“Balaca fidanlara səbr və sevgi ilə yanaşmalıyıq”

Samirə Əliyeva 1980-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib. 2015-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində müvəffəqiyyətlə iştirak edərək Gəncə şəhər 32 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 

 

 

- Samirə xanım, müəllimlik peşəsinə sizdə maraq  necə yaranıb?

 

- Biz ailədə 5 övladıq. Anamın ən böyük arzusu təhsilli övladlar yetişdirmək, vətənə, millətə faydalı şəxsiyyətlər formalaşdırmaq olub. O, hər zaman “Müəllim olun, siz də başqa anaların övladları haqqında qurduqları xəyalları reallığa çevirin” deyirdi. Buna görə də kiçik yaşlarımdan müəllim olmaq arzum formalaşdı. Bundan başqa mən çox səbrli insanam. Belə olan halda, ibtidai siniflərdə tədrisi həyata keçirmək maraqlı bir məşğuliyyətə çevrilir.  Düşünürəm ki, evdən yenicə ayrılan, məktəb mühitinə öyrəşməyə çalışan balaca fidanlarımıza mütləq ki, səbr və sevgi ilə yanaşmalıyıq.

 

- Müəllim olmaq sizin üçün nə deməkdir? Sizin özünüzə nümunə hesab etdiyiniz müəllimlər olubmu?

 

- Bu peşə üzrə fəaliyyətə başlamamışdan əvvəl müəllimliyin bu qədər mükəmməl olduğunu bilmirdim. Amma geridə buraxdığım 3 ilin mənə çox yaxşı öyrətdiyi bir məsələ var. Müəllimlik peşə olmaqdan daha, vacib bir yaşam tərzidir. Həyatını məktəbə, şagirdə həsr etməkdir. Xoşbəxtliyini şagirdin uğuru ilə bağlamaqdır. Özümə nümunə hesab etdiyim kifayət qədər çox müəllimlərim var. Onlara olan heyranlığım və sevgim məni müəllimlik kimi müqəddəs bir peşəyə yönləndirdi.

 

- Bir müəllim üçün ən gözəl hədiyyə, sizcə, nədir?

 

- Müəllim üçün hər gün hədiyyədir, hər gün bayram, sevinmək və xoşbəxt olmaqdır. Unutmaq lazım deyil ki, gələcəyimizi formalaşdıran biz müəllimlər ən ağır yükü eyni sevinclə qarşılayırıq.  Müəllim üçün ən böyük hədiyyə onun tədris etdiyi fənni şagirdin yaxşı mənimsəməsidir. Yalnız bu halda müəllim sevinə, çəkdiyi əziyyətin hədər getmədiyini görə bilər.

 

- Dərs prosesində daha çox hansı üsul və vasitələrdən istifadə edirsiniz?

 

- Müasir təlim şagirdin maraq və tələbatlarına, bilik səviyyəsinə, imkan və qabiliyyətinə uyğun təşkil olunmalıdır. Buna uyğun olaraq dərs prosesində daha çox müxtəlif xarakterli oyunlardan istifadə edirəm. Oyun  zamanı şagirdlər yoldaşlarının istəkləri və maraqlarını nəzərə almağı, təmkinli, daha məsuliyyətli olmağı öyrənirlər. Oyunlar özünənəzarət və özünüqiymətləndirmə bacarıqlarını  formalaşdırır.

 

- Müəllim olmaq istəyənlərə nə deyərdiniz?

 

- Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. İnsan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. Bütün bunlara görə də müəllim olmaq qərarını verdikləri zaman mütləq ki, bu peşənin məsuliyyətini dərk etsinlər.

 

 

Raminə MƏMMƏDOVA,

Gəncə Şəhər Təhsil İdarəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



28.04.2019 | 10:00