Nobel mükafatının məbləğı azaldı

Bu il Nobel mükafatının məbləğı azaldılacaq. Bu barədə Nobel Mükafatları Komitəsinin mətbuat xidməti məlumat yayıb. www.nobelprize.org saytının məlumata əsasən,   mükafatının məbləği 2019-ci ildə 9 milyon İsveç kronu (949. 400 dollar) təşkil edəcək. Müvafiq qərar aprelin 26-də Nobel Fondunun Direktorlar Şurasının iclasında qəbul olunub. Qeyd edək ki, Nobel mükafatının məbləği İsveç kronunun kursundan, eləcə də Nobel Fondunun maliyyə göstəricilərindən asılıdır. Nobel Fondunun icraçı direktoru  Lars Xeykensten qeyd edib ki, ödənişlərin həcmi dollar ekvivalentində İsveç milli valyutasının məzənnəsinin zəifləməsi ilə əlaqədar bir qədər aşağı düşüb. L.Xaykenstenin  sözlərinə görə, mükafatın hazırkı həcmi onsuz da əhəmiyyətlidir, çünki  bu pul qaliblərə İsveç kronu ilə təqdim olunur, onsuz da "milli valyutaların bir çoxu zəifləyib".

 

Əgər 2011-ci ildə Nobel mükafatının məbləği 10 milyon krona ( 1,5 milyon dollar)  çatıbsa,  2012-ci ildə onun həcmi  8 milyon kron (1,2 milyon  dollar) olub ki, bunun səbəbi  "əlverişsiz iqtisadi vəziyyət"lə izah olunub. 2017-ci ildə isə mükafatın məbləğı 9 milyon krona (1,07 milyon dollar) qədər artıb.

 

Bu il ayrı-ayrı elm sahələrində yüksək elmi mükafata layiq görülən alimlərin adları oktyabrın 7-14 tarixlərində keçiriləcək ənənəvi Nobel həftəliyində elan olunacaq. Qeyd edək ki, bu ilin oktyabrında ədəbiyyat sahəsində 2 qalibin adı (2018, 2019-cu illər üzrə) açıqlanacaq.

 


Oruc MUSTAFAYEV

 



29.04.2019 | 13:18