Yeni yanaşmalar təhsildə innovativ fəaliyyətin rəhnidir

Bu gün istənilən vətəndaşı narahat edən ən ciddi məsələlər içərisində təhsil problemləri önəmli yer alır. Təhsilin inkişafı naminə aparılan islahatların, axtarışların, qəbul edilən qanun və qərarların, icra olunan layihələrın səmərəliliyi  cəmiyyəti qane edirmi, bu işlər ən müasir çağırışlara və Azərbaycan insanının gələcək ehtiyaclarına cavab verəcək istiqamətdə aparılırmı?

 

Hər hansı bir məsələyə sual şəklində yanaşma müəyyən mənada qıcığa səbəb olur. Bu, təbiidir. Hər kəs ona tapşırılmış işə məhz onun cavabdeh olduğunu düşünür. Nəsə alınmırsa, lazım olan məqamda bu cavabdehliyə görə məhz onun məsuliyyət daşıyacağını zənn edir. Təbii ki, bu, olduqca bəsit bir yanaşma və düşüncədir. Əgər cəmiyyətdə çoxtərəfli münasibətlər varsa, istənilən hadisə və ya oyunun, ictimai əhəmiyyətə malik proseslərin iştirakçısı olan hər kəs öz roluna uyğun məsuliyyət daşıyır. Səhnədə, bədii əsərdə, sənət nümunəsində kiçik və böyük rollar, obrazlar, detal və ştrixlər yalnız öz tutumuna görə kiçik və böyük hesab oluna bilər, əslində isə onların hamısı müəllifin ümumi ideyasının ifadəsinə xidmət edən məqamlardır. Həyatda da eynilə belədir. Cəmiyyətin ümumi maraqlarından, ümumi ictimai proseslərdən kənarda real insan konsepsiyasına, zaman və cəmiyyətə,  şəxsiyyət və cəmiyyətə düzgün baxış formalaşa bilməz.

 

Sivilizasiyalar boyu yaradılan nə varsa, hamısı cəmiyyətlərə məxsus ortaq dəyərlər kimi ortaya çıxıb, tarixin malına çevrilib. Bizə elə gəlir ki, hər hansı bir dahi yaşadığı zamanının problemlərinin dahiyanə həllə ehtiyacından dahiyə çevrilib. Necə ki, erkən orta əsrlərdə birlik, cəsurluq və cəngavərlik çağırışları altında “Kitabi-Dədə Qorqud” və ona bənzər Avrasiya qəhrəmanlıq eposları yarandı,  Orta əsrlər Azərbaycan İntibahının zirvələri hesab etdiyimiz Nizami, Nəsimi, Füzuli və onların adıyla bağlı ruhsal cərəyanlar, Avropada Jan Jak Russonun yeni insan fəlsəfəsi, Rusiyada Karamzin və rus masson dərnəklərinin təbliğ etdiyi daxili insan konsepsiyası formalaşdı. 18-ci əsrdən başlayaraq, Avropa və Rusiyada təhsilin inkişafının özülündə duran prinsiplər məhz klassisizm, maarifçilik, sentimentalizm, romantizm və realizmin kanon və ideyalarından bəhrələndi. Yüzilliklər boyu cəhalət və zülm içərisində çabalamış Rusiyanı 18-ci əsrdə fövqəl dövlətə çevirən I Pyotr və II Yekaterinanın təhsil siyasəti mütərəqqi Avropa təhsil modelinin məhz Rusiyada tətbiqinə, bu ölkədə Derjavin, Puşkin, Tolstoy və Dostoyevski, Çexov kimi dühaların yetişməsinə və dünya əhəmiyyətli böyük ədəbiyyatın, dünyanın dərkinə və ictimai-nəzəri-fəlsəfi düşüncənin təkamülünə, Şərq-Qərb, roman-german və slavyan-yunan, avrasiyaçılıq, qərbçilik, hətta türkçülük ideyalarının məhz bu ölkədə yaranmasına meydan açdı. Bu inkişafdan bizim maarifpərvər ziyalılarımız da bəhrələndi. Elə hesab edirik ki, Mirzə Kazım Bəy, Mirzə Fətəli Axundzadə, Abbasqulu Ağa Bakıxanov, İsmayıl Bəy Qutqaşenlidən sonra formalaşmış Azərbaycan ziyalıları nəsilləri, o cümlədən, milli kimliyimizin müəyyən olunması, türkçülük ideya və ideallarının formalaşmasında misilsiz rol oynamış Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu və ən nəhayət, Qori seminariyasında müəllimlik etmiş və təhsil almış yüzlərlə soydaşımız, bugünkü müstəqil Azərbaycanımız və müstəqil ölkənin vətəndaşları olan insanlarımız öz köklərindən uzaq düşmədən inkişaf üçün zaman-zaman şanslı olmuşlar. Dərinə getsək, görürük ki, mütərəqqi Avropa nəzəri-ideoloji cərəyanları, ədəbiyyatı, mədəniyyəti və təhsili öz təməl prinsiplərini Şərq dəyərləri üzərində qurmağı bacarıb.  Yəni Orta əsrlər Şərq və Azərbaycan poeziyasına və fəlsəfəsinə xas olmuş sufizm ideyaları, düşüncə tərzi sonradan Avropa tərəfindən məharətlə transformasiya edilərək, mənimsənilibdir, əslində istər daxili insan konsepsiyasının, istərsə də bundan irəli gələn massonçuluq ideyalarının, sentimentalist təsvirin, Lev Tolstoya məxsus “qəlbin dialektikası”nın, Müsse, Höte, Lermontov və Dostoyevski psixologizminin kökündə sufizm ideyaları dururdu.  Şükürlər olsun ki, Şərq xarakterini və dəyərlər məcmusunu özündə ehtiva edən Azərbaycan insanı Avropa və Rusiya təhsil məkanına transformasiya olunmuş, müxtəlif milli ideyalar və maraqlar, dini cərəyanlar hesabına zənginləşmiş bu elmi-mədəni sıçrayışların içində ola bilmiş və bundan faydalanmışdır...

