Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri müzakirə edilib

Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda respublika elmi konfransı keçirilib.

 

Universitetin rektoru, professor Elxan Hüseynov Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızın inkişafının davamlı xarakter daşıdığını vurğulayıb. O nəzərə çatdırıb ki, son illərdə dövlətin sosial-iqtisadi inkişaf göstəriciləri ardıcıl şəkildə yaxşılaşır, müasir çağırışlar nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhrəsini verir. Ölkəmizdə milli iqtisadiyyatın ayrı-ayrı istiqamətləri, o cümlədən qeyri-neft sektoru üzrə inkişaf dinamikası daha yüksək səviyyədədir. Prezident cənab İlham Əliyevin "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. İldən-ilə ölkəmizin nüfuzu artaraq qüdrətli ölkəyə çevirilir.

 

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Azərbaycanda qeyri-neft sektorunun inkişafının strateji əhəmiyyəti” mövzusunda çıxış edərək ölkəmizdə aparılan iqtisadi islahatları, həyata keçirilən strateji proqramları ətraflı təhlil edib. Komitə sədri bildirib ki, dövlətimizin başçısının apardığı siyasət Azərbaycan xalqının maraqlarına, ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir. Qlobal dünyada baş verən böhranlara baxmayaraq, ölkəmiz iqtisadiyyatını gücləndirir, qeyri-neft sektoru yüksək templə inkişaf edir. Əldə edilən nəticələrə görə, 2019-cu il Azərbaycan üçün önəmli il olacaq.

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Azərbaycan iqtisadiyyatının formalaşmasında və inkişafında Ulu Öndərin əvəzsiz rolunu diqqətə çatdırıb. O qeyd edib ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə hələ uzun illər ehtiyac olacaq. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafını xüsusilə diqqət mərkəzində saxlayıb, iqtisadi potensial isə ölkəmizin inkişafında müstəsna rol oynayıb. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

UNEC-in ticarət və gömrük işinin təşkili kafedrasının müdiri professor Arif Şəkərəliyev “Müasir dövrdə qeyri-neft sektorunun üstün inkişafi və diversifikasiyası problemləri”, AMEA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Allahyar Muradov “Biznes mühitinin insan kapitalının inkişafına təsirinin qiymətləndirilməsi”, SDU-nun biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov “Azərbaycanda kiçik və orta biznesin inkişafı problemləri” mövzularında məruzələrlə çıxış ediblər.

 

Natiqlər ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət və davamlı islahatlar barədə danışıblar.

 

Konfransa respublikanın 21 ali təhsil müəssisəsindən və bir sıra iqtisadiyyatyönümlü təşkilatlardan 160 məqalə və tezis daxil olub.

 

Tədbir işini bölmə iclaslarında davam etdirib.

 

Konfrans çərçivəsində SDU-nun rektoru Elxan Hüseynov, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov və Vergilər Nazirliyi Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev ilə birgə təhsil, elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili, təlim və kursların keçirilməsi, birgə tədbirlərin təşkili, dərs vəsaiti, monoqrafiyaların hazırlanması üzrə əməkdaşlıq müqavilələri imzalanıb.

 



26.04.2019 | 17:33