alan Mustafa Məmmədov demişdi: “Biz bu gün artıq universitetin möhtəşəm binasının təməl daşını qoyduq. Parlament tərəfindən həmin qanun layihəsinin qəbul edilməsi tariximizdə ən əhəmiyyətli aktlardan biri olacaqdır. Artıq universitetin taleyindən narahat olmağa dəyməz. Parlamentdə tarixi bir gün baş verdi...” (Bax: Azerbaydjanskaya Demokratiçeskaya Respublika (1918-1920). Parlament. Baku, 1998. s. 641).
Həqiqətən, 21 avqust 1919-cu il BDU-nun, bütövlükdə Azərbaycan təhsili, elm və mədəniyyəti tarixinin ən mürəkkəb, ən gərgin, lakin ən şərəfli günlərindən biri oldu. Sonralar V.İ. Razumovski bu tarixi hadisələri xatırlayaraq həmin məsələnin müsbət həllində fədakarlıq, əsl vətənpərvərlik nümunəsi göstərən cümhuriyyət qurucularını “universitetin və maarifin dostları” adlandırır, onlar içərisində Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoyskini, Məmmədəmin Rəsulzadəni, Rəşid xan Kaplanovu, Həsən bəy Ağayevi, Səmədağa Ağamalıoğlunu, Əhməd bəy Pepinovu, Cəmo bəy Hacınskini və başqalarını xüsusi olaraq nəzərə çatdırırdı... Lakin, təəssüf ki, bu tarixi həqiqətlər indiyədək mövcud elmi ədəbiyyatda xalqa doğru, düzgün çatdırılmayıb, elmi araşdırmalarda bir çox tarixi həqiqətlər saxtalaşdırılıb...
Azərbaycan Parlamentinin həmin tarixi iclasında Bakıda universitet yaradılmasının tarixi-mədəni və sosial əhəmiyyətini əsaslandıran “universitetin və maarifin dostları” adı ilə universitet tarixinə düşən görkəmli dövlət və siyasi xadimlərin konseptual xarakterli fikirlərindən bir neçəsini tarixi həqiqətin aşkara çıxarılması və müasir gəncliyə düzgün çatdırılması məqsədilə oxucuların diqqətinə çatdırmaq istərdik:
Əvvəla, Bakıda universitet açılmasını müdafiə edən “universitetin və maarifin dostları” həmin elm-təhsil ocağını milli müstəqilliyin, demokratik, azad, dünyəvi dövlətin əsas atributlarından və təsisatlarından biri sayır, bunun vasitəsilə xalqın intellektual potensialının, elm, təhsil və mədəniyyətinin, milli ruhunun, milli özünədərkinin inkişaf etdirilməsinə, millətimizin müstəqil və azad yaşamağa layiq olduğunu bütün dünyaya sübut etməyə xidmət edəcəyinə inanırdılar. Universitet açmağın əleyhdarlarına cavab olaraq maarif naziri Rəşid xan Kaplanov belə deyirdi: “Biz məsələni dövlətin mənafeyi nöqteyi-nəzərindən tədqiq və mülahizə etməliyik. Biz cəhanə elan edirik ki, hürr yaşamağa haqlı müstəqil millətik, bunu yalnız elanımız kafi deyildir. Təzahüratı-milliyətimizi daha ziyadə təhdid etmək və onu atiyə hazırlamaq lazımdır. Bu millətin ruhunu bu surətdə yüksəldərsək, əmin olalım ki, istiqbalda - fənalıqların önünü almış və millətimizi sahil-səlamətə şövq ilə fəlakətdən qurtarmış oluruq. Bulunduğumuz əsrdə yaşaya bilmək vəsaiti - maddiyyətdən ziyadə vəsaiti-mənəviyyəyə olan elmə müvəffəqdir... İştə o, ruhu yüksəldəcək bir elm ocağı lazımdır ki, o da darülfünundan başqa bir şey deyildir... ...Darülfünunun mövcudiyyətilə biz Vətənimizi daha başqa surətdə Avropaya qarşı göstərəcək və yaşamağa layiq bir millət olduğumuzu da bir surətlə əda və isbat edəcəyik” (Bax: Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Parlament. (Stenoqrafik hesabatlar). Bakı, 1998, II cild, s. 25).
