Paytaxt məktəbliləri Formula 1 tədbirlərində | |
Paytaxt məktəbliləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə bağlı tədbirlərdə maraqlı proqramla çıxış ediblər.
Belə ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində 193 nömrəli tam orta məktəb, 20 və 6 nömrəli məktəb-liseylər, 132-134 nömrəli Məktəb-Lisey Kompleksi və Avropa liseyinin şagirdləri 26-28 aprel 2019-cu il tarixlərində Bulvar ərazisində Formula 1 oyunları ilə əlaqədar keçirilən əyləncəli tədbirlərdə iştirak ediblər.
Tədbirlərdə ümumi təhsil müəssisələri “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində püşkatma zamanı onlara adları təqdim olunan Avropa ölkələrini təmsil edib, həmin ölkələrin maddi-mənəvi irsini nümayiş etdiriblər. Azərbaycanın mədəniyyətini, tarixini, incəsənətini əks etdirən geniş pavilyon da qonaqlara təqdim olunub. İstedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirilib, rəqs kollektivləri milli rəqslərimizlə yanaşı Avropa ölkələrinin rəqs nömrələrini ifa ediblər.
Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə bağlı ölkəmizə gələn turistlər və paytaxt sakinləri məktəblilərin təmsil etdikləri pavilyonlara yaxınlaşaraq onlarla birgə rəqs edib, mahnılar oxuyub, müxtəlif oyunlarda iştirak ediblər. Şagirdlərin çıxışları qonaqlar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində 2019-cu ilin 20-28 iyul tarixlərində XV Avropa Gənclər Olimpiya Festivalı Azərbaycanda keçiriləcək. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarətdir. Proqrama paytaxt məktəblərindən 50 ümumi təhsil müəssisəsi cəlb olunub.
|
|
29.04.2019 | 17:30 | |
|
|
|