NDU-da “Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində “Naxçıvan-Türkiyə diplomatik əlaqələri yeni müstəvidə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən videoçarx nümayiş olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağında belə bir konfransın keçirilməsinin qürurverici olduğunu diqqətə çatdırıb. Rektor  ulu öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin yaradılması və inkişafı sahəsindəki xidmətlərindən, eləcə də müasir dövrdə ikitərəfli münasibətlərin inkişafı sahəsində görülən işlərdən geniş  danışıb. Bildirilib ki, Prezident İlham Əliyev Naxçıvanın sosial- iqtisadi inkişafına xüsusi diqqət yetirir.

 

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Respublikası ilə Azərbaycan arasındakı əlaqələrin  inkişafından söz açaraq əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb.

 

“Türkiyə-Naxçıvan diplomatik əlaqələri:tarixdə və günümüzdə” mövzusunda çıxışında AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən  sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin Türkiyə Respublikasına ilk rəsmi səfəri zamanı 24 mart 1992-ci il tarixdə imzalanmış “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” ilə qoyulub. 1992-ci ilin yanvarın  14-də yaradılan diplomatik əlaqələr həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqust ayından isə Azərbaycanın Türkiyədə diplomatik missiyasının fəaliyyətə başlaması ilə nəticələnib. Vurğulanıb ki, bu siyasətin davamı olaraq Naxçıvanda təsis edilən Türkiyə Respublikasının Baş Konsulluğu 5 fevral 1993-cü il tarixdə fəaliyyətə başlayıb.

 

İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma Türkiyə ilə Azərbaycan arasında əlaqələrin  inkişafından söz açaraq əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb, hər iki ali təhsil ocağının reallaşdıracağı  birgə layihələrin gələcək perspektivlərindən danışıb. O, 2019-cu il 19-21 oktyabr tarixlərində  Azərbaycan –Erməni münaqişəsindən bəhs edən simpoziumun keçiriləcəyini bildirib. Nəzərə çatdırılıb ki, simpozium Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına dəstək məqsədini daşıyacaq.

 

Konfransda sonra  İğdır Universitetinin dosenti Cengiz Atlının,  Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın çıxışları olub.

 

Daha sonra konfrans öz işini 3 bölmədə- Naxçıvan –Türkiyə ictimai-siyasi əlaqələri, Naxçıvan-Türkiyə sosial-iqtisadi əlaqələri, Naxçıvan-Türkiyə mədəni əlaqələri bölmələrində davam etdirib.

 



29.04.2019 | 17:03