 

XXI əsrin ikinci onilliyinin tamamına Azərbaycan tam başqa və özünəməxsus bir milli-mənəvi dəyərlər sistemi ilə gəlib çatıb. Arxada XIX əsrin sonu - XX əsrin əvvəllərinə təsadüf edən böyük maarifçilik, milli özünüdərk və oyanış mərhələsi, 2 illik müstəqil Cümhuriyyət quruculuğu dövrü və 70 il sovet hakimiyyəti ərzində bizi kütləyə, milli-etnik kökündən qopan, tarixi torpaqlarından və yaddaşından, dilindən imtina etməyə kökləyən, eyni zamanda, kütləvi savadlılıq və inkişaf bəxş edən, əvvəlki dövrlərdə qazanılan bariz milli-mədəni-qəhrəmanlıq keyfiyyətlərini sönməyə imkan verməyən və bu keyfiyyətləri zaman-zaman gənc nəslə aşılamağı bacaran, qan yaddaşımızı və ruhumuzu korşalmaqdan xilas edən milli ədəbiyyatımız, tarixi və fəlsəfi araşdırmalarımız, Cənublu-Şimallı mübarizlik nümunələrimiz və ən nəhayət, bədnam qonşularımızın və böyük dövlətlərin təzyiq və təsirlərinə rəğmən 30 ilə yaxın dövr müddətində qazanılan müstəqillik təcrübəmiz var. Prezident tərəfindən elan olunmuş “Cümhuriyyət İli”ndə biz bir çox məsələlərə aydınlıq gətirməyə çalışdıq, ən əsası isə bu qısa, lakin möhtəşəm tarixi dönəmdə Azərbaycan türklərinin, ziyalı qisminin imza ata bildiyi tarixi faktları, xalqın böyük coşqu və mətanətlə bu Cümhuriyyət uğrunda canından keçməsi, üsyanlar və siyasi mübarizələr, azad Vətən sevgisi ilə çarpışan mühacir ömürləri ilə azərbaycançılıq ideallarımızı yaşadan və bu ideallara yetişməkdə qolumuzu bağlayan və yolumuzu kəsən amilləri dərk etməyə imkan qazandıq. Görəsən, bu özünüdərki bu gündən belə atacağımız addımlarımızda əsas götürə və rəhbər tuta biləcəyikmi? Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” inkişaf formulunun dialektik və fəlsəfi yozumuna uyğun bütün fəaliyyətlərimizin (iqtisadi, ictimai-siyasi, diplomatik, elmi-tədqiqat, innovativ, humanitar, ədəbi-publisistik, mətbu və s.) təməl daşı olan təhsil-təlim-tərbiyənin məzmun, istiqamət və standartlarını millətimizin gələcəyi, müasir və sürətlə dəyişən dünyamızın rənginə rəng qata, səsinə səs verə biləcək bir qüvvə kimi rənglər içərisində və səslər arasında seçdirə biləcəyikmi? Məhz Azərbaycan təhsilinin yetişdirməsi olacaq Azərbaycan insanını (insan resurslarını) onun malik olduğu elmi, mənəvi, mədəni, tolerant səviyyəsi ilə Avropa və Amerika, Cənub-Şərqi Asiya məkanında intellektual brend olaraq təqdim etməyə, sonda isə onun məhz Azərbaycan adına sevgi, ehtiram və iqtisadi-maliyyə dividentləri qazandırmaq adı ilə dönüşünə nail olacağıqmı? Başa düşülmək üçün burada bir haşıyə çıxmaq istəyirəm. Bu yaxınlarda Moskvada çıxan “Literaturnaya qəzeta”da (2019,13-19 fevral, №6) bir vərəqin bu və o üzündə iki yazıçı barədə məqalədə diqqətimi bir cəhət cəlb elədi. Azərbaycan türklərinin qanına susamış, Xocalı qətliamının səhərisi günü əsir balalarımızın meyitlərindən salınmış körpüdən adlaya-adlaya özünü dünyanın xoşbəxt yazarı hesab edən erməni faşısti, üzdəniraq şair Zori Balayanın “Ya bez tebya, kak parus bez vetrov” kitabından sətirlərə diqqət yetirdim: “Plıvyot, podprıqivaya na krutıx okeanskix volnax, malenkoye sudyonışko, udivlyaya, pojaluy, razve, çto stai delfinov, kotorıye, navernoye, s interesom smotryat na vıvedennıye oboix bortax uzorçatıye bukvı armyanskoqo alfavita, na svetuşiy krest, na kruq s soqnutımi luçami vnutri, simvoliziruyuşiy samu veçnost”. Qəzetin o biri səhifəsində isə tanınmış xalq yazıçımıza həsr olunmuş “Solo Rustama İbraqimbekova” məqaləsi verilib. Hər dəfə göstərilən qəzetdə şovinist və millətçi Zori Balayana ünvanlanmış yersiz təriflərə və müəllifin öz yazılarına rast gələndə istər-istəməz əsəbiləşirdim, bu dəfə də əsəbi-əsəbi səhifəni çevirəndə Rüstəm İbrahimbəyov adı və soyadını görüb biz az sakitləşdim. Lakin xalq yazıçımızla bağlı yazıda Azərbaycana aid hansısa cümlə, fakt, söz və fikrə rast gəlməyəndə kədərləndim ki, təhsilimizin və ədəbiyyatımızın yetişdirdiyi bu boyda yazıçı haqqında məqalədə milli-mədəni kimliyin izi-tozu da hiss olunmur. Erməni yazarı əlinə xırda fürsət düşən yerdə öz milli mənsubluğunu, xalqının və ölkəsinin özünəməxsusluğunu vurğulamağı vərdişə çevirir və elə bu bacarıqla da dünya mədəniyyəti tarixində qalacağını anlayır, bizsə ümumbəşəri ideyaları, kosmopolit düşüncəni əlimizdə bayraq edib, zaman-zaman torpaqlarımızın  əlimizdən getməsi barədə belə az-az düşünürük...

