Həyat prinsipi: MÜƏLLİM OLACAĞAM! | |
1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 132 nömrəli məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Deyir Şərq dilləri, xüsusən də ərəb dili üzrə mütəxəssis olmaq uşaqlıq arzusu olub. Bu üzdən ali məktəbə məhz arzuladığı fakültəyə qəbul olanda sevincinin hədd-hüdudu olmayıb...
Beləliklə, “Məktəb illəri”nin qonağı 267 nömrəli məktəbdə ərəb dilini tədris edən Əməkdar müəllim Nailə Cəlilovadır. Ona ilk sualımız məktəbdə işlərin necə getməsi ilə bağlı oldu.
- Hər şey qaydası ilə gedir hələlik. Düzü, bir şikayətim yoxdur.
- Nailə xanım, sovet dönəminin məktəblisi və ərəb dili, hansı tərəfdən baxılsa qəribə mənzərədir. Hardan yaranmışdı ərəb dilinə maraq sizdə?
- Orta məktəbdə oxuyanda bizə ərəb dili keçilirdi. Bilmirəm niyə, baxmayaraq ki, çox mürəkkəb dildir, son dərəcə həvəsli idim. Başqa uşaqlar qiymət almaq xatirinə öyrənirdilər. Mən dərinliklərinə getməyə çalışırdım. Bəzən müəllimlərə də təəccüblü gəlirdi ərəb dilinə olan bu sevgim. Amma yəqin ki, istiqamətim bu yönə olacaqmış deyə, bu maraq var idi.
- Universitetə necə gedib çıxmağınıza qayıdacağıq. Amma uşaqlıq illəri, ailənizi xatırlamağınızı istərdik. Hansı ailədə böyümüsünüz, kim idi valideynləriniz?
- Həkim ailəsində dünyaya gəlmişəm. Atam Cəfər Bağırov indiki Respublika Xəstəxanasında baş həkimin müavini kimi çalışıb. Anam isə rentgenoloq idi. Əmi, dayı, bibi, xala hamı həkimdir. Atam ərəb dili ilə məşğul olmaq istəyimi eşidəndə, necə deyərlər, “daş atıb, başını tutdu”. Heç istəmirdi bu istiqamətə gedim. Ailə peşəsini davam etdirməyimi istəyirdi. Hətta bəzən olurdu Şərqşünaslıq fakültəsini gözümdən salmağa cəhd edirdi. Deyirdi sən ora heç girə də bilməyəcəksən. Çünki cəmi altı yerdir, imtahanları da ağır. Kəsiləcəksən deyib durmuşdu. Elə bil ona inad edirdim. O, getmə dedikcə, daha çox oxuyurdum. Deməli, adamın alın yazısının olması gerçək bir şeydir. Yəni BDU-nun Şərqşünaslıq fakültəsi həm də mənim alın yazım idi.
- Bəs siz qəbul olanda nə reaksiya verdi atanız?
- Heç nə, susdu, gülümsədi və hamı kimi o da razılaşdı, təbrik elədi məni.
- Deyilənə görə, siz həm də zadəgan ailəsinin qızısınız. Babalarınız kim olub?
- O qədər də məşhur milyonçulardan sayılmaz mənim babam. Amma dövrünün yaxşı kişilərindən biri olub. Bunu o zamanlar danışmaq qorxulu idi. İnsanları belə keçmişlərinə görə həbs edib, sürgünə göndərirdilər. İndi hamı danışır. Bizim ailədə də belə bir qol var. Babam Hidayət Quliyev Bakı kəndlərində nüfuzlu kişilərdən idi. Çoxlu mülkü olub, dövründə tanınan sahibkarlardan imiş. Ana babamdır. Repressiya illərində babamı sürgünə yollayıblar. Bu barədə biz həmişə danışmağa qorxmuşuq. Bizi başa salıblar ki, əgər kiməsə danışsaq, valideynlərimizə pis olacaq. Təbii ki, illər öncə belə idi. Amma illər sonra bir gün qapımız döyüldü. Dedilər biz rəsmi dövlət qurumundanıq, sizin babanıza bəraət verilib. Hamı bir-birinə baxdı və heç nə demədi.
- İndiki dillə soruşsaq babanız hansı biznes fəaliyyəti ilə məşğul imiş?
- Siz demiş, müasir dillə desək, nəqliyyat sektorunda fəaliyyət göstərib. Nəqliyyat şirkəti olub. Yəni çoxlu sayda faytona sahib imiş. Tikinti işi ilə məşğul olub həm də.
- Bəraətdən sonra nə baş verdi?
- Anamgil üç bacı, bir qardaş idi. Dövlət qurumundan gələn nümayəndələr dedilər ki, sizin üçün nə edilməsini istəyirsinizsə, edək. Yəni, babamdan qalan mal-mülkdən nəyi geri almaq istəsəydilər, ala bilərdilər. Hər halda belə dedilər.
- Bəs nəticə nə oldu?
- Yəqin ki, çoxları Buzovnadakı məşhur sanatoriyanı tanıyır. Ora mənim babamın evi olub. Yəni anamgil həmin evdə dünyaya gəlib, böyüyüblər. Şəxsi mülkiyyəti imiş babamın. Bizim ailə qərara gəldi ki, baba mülkümüzü geri istəsinlər. Uşaqlıq illəri və atalarından qalan yadigar kimi. Sağ olsun dövlətimiz, babamızın mülkünü bizə qaytardı. İndi sanatoriyanın sənədləri bizdədir. Yəni, biz o binanın rəsmi sahibləriyik. Babamızın evini əvvəlki halına gətirib bərpa edə bilmirik, çünki böyük vəsait tələb edir. Ev də, ərazisi də yetərincə böyükdür. Amma bizim olduğunu dəqiq bilirik. Bu, adama mənəvi rahatlıq gətirir. - İndi kimsə yaşayırmı orada?
- Heç kim. Amma hərdən ailəlikcə yığışıb gedirik, təmizlik aparırıq, həyətini sulayırıq, elə bil adamın ruhu yenilənir, başqa cür oluruq hamımız. Bilirsən ki, bura sənin ulu nənə-babanın, ailə üzvlərinin ruhları dolaşan yerdir.
- Qayıdaq universitetə qəbul olduğunuz illərə...
- Bizim fakültəni bitirənlər adətən tərcüməçi olur. Mən istədim pedaqoq olum. Yəni, orta məktəbdə şagirdlərə ərəb dilini öyrədim.
- Siz ali təhsilinizi bitirdiyiniz illər hələ də belə məktəblər qalırdımı?
- Var idi, amma artıq son dərəcə azalmışdı dərs saatları.
- Bəs sizin plan necə oldu?
- Düzünə qalsa, əslində, heç bir plan yox idi. Sadəcə, araşdırmağa başladım. Haradasa yetmişinci illərin əvvəlləri idi, Bakıda Xarici Ölkələrlə Əlaqələr üzrə Dostluq Cəmiyyəti var idi. Müəllim kimi yerləşənə qədər həmin cəmiyyətdə tərcüməçi olaraq işə düzəldim. Sonra ailə qurdum. Elə ailə vəziyyətimizlə əlaqədər Liviyaya köçəsi olduq. Yəni müəllimlik arzum baş tutmadı. Köçməyə həyat yoldaşımla birgə qərar versək də, bir narazılığım var idi içimdə. Axı ərəb dili müəllimliyi arzum reallaşmamışdı. Onu reallaşdıra bilmirdim deyə, çox təəssüflənirdim. Eyni zamanda getməyə də bilmirdim. Başqa yol yox idi, qərar verilmişdi, getdik. Beləcə, peşə fəaliyyətimin Liviya hissəsi başladı. SSRİ-nin Liviyadakı səfirliyinin ictimaiyyətlə əlaqələr bölməsində həm redaktor, həm də tərcüməçi kimi işlədim. İş çox, maaş yaxşı idi, amma məni qane eləmirdi. Biz 1978-ci ildə getmişdik, 1988-ci ildə Bakıya qayıtdıq. Yenə də araşdırmağa başladım, görüm hansı məktəblərdə ərəb dili fənni tədris olunur. Narahat idim, düşünürdüm bəlkə, ümumiyyətlə, yığışdırılıb.
- Tərcüməçi kimi fəaliyyətinizi də davam etdirə bilərdiniz...
