“Riyaziyyatın tədrisində innovasiyalardan səmərəli istifadə” | |
Naxçıvan Müəllimlər İnstitutunda “Riyaziyyatın tədrisində innovasiyalardan səmərəli istifadə” mövzusunda elmi – praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev bildirib ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrə həsr olunub. Naxçıvan Müəllimlər İnstitutunun “Ali riyaziyyat və informatika” və “Riyaziyyat və tədrisi metodikası” kafedralarının birgə hazırladıqları konfransda müvafiq kafedraların professor-müəllim heyəti, bir sıra ümumtəhsil məktəblərin riyaziyyat müəllimləri və tələbələr iştirak ediblər. Konfransın aktuallığından bəhs edən rektor qeyd edib ki, bu gün Muxtar Respublikada təhsil infrastrukturunun mövcud olan yüksək imkanları hər bir sahədə innovativ yanaşmanı zəruri məsələ kimi müəyyənləşdirir. O cümlədən fənlərin tədrisi zamanı innovativ metodlardan istifadə təhsilimizin məzmununa və strategiyasına uyğun qurulmalıdır. Konfransda riyaziyyatın tədrisinə dair təqdim olunan məruzələr bu sahədə yeni yanaşmaların tətbiqi baxımından mühüm aktuallıq kəsb edir.
Daha sonra “İnnovativ metodlarla riyaziyyat təliminin təşkili və metodları”, “Kompyuterin inkişaf tarixi və qurğuları”, “Riyaziyyatın tədrisində müasir metodların tətbiqi”, “Didaktik və interaktiv oyunların riyaziyyat dərslərinin tədrisində rolu”, “Riyaziyyat dərslərində inteqrasiyadan istifadə yolları”, “İKT-dən istifadə etməklə fəza fiqurlarının innovativ metodlarla öyrədilməsi” mövzularında məruzələr dinlənilib.
Konfrans dəyirmi masa ətrafında diskussiya şəraitində davam edib.
|
|
29.04.2019 | 10:45 | |
|
|
|