İkincisi, universitetdə tarixi reallıq üzündən, milli kadrlar olmadığından tədrisin rus dilində olacağını milli faciə kimi qələmə verənlərə qarşı haqq səsini ucaldan “universitetin və maarifin dostları” belə hesab edirdilər ki, tədrisin rus dilində olması millətin və dövlətin mənafelərinə heç bir xələl gətirməz, əksinə bu prosesə tez başlamalıyıq ki, az müddətdən sonra milli kadrlarımız yetişsin. Dünyanın bir çox ölkələrində yeni yaranan universitetlərin də ilk mərhələdə əcnəbi dildə təhsil vermələri artıq sınanmış təcrübə idi. Universitet hansı dildə olmasına baxmayaraq, o, Azərbaycan dövlətinə, xalqına, Vətəninə xidmət edəcəkdir. Həm də qanun layihəsinə görə, universitetdə ana dilimiz məcburi fənn kimi tədris ediləcəkdir.
Elmin ümumbəşəri olduğu, hansı dildə olursa-olsun, onu öyrənməyin vacibliyi xüsusi olaraq vurğulanırdı.
Universitetdə milli dil məsələsi ətrafında müzakirələrdə Səmədağa Ağamalıoğlu böyük uzaqgörənliklə deyirdi ki, “Darülfünun olmasa, dil də qüvvətlənməyəcəkdir. Darülfünun olan yerdə dil də böyüyür...” (Bax: Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Parlament (Stenoqrafik hesabatlar). Bakı. 1998, II cild, s. 18.).
Yeri gəlmişkən, ana dili ilə bağlı bir məsələni də xatırlatmağı vacib sayırıq ki, AXC Hökuməti hələ Gəncədə olarkən tarixi reallığı və ölkənin milli kadr potensialındakı çatışmazlığı nəzərə alaraq Azərbaycan (türk) dilini dövlət dili elan (27 iyun 1918-ci il) etsə də, ana dilində bilən mütəxəssislər yetişənədək Hökumət idarələrində rus dilindən istifadəyə də icazə vermişdi. Bunu nəzərə alan “universitetin və maarifin dostları”, həmçinin Avropa təhsili görmüş mütərəqqi ziyalılar BDU-da tədrisin ilkin mərhələdə rus dilində aparılmasını dövlət və millətin gələcək mənafeyi baxımından zəruri addım hesab edirdilər. BDU-nun sonrakı inkişaf tarixi göstərdi ki, “universitetin varlığı milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin hərtərəfli inkişafına geniş yol açır” arqumentini söyləyənlər öz fikirlərində nə qədər haqlı imiş...
Nəhayət, universitetin açılmasının vacibliyini müdafiə edənlər bu fikirdə idilər ki, universitet təkcə təhsil verməklə kifayətlənməyib, ölkəni, Vətəni, Azərbaycanı tədqiq edib öyrənəcəkdir. Onlar hesab edirdilər ki, dünyanın bütün mədəni millətləri kimi xalqımız da universitetə müqəddəs elm və təhsil məbədi kimi sitayiş etməlidir.
AXC-nin maarif naziri Rəşid xan Kaplanov öz tarixi çıxışının sonunda Bakıda universitet açılmasının milli, dövlət və siyasi əhəmiyyətini xüsusi vurğulayaraq demişdi: “Elm məbədinə dərəcəyi hörmətlə, camelərə, məscidlərə girərkən ayaqqabılarımızı çıxaran kimi bu elm məbədinə də girərkən mülahizati - şəxsiyyə, siyasiyyə və firqə nizayilərini unudaraq girməlidir. Əminəm ki, bu dafülfünuna istiqbalı - milliyəmizi təminedici bir məbəd, elm nəzərilə baxacağıq” (Bax: Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Parlament (Stenoqrafik hesabatlar). Bakı, 1998, II cild, s.28).