- Yox, ailə ilə uyğun gəlmirdi tərcüməçilik. Həm də illərdir əlçatmaz arzum var idi. Müəllim olmalıydım, mütləq! Tərcümə işinə gəlincə, çətin işdir. Kimisə tərcümə etmək yox, iş qrafiki ağırdır. Yəni tərcüməçinin gecəsi-gündüzü olmur. Tutalım bir xarici qonaqla işləyirsən. Bir də görürsən axşam saatlarına qədər çəkir tədbirlər, müzakirələr. Ailə və azyaşlı uşaqla bu mümkün olmurdu. O üzdən heç tərcüməçi kimi işləməyi ailədə də istəmədilər. Dedilər müəllim kimi işlə. Bu da öz arzum idi axı. Beləcə, bir gün qarşıma elan çıxdı. Baxdım 267 nömrəli məktəbdə ərəb dilinin tədrisi üçün mütəxəssis, müəllim axtarırlar. Qəzetdə rast gəldiyim bu elan elə bildim nəfəs almaq üçün yeni bir pəncərə oldu. İllər öncəki arzumun bir addımlığındayam. Getdim məktəbə. Dili harada öyrəndiyim, indiyə qədər harada çalışdığım, niyə müəllim olmaq istədiyimi soruşdular. Bütün suallara cavab verdim, sonda da dedim ki, orta məktəbdə oxuduğum illərdəki arzumdur müəllim olmaq, mənə dərs saatı verin, sizi yanıltmaram. O vaxtdan bu məktəbdəyəm, 267 nömrəli məktəbdə. Sağ olsunlar, iş verildi, indiyə qədər də işləyirəm.
- Bu gün ingilis və rus dilləri prioritetdir. Bəlkə dəbdədir də demək olar. Ərəb dilinə necə, maraq göstərən varmı?
- İlk başladığım ildə ərəb dili ancaq məktəbin Azərbaycan bölməsində tədris olunurdu. Ancaq sonra rus bölməsində də tədrisə başladıq. İki bölmədə keçirdik və çox maraqlı idi. Elə indi də bu cür davam edir.
- Çox az məktəbdə xarici dilin tədrisində Şərq dillərinə, xüsusən də ərəb dilinə rast gəlinə bilər. Sizcə bunu niyə ediblər?
- Düşünürəm BDU-nun Şərqşünaslıq fakültəsinin olmasına və bir də Şərq ölkələrindəki diplomatik nümayəndəliklərdə çalışacaq, bu dili oyrənəcək gənclərdə dilin bazasını formalaşdırmaqdır məqsəd.
- Hərənin həyatında rol oynayan bir müəllimi olur. Sizin həyat müəlliminiz kim olub?
- Azərbaycan dili və ədəbiyyatı müəllimim vardı, Billurə xanım. Əfrasiyab müəllim vardı, Bibixanım müəllim var idi. Riyaziyyat müəllimimi xatırlayıram, Zeynəb xanımı. Amma biri var idi, onu xüsusi xatırlayıram, mənim ərəb dili müəllimim. Əvvəllər Əlcəzairdə tərcüməçi kimi işləmişdi. Sonradan orta məktəb müəllimi kimi fəaliyyət göstərirdi. Bəlkə də o, həyatımın formalaşmasında rolu olan iki-üç insandan biridir.
- Çoxu üçün müəllimlik növbəti vəzifəyə tramplindir. Kimisi üçün bəhanədir. O mənada ki, hə, mən də qızımı, oğlumu oxutdum. Sizin yanaşmanız necədir?
- Müəllimlik tək diplomla həll olunacaq iş deyil. İnsan müəllim olmaq üçün doğulmalıdır. Bu peşəni, səmimiyyətimə inanın, çox nadir halda oxumaqla qazanmaq olar. Sizin sadaladığınız halları görəndə həm təəssüf edirəm, həm də istəmirəm belə yanaşmalar olsun. Çünki insan yetişdirəcək peşəyə dırnaqarası yanaşma cəmiyyətin faciəsi olar. Müəllimlik səbr tələb edən peşədir. Bəzən deyirlər, uşaq pisdir. Mən deyirəm ki, pis uşaq yoxdur. O uşağın dilini tapa bilməyən müəllim var. İşləmək, o uşaqdan kimsə düzəltmək istəyən müəllim olmalıdır. Uşağa qalsa, heç kim olmaz. Uşaqlarla işləmək ilk baxışdan asan görünə bilər, amma çox ciddi və məsuliyyətli işdir. İradəsi olmayan, cəldliyi və səbri çatmayan adamdan müəllim olmaz. Nə qədər savadlı olur-olsun, alınmaz. Müəllimlik yaxşı mənada tanrıdan gələn istedaddır.
- Mərhələyə bölsək, müəllim uşağın tərbiyəsində neçənci yerdədir?
- Birinci yerdə mütləq ailədir. İkinci yerdə mühit. Sonra damarında axan qan və cəmiyyət. Amma bir şey var, istənilən halda müəllim nümunə olmalıdır, yaxşı nümunə. Geyimində, mədəniyyətində, savadında, tərbiyəsində. Belə olsa mütləq sinfin ən dəcəl uşağı da istəyəcək o müəllimdən nəsə öyrənib, götürsün.
- Siz necə müəllimsiniz? Yəni, özünüzə kənardan baxa bilirsinizmi?
- Baxıram, əlbəttə. Təəssüratlarımı bölüşmək istəmirəm amma. Sadəcə deyə bilərəm ki, peşəmdən, onun mənə gətirdiyi hörmətdən, uşaqların, valideynlərin münasibətindən çox razıyam. Yaxşı ki, mən müəllim oldum. Başqa heç bir sahədə bu qədər işim uğurlu alınmazdı.
- Əməkdar müəllimsiniz. Bu bir müəllimə verilə biləcək ən böyük dəyər, hörmətdir dövləti tərəfindən. O adı aldığınızı öyrəndiyiniz anı necə xatırlayırsınız?
- Ən yaxşı müəllim müsabiqəsi keçirilirdi. O müsabiqəyə qatıldım. Müsabiqə üç mərhələdən ibarət idi. Birinci mərhələdə müəllimin pedaqogikaya aid yazıları çap olunmalı idi. Burdan keçdim. Sonra müsahibə mərhələsində iştirak etdim. Üçüncü mərhələdə tanımadığın bir məktəbdə, dərsin mövzusunu bilmədən sinfə girməli, dərs soruşub, yeni dərs keçməli idin. Dərsə girdim və on uşaqla qrup formatında dərs keçdim. Uşaqlardan çox razı qaldım. Deyəsən, onlar da məndən razı idilər. Ancaq bu son mərhələnin nəticəsini bilmədim. Evə gəldim, narahat idim. Axşam bir tanışımız sevincək zəng elədi ki, bəs müsabiqənin nəticələri dərc olunub. Xahiş etdim mənim də adımı yoxlasın. Bir də gördüm sevinə-sevinə geri zəng vurub, dedi qaliblərdənsən. Yüz müəllimdən biri olmuşdum. Bu məni çox sevindirirdi. Yadımdadır, o vaxt evdəkilər məndən çox sevinmişdilər. Həmin gün böyük ailə tədbiri də keçirdik. Nəyə görə sualınıza cavabı bu qədər uzaqdan başladım? Qoyun, bunu da deyim. Məni Əməkdar müəllim olmağa aparan yolun birinci mərhələsi bu idi. Sonra elə bil bu qalibiyyət mənə daha çox işləmək həvəsi verdi. Başladım dərsliklər üzərində çalışmağa. Beş sinif üzrə ərəb dili dərslik komplektinin müəllifiyəm. Bundan sonra Əməkdar müəllim fəxri adına təqdimatım oldu. Sağ olsun bu təqdimatı edənlər. O cümlədən müəllim əməyinə qiymət verən cənab Prezidentə təşəkkür edirəm. Mən adımı rəsmi sənədlərdə Əməkdar müəllim kimi görəndə, inana bilmirdim. Evdə ailə üzvlərim də dedilər, nəhayət, sənin də dəyərin verildi. Bu, çox ayrı və xoş bir hissdir. Yaşamadan izah edilə bilməz.
- Sizcə, həyat həmişə belədirmi? Yəni, bütün çəkilən zəhmətlərin qarşılığı varmı?
- Mütləq var. Buna adım qədər əminəm. Əgər hesab edirsənsə zəhmət çəkmisən, amma bəhrəsi yoxdur, deməli, haradasa səhvlərə yol vermisən. Bu, mütləq belədir. Başqa cür mümkün deyil. Mən buna çox inanıram. Olar ki, bir az gec, bir az çətin dəyərlənər zəhmətin. Amma gec-tez dəyərlənər. Bu üzdən əziyyətinə dəyər verilmədiyini düşünən insanlara bir məsləhətim olub həmişə: sənətinizi sevin, daim axtarışda olun, mübarizə aparın, həm də işinizlə məşğul ola-ola zamanınızı səbrlə gözləyin. Mütləq nəticə olacaq.
- Yaxşı müəllim olmağın formulu nədir? Kimdir yaxşı müəllim?
- Müəllim işıqlı sima, səbrli insan, savadlı adam, müdrik, təcrübəli biri olmalıdır. Hər an gözlənilməzliyə hazırlıqlı olmalıdır. Müəllim əldən tutmağı bacarmalıdır. Uşağı söz-söz, sətir-sətir öyrədib, insan etməlidir. Müəllimi başqa cür təsəvvür edə bilmirəm.
Jalə MÜTƏLLİMOVA
|
|
06.04.2018 | 16:17 | |
|
|
|