VI sinif şagirdi Aysu Mustafazadənin növbəti uğuru

Bakıda Əməkdar incəsənət xadimi, “Humay” milli mükafatı laureatı, professor Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçirilib. Tədbir Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.

 

Müsabiqədə Astara Uşaq Musiqi Məktəbinin VI sinif şagirdi Aysu Mustafazadə  uğurla çıxış edərək laureat adına layiq görülüb. Müsabiqə iki yaş qrupu üzrə (birinci qrup-16 yaşa qədər, ikinci qrup-16 yaşdan yuxarı) 3 mərhələdə keçirilib. Beynəlxalq müsabiqənin məqsədi uşaqlar, yeniyetmələr və gənclər arasında musiqi sənətinə marağın artırılması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərinin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin ifaçılığını inkişaf etdirməkdən  ibarətdir.

 

Müsabiqənin birinci yaş qrupunda Aysu Mustafazadə müəllimi Aybəniz Dadaşovanın rəhbərliyi ilə bütün mərhələləri uğurla keçərək  I yeri qazanıb.

 

Xatırladaq ki, gənc istedad A.Mustafazadə bu il Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş Bladimir Kraynev adına Pianoçuların III beynəlxalq müsabiqəsində də uğurla çıxış edib.

 

Sifai SƏFƏROVA

 



30.04.2019 | 18:39