Hesab edirik ki, universitetin yaradılmasının zəruriliyinə dair Parlamentdə söylənən və BDU-nun sonrakı tarixi taleyini həll edən bu mülahizələr istər tarixilik, istərsə də müasirlik baxımından dəyərlidir.
BDU-nun təsis edilməsinə dair qanun layihələrinin müzakirəsinə başlanması haqqında məlum qərardan sonra həmin məsələ Parlamentin 25 avqust və 1 sentyabr 1919-cu il tarixli 68-ci və 70-ci iclaslarında ətraflı müzakirə olunaraq, sonuncu iclasda “BDU-nun təsis olunması haqqında Qanun” qəbul edilmişdir.
Azərbaycan Parlamentinin BDU-nun təsis edilməsi haqqında qanunun qəbulu zamanı çıxış edən və həmin qərarı “təkcə Azərbaycan üçün deyil, bütün islam dünyası üçün böyük tarixi hadisə kimi” qiymətləndirən universitetin ilk rektoru professor V.İ.Razumovski sonralar bu məsələnin tarixindən danışarkən böyük iftixar hissiylə yazmışdı: “Azərbaycan öz ali təhsil ocağını yaratdı. Türk (Azərbaycan) xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni çıraq yandı” (Bax: V.İ.Razumovskiy. Osnovaniye universiteta v Baku. “İzvestiye BQU”, Baku, 1921, № 2, s.4).
Həqiqətən, o dövrün mətbuatı, qabaqcıl ziyalıları Bakıda universitetin yaradılması xəbərini böyük sevinclə qarşılamış, bunu Azərbaycan xalqının milli-mənəvi təkamülündə, milli tərəqqisində, Vətəndə elm, təhsil və mədəniyyətin gələcək inkişafında yeni dönəmin başlanğıcı kimi dəyərləndirmişdilər.
Universitet haqqında hər iki qanunda bu günümüz və tarixi keçmişimiz üçün əhəmiyyətli olan bir prinsipial məsələyə də toxunmaq istərdik. Əvvəla, hər iki sənəddə BDU-nun statusu muxtariyyət səlahiyyətli elm-tədris müəssisəsi kimi müəyyənləşdirilmişdir ki, bu status AXC Hökumətinin demokratik prinsiplərə nə qədər diqqət və hörmətlə yanaşdığını göstərir. Bu muxtariyyət statusu Parlamentdə müzakirə olunarkən bir çoxları onun əleyhinə çıxmış, muxtariyyət hüququndan baş verəcək hər hansı sui-istifadənin qarşısını almaq üçün Universitet Şurasına inanılmış siyasi şəxslərin də daxil edilməsini təklif etmişdilər.
Bu fikrə etirazını bildirən M.Rəsulzadə Parlamentdəki çıxışında deyirdi: “Onların muxtariyyəti siyasi bir muxtariyyət deyil, Nizamnamə daxilində elmi muxtariyyətdir. Əgər biz bu elmi muxtariyyəti haiz heyətə elmlə əlaqəsi olmayanları daxil edərsək, bu doğru olmayacaqdır. Hər halda şimdiki zamanda nöqsanları ilə bərabər, darülfünunu bu şəkildə qəbul edib, ona muxtariyyət verilməlidir” (Bax: Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Parlament (Stenoqrafik hesabatlar). Bakı, 1998, I cild, s. 92).
Bütün təzyiqlərə baxmayaraq, universitetə muxtariyyət hüququ verildi, lakin bu səlahiyyət o qədər də uzun sürmədi. Status Azərbaycanda Sovet rejiminin ilk illərində (1920-1922) bu və ya başqa şəkildə qorunub saxlansa da, Azərbaycanın SSRİ-nin tərkibinə qatılmasından (1922, dekabr) sonra qəbul edilmiş universitet Nizamnaməsi (26 fevral 1923) ilə ona son verildi.