 

Həmişə fəxrlə qeyd etmişik ki, bizim güclü rusdilli ədəbiyyatımız var, rus dilində təhsil verən yüzlərlə məktəbimiz mövcuddur. Bu və digər əcnəbi dillərdə təhsil alan soydaşlarımız sözümüzü və həqiqətlərimizi dünyanın hər yerində çatdıra bilmək iqtidarındadırlar. Onilliklər boyu övladlarımızın əcnəbi dillərdə təhsilini dəstəkləmişik ki, sözümüzü dünyanın ən mötəbər kürsülərindən səsləndirə bilək.

 

Elə buradaca daha bir sual fikrimizə hakim kəsilir: görəsən, hazırda ana dili ilə yanaşı digər əcnəbi dillərdə təhsil verdiyimiz gənc azərbaycanlılar nəslini Vətənə sevgi, milli-mənəvi dəyərlərimizə, tariximizə ehtiram duyğusu ilə tərbiyə edib, onları Azərbaycana xidmətə yönəldə biləcəyikmi? Axı milli kimlik, milli-ideoloji platforma konseptini biz düşünməmişik. Bu platforma Avropada, Fransada formalaşıb, onun özülündə duran dəyərlərdən birincisi isə dövlət dili amilidir. Yenicə qəbul edilmiş “Ümumi təhsil haqqında” Qanuna görə, bölmədən asılı olmayaraq, istənilən halda dövlət dilində tədrisin üstünlük təşkil etməsi barədə bəndin tələbini bu cəhətdən olduqca önəmli hal hesab edir və təcili qaydada bu istiqamətlə tədris planları və standartlarının təqdim olunmasını vacib sayırıq.    

 

Biz təhsil, xüsusən də kurikulum islahatlarının tətbiqi barədə əvvəlki məqalələrdə dəfələrlə rəy söyləmişik, müəllim nəsillərinin dəyişməsi probleminə toxunmuşuq, burada inqilabi dəyişikliklərin fayda verməyəcəyini söyləmişik. Bu gün də öz narahatçılığımızı ifadə etməyə bilmirik. Zehnlərin, şüurun və yanaşmanın dəyişməsi zamanın işidir. Bu, nə fabrik-zavoddur, nə də üzüm və çay plantasiyalarıdır ki, onu bir göz qırpımında ləğv edib, sonra yenidən salasan... Ulu öndərin sərəncamları ilə 1998-ci ildən təhsil islahatlarına başladıq, əsas ideya müxtəlif deviz və çağırışlarla milli təhsilimizin təxminən bir əsrdə, əsasən də son 70 ildə əldə etdiyi təcrübə və nailiyyətləri qoruyub, yenilikləri onların üzərində tətbiq etməyi bacarmaq, keçid dövrünü ciddi itkilərsiz aşmaq idi. Lakin 2008-ci ildən başladığımız kurikulum islahatını və yeni qiymətləndirmə konsepsiyasını əvvəlki planlarımızla uzlaşdıra bilmədik, xarici təcrübəni və sənədlər toplusunu mexaniki şəkildə mənimsəməyə üstünