“Uşaqlıqdan məktəbin, müəllim peşəsinin vurğunu olmuşam”

Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək 48 bal toplayıb, Şəki rayonunun  Çayqaraqoyunlu kənd tam orta məktəbinə coğrafiya müəllimi təyin edilmiş Cavad Əliyev 1993-cü ildə Sumqayıt şəhərində dünyaya göz açıb. 2000-ci ildə Sumqayıt şəhər 30 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2011-ci ildə orta təhsilini başa vurub.

 

O, 2011-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında tarix-coğrafiya müəllimliyi ixtisası üzrə ali təhsil alıb.

 

Müəllimlik peşəsinə yiyələnmiş Cavad Əliyevin təəssüratlarını öyrənmək üçün  onun dərs dediyi məktəbdə olduq və ona bir sıra suallarla müraciət etdik.

 

- Cavad müəllim, necə oldu ki, müəllimlik peşəsini seçdiniz?

 

- Mən uşaqlıqdan məktəbin, müəllim peşəsinin vurğunu olmuşam. Artıq 7 aydır ki, sevərək seçdiyim peşəylə məşğulam.

 

- İşlədiyiniz məktəb doğulub boya-başa çatdığınız Sumqayıtdan çox uzaqdadır. Gəlib-getmək sizin üçün çətinlik yaradırmı?

 

-Xeyr. Müəllimlik peşəsi  nə qədər çətindirsə, o qədər  də şərəfli bir peşədir. Mənə sual versəydilər ki, həyata bir də gəlsəydiniz hansı peşəni seçərdiniz? Düşünmədən deyərdim ki, əlbəttə,  müəllimlik peşəsini... Mən öz seçdiyim peşəmlə fəxr edirəm. Səs-küylü sinif otaqları, mehriban, güləriz iş yoldaşlarım  hər şeyə dəyər.

 

- Dərsdənkənar vaxtlarda  nə ilə məşğul olursunuz?

 

- Əmək fəaliyyətinə başlamağımdan az vaxt keçməsinə baxmayaraq, kəndin xeyir-şərindən kənarda  qalmıram. Onların hər bir işini doğma işim hesab edirəm.

 

- Hazırda tədris etdiyiniz fənn üzrə şagirdlərinizin bilik səviyyəsi  sizi qane edirmi?

 

- Doğrusu, əvvəllər şagirdlərdə oxumağa həvəs  az idi. Düşünürdüm ki, belə də olmaz. Amma ilk gündən onlarla  yaratdığım isti münasibət bütün problemlərin  həlli üçün əsas şərt oldu.

 

- Müəllim olmaq istəyənlər əvvəlki illərlə müqayisədə ildən-ilə artır. Gənc müəllim kimi onlara nə tövsiyə edirsiniz?

 

- Deyərdim ki,  məqsədyönlü olsunlar, qərar verməzdən əvvəl götür-qoy etsinlər,  sonra da öz güclərini, potensiallarını məqsədlərinə çatmağa həsr etsinlər.  Özü də heç nəyə baxmadan, yorulmadan... Bir də ki, burada çətin bir şey yoxdur. Əsas məqsəddir!

 

Mahal MƏMMƏDOV,

Şəki Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



06.04.2018 | 15:33