Bu gün Azərbaycanda demokratik prinsiplər əsasında müasir təhsil sistemi qurulur. Sevindirici haldır ki, BDU-ya muxtariyyət statusu verilməsi məsələsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə yenidən bərpa olundu.
Universitetlə bağlı hüquqi-normativ aktlarda milli və dövlət mənafeyi baxımından çox əhəmiyyətli olan digər bir məsələ Azərbaycan dilinin bütün fakültələrdə məcburi fənn kimi tədris olunması tələbinin qoyulması idi.
Bütövlükdə təhlillər göstərir ki, universitetin təsis edilməsi haqqında qanun və Nizamnamə Azərbaycan xalqının, Azərbaycan dövlətinin mənafeyinə tam uyğun şəkildə hazırlanmış və qəbul edilmişdi.
Deməliyik ki, universitetin yaradılması haqqında Qanun qəbul ediləndən bir neçə gün sonra Universitet Komissiyasının iclasında rektor və dekanları seçildi. Hökumətin 8 sentyabr 1919-cu il tarixli “BDU-nun rektor və dekanlarının təsdiq edilməsi haqqında” qərarı ilə V.İ.Razumovski rektor, İ.İ.Şirokoqorov və N.A.Dubrovski dekan təsdiq edildilər. Tədrisə başlamaq üçün kadr dəvət etmək məqsədilə rektor V.İ.Razumovski Rostov-Yekaterinoslav - Xarkov marşrutu ilə ezamiyyəyə yollanır, başqaları isə universitet üçün tədris avadanlıqları almaq məqsədilə Avropa ölkələrinə göndərilir. V.İ.Razumovski noyabrın əvvəllərində bir neçə professorla Bakıya qayıdır. Universitet Şurasının 8 noyabr 1919-cu il tarixli iclas protokolundan öyrənirik ki, dərslərə noyabrın 15-də başlamaq qərara alınır.
Yeri gəlmişkən deməliyik ki, BDU üçün bina məsələsi istər Hökumət, istərsə də Parlamentdə böyük mübahisələr doğursa da, 1919-cu il avqust ayının 13-dək Bakıda ingilis ordusunun hərbi hospitalı kimi istifadə olunan keçmiş Kommersiya Məktəbinin, eləcə də, 1-ci Bakı Kişi Gimnaziyasının binaları universitetə verilir. Binaların təmirinə imkanlı insanlar, o cümlədən böyük mesenat Hacı Zeynalabdin Tağıyev yardım göstərirlər. Həmin binalardan biri hazırda akademik Zərifə Əliyeva adına prospektdə yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin köhnə tədris korpusu, digəri isə M.Füzuli küçəsindəki keçmiş 4 nömrəli Bakı şəhər Klinik xəstəxanasının binasıdır. Çox təəssüf ki, həmin binalara bu haqda xatirə lövhəsi vurulması “unudulmuşdur”...
Yuxarıda deyildiyi kimi, universitet binaları lazımi avadanlıqlarla təmin olunduqdan, universitetə tələb olunan akademik heyətin müəyyən hissəsi komplektləşdirildikdən, nəhayət, böyük təşkilati hazırlıq işlərindən sonra BDU-da 1919-cu il noyabrın 15-dən sistematik dərslər başlanır. Dərslərin başlanması mərasimində Parlamentin və Hökumətin üzvləri, tanınmış ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edirlər. Professorlar onların qarşısında tələbələrə giriş mühazirələri oxuyurlar.
