Tələbə-könüllülər Bakı Marafonunda | |
Təhsil Nazirliyinin 600-dən çox “BİR” tələbə-könüllüsü Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək “Bakı Marafonu - 2019”-a dəstək göstərəcək.
“Bakı Marafonu-2019” layihəsinin məqsədi idmanın inkişafına təkan vermək, sağlam həyat tərzini təbliğ etməkdir. Marafon mayın 5-də baş tutacaq.
“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı Marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edəcək. Marafonun bütün iştirakçıları yarış zamanı “BİR” könüllülərin dəstəyindən faydalanacaqlar.
Mart-aprel ayından “BİR” könüllülər Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrində marafon iştirakçılarının qeydiyyat prosesini həyata keçirirlər. Marafon günü tələbə-könüllülər xüsusi əyləncə proqramlarının təşkili, logistika, nəzarət, iştirakçıların yönləndirilməsi və digər işlərdə fəaliyyət göstərərək tədbirin uğurla həyata keçirilməsinə dəstək olacaqlar.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, eləcə də təşkilati dəstək verilib.
“BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
|
|
01.05.2019 | 12:26 | |
|
|
|