Beləliklə, 15 noyabr 1919-cu il Azərbaycanın XX əsr milli tarixinə ilk elm və ali təhsil ocağı kimi daxil olan BDU-nun fəaliyyətə başladığı tarixi gün kimi milli yaddaşa həkk olunub. Mətbuatda, xüsusilə rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzetində bu böyük hadisə ilə bağlı çoxsaylı yazılar dərc olunur, BDU-nun açılması Azərbaycanda, islam aləmi və türk dünyasında tarixi hadisə, Azərbaycanın Avropaya və dünyaya tanıdılmasının, Şərq və Qərb sivilizasiyalarının inteqrasiyasının qüdrətli vasitəsi, müqəddəs elm və təhsil məbədi kimi dəyərləndirilir. Bu baxımdan həmin günlərdə “Azərbaycan” qəzetində (17.11.1919) çap edilmiş “Darülfünunun açılması” başlıqlı yazı diqqəti daha çox cəlb edir. Orada deyilirdi:
“Dün Azərbaycan darülfünunu ilk dəfə olaraq açıldı və ilk gündür ki, məşğuliyyətə başladı. Bir məmləkətdə bir millətin həyati-siyasiyyə və milliyyəsində darülfünunların, akademiyaların hasilə gətirəcəkləri tərəqqi və təcəddüdün dərəcə və meyarı təyin ediləməz. Tarixdə Atina darülfünunun yeni bir Yunanıstan yaratdığını kim inkar edə bilər? Bir əsr əvvəl Fransiyayı aləmşümul təkamülə atan Sorbonna darülfünunu... değilmi?... Almanları 1806-cı il fəlakətindən sonra yenidən şöhrətə, siyasət və hərbə hazırlayan və Napoleondan qəhar bir intiqam alan Berlin və Hamburq darülfünunları ... olmamışdırmı?
Hesab edirik ki, əlavə şərhə ehtiyac olmayan bu milli ruhlu yazıda söylənilən, arzu edilən amallar bu gün həqiqətən BDU-nun simasında artıq çoxdan həqiqətə çevrilmişdir.
Beləliklə, BDU ştatda nəzərdə tutulduğundan 2 dəfədən az, cəmi 44 nəfər akademik tərkiblə, o cümlədən 12 professor, 3 dosent və 1 privat dosentlə iki fakültədə: tibb fakültəsinin üç kursunda, tarix-filologiya fakültəsinin birinci kursunda 877 tələbə və 217 azad dinləyici ilə dərslərə başladı. Universitetin akademik tərkibində 9 nəfər azərbaycanlı müəllim vardı ki, onların içərisində sonralar dünya şöhrətli cərrah akademik Mustafa bəy Topçubaşov və dosent Məmmədağa Şahtaxtinski də vardı. Universitetdə kadr çatışmazlığı üzündən AXC-nin siyasi və dövlət xadimlərindən Məmmədəmin Rəsulzadə və Rəşid xan Kaplanov Osmanlı ədəbiyyatı tarixindən, maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski isə rus dili və ədəbiyyatından mühazirələr oxuyurdular.
Yeri gəlmişkən, bu günümüz üçün də əhəmiyyətli olan bir tarixi məqamı yada salmaq yerinə düşərdi. “BDU-nun Nizamnaməsi”nə görə (48-ci maddə) gələcəkdə pulsuz təhsilə keçənədək ölkənin maliyyə vəziyyəti ilə bağlı müvəqqəti olaraq tələbələrdən müəyyən qədər təhsil haqqı alınması nəzərdə tutulurdu. Bunu əsas tutaraq universitetdə tələbələrdən bir tədris ili üçün 500 rubl təhsil haqqı tələb edilir, eyni zamanda Universitet Şurasına tələbələrin 10%-ni təhsil haqqından azad etmək səlahiyyəti verilirdi. Sonralar bu ənənə 1920-ci illərdə də ölkənin maliyyə durumundan asılı olaraq tətbiq edilmiş, hər tələbədən tədris ili üçün 30 qızıl rubl təhsil haqqı alınmışdı. Bu illərdə tələbələrin 50%-ə qədəri təhsil haqqından azad edilə bilərdi...
Lakin, təəssüf ki, universitetlə bağlı sevincli günlərlə, xoş amallarla yaşayan AXC Hökuməti Sovet Rusiyasının XI “Qızıl ordusu”nun hərbi müdaxiləsi ilə devrildi və Azərbaycanda Sovet hakimiyyəti quruldu. Universitetin tarixində yeni mərhələ başlandı. Azərbaycanın yeni maarif komissarı Dadaş Bünyadzadə 1920-ci il mayın 11-də rektor V.İ.Razumovskiyə müraciət edərək universitetin “sosialist əmək quruluşu” prinsiplərinə uyğun yeni Nizamnaməsini hazırlamaq haqqında tapşırıq verdi. Lakin V.İ.Razumovski bir il əvvəl böyük çətinliklə yaratdığı universitet Nizamnaməsini öz əli ilə dağıtmaqdan imtina etdi, mayın 26-da rektorluqdan istefa verdi, bir neçə aydan sonra isə Bakını tərk edib vaxtilə yaratdığı Saratov universitetində elmi-pedaqoji fəaliyyətə başladı...
Azərbaycanda sovet hakimiyyəti dövründə BDU-nun tarixində müəyyən çətinliklərə baxmayaraq, o, müstəsna rol oynamış, bu dövrdə elm və təhsil müəssisəsinin hərtərəfli inkişafına layiqli töhfələr vermişdir.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində (1920-1922-ci illər) “Cümhuriyyət dövrü”ndən qalan siyasi, iqtisadi və mədəni müstəqillik əsasən qorunub saxlanmış, böyük siyasi xadim Nəriman Nərimanovun imzaladığı “BDU professorlarının və müəllimlərinin əvəzedilməz ixtisaslı işçilər sırasına daxil edilməsi haqqında”, “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında” dekretləri sonralar universitetin inkişafında və tədrisin milliləşdirilməsində öz tarixi rolunu oynamışdı. Məhz bu illərdə “Cümhuriyyət dövrü”ndə açılması nəzərdə tutulan bir neçə ali məktəb təsis edildi. BDU-nun adı və muxtariyyəti də məhz onun rəhbərliyi illərində qorunub saxlanmış, Azərbaycanın SSRİ tərkibinə qatılması ilə universitetin adı da dəyişdirilərək (dekabr 1922-ci il) “Azərbaycan Dövlət Universiteti” qoyulmuş və 69 ildən sonra 1991-ci ilin yanvarında yenidən tarixi adı bərpa edilmişdir...
Universitetin keçən əsrin 20-30-cu illər tarixi daha çox “eksperiment”lərlə müşahidə olunur, idarəetmə ilə bağlı tez-tez nizamnamələr dəyişdirilir, rektorların əvəzlənməsi prosesi adi hala çevrilir. Universitet 1930-cu ildə ləğv edilir və 4 ildən sonra yenidən bərpa olunur, universitetin idarə olunmasında bir siyasiləşmə meyilləri də müşahidə olunur. Mövcudluğunun birinci on illiyində nizamnaməsi 5 dəfə dəyişdirilən universitetə 7 rektor təyin olunur, təkcə 1934-cü ilin iyunundan 1937-ci ilin sentyabrına kimi universitetdə (2 il 4 aya) 5 rektor dəyişdirilir. Bu illərdə mənfur 37-ci il repressiyası universitetdən də yan keçmir, orada çalışan yüzlərlə alim “qırmızı terror”un qurbanı olur, Universitetə rəhbərlikdə və tədrisdə siyasətləşmə prosesi bir az da qüvvətlənir. II Dünya müharibəsindən sonra universitet rəhbərliyinə həqiqi elm və təhsil adamlarının - akademik Abdulla Qarayev, professor Cəfər Xəndan Hacıyev, akademik Yusif Məmmədəliyev, akademik Şəfaət Mehdiyev və başqalarının gəlişi ilə bu prosesə 50-60-cı illərdə son qoyuldu və universitet əsl tarixi missiyasını - elm-tədris müəssisəsi olmaq funksiyasını yerinə yetirməyə başladı...
Universitetin tarixində həqiqi yüksəliş, tərəqqi və çiçəklənmə dövrü ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbər təyin olunduğu 1969-cu ilin 14 iyulundan başlanır. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirində iştirak edən Heydər Əliyevin o zaman üçün fövqəladə hal hesab edilən partiya liderinin Azərbaycan dilində çıxış etməsi universitet həyatında milli ruhun, milli özünüdərkin, milli dirçəliş və oyanışın hərəkətə gətirilməsi üçün siqnal rolunu oynadı. Azərbaycan ziyalısı sözün həqiqi mənasında qanı və canı ilə milli mənafeyi hər şeydən uca tutan həqiqi milli liderini gördü, tanıdı və ümidini ona bağladı. Respublika rəhbərinin ana dilində çıxışı Azərbaycan dilində tədrisin qüvvətləndirilməsinə, milli dilimizin hərtərəfli inkişafına xidmət edirdi. Bunun nəticəsində tezliklə universitetdə yaradılan 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyi Dövlət Mükafatına layiq görüldü. Ümummilli lider Heydər Əliyevin böyük fədakarlığı və mübarizəsi sayəsində Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ilk dövründə (1969-1982) onun böyük himayəsi ilə universitet respublikada ali məktəblərin həqiqi bayraqdarına çevrildi, universitetdə mənəvi iqlim saflaşdı, universitetlə bağlı yaranmış “Qoy, ədalət zəfər çalsın!” aforizmi Azərbaycanda mənəvi-əxlaqi prinsipə çevrildi, universitet o illərdə respublikadan kənara göndərilən 15 mindən artıq azərbaycanlı gənclərin seçilməsi üçün baş qərargaha çevrildi. Bütün bu uğurların ilhamçısı və rəhbəri olan Heydər Əliyevin universitetə hər gəlişi əsl ümumxalq bayramına çevrilirdi. Bu da həqiqətdir ki, universitetin 50, 60, 75 və 80 illiyi ümummilli lider Heydər Əliyevin iştirakı və rəhbərliyi ilə keçirilmişdir.
BDU həmçinin Azərbaycanda yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycanda yaranan bütün elm və ali təhsil müəssisələri sözün həqiqi mənasında BDU-nun elm, təhsil, maarif ziyasından işıq alıb, bu müqəddəs məbədin əbədi çağlayan elm və maarif çeşməsindən qaynaqlanıb, onun divarları arasında yetişib, pərvazlanıb. Bir neçə tarixi faktı da yada salmaq yerinə düşərdi. Bəllidir ki, bugünkü Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və başqaları vaxtilə BDU -nun ayrı-ayrı fakültələrinin bazasında yaradılıb.
BDU yarandığı gündən Azərbaycanda elmi-tədqiqat mərkəzinə çevrilmiş, 1923-cü ildə yaradılan “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” ilə, sonralar Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu ilə, nəhayət, 30-cu illərdə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı ilə birlikdə, sıx elmi əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir. Tarixi həqiqətdir ki, o zamanlar görkəmli alimlərin hamısı eyni zamanda həm universitetdə, həm də Akademiyanın elmi-tədqiqat institutlarında çalışırdılar.
1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının təşkilində BDU-nun müstəsna rolu olmuşdur. Belə ki, akademiyaya seçilən ilk 15 həqiqi üzvdən 6 nəfəri universitetin məzunu və professoru idi.
Bu gün müstəqil Azərbaycanda aparıcı ali məktəblərdən biri olan BDU özünün bir əsrlik şanlı, şərəfli tarixinin müasir mərhələsini yaşayır, dünya təhsil məkanına inteqrasiya yolunda uğurlu addımlar artır. “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyildiyi kimi, “Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir”.
Böyük iftixar hissi ilə deməliyik ki, BDU-nun məzunu, ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU fəaliyyət göstərdiyi yüz ildə, ölkəmizin elm, təhsil, mədəniyyət sahələrinə görkəmli şəxsiyyətlər bəxş etmiş, Azərbaycanın intellektual potensialının formalaşmasına əvəzsiz töhfələr vermis, bu gün də müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək gənc kadrların yetişdirilməsi yolunda tarixi missiyasını uğurla davam etdirməkdədir!
Əsgər QULİYEV, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim
|
|
04.05.2019 | 11:32 | |
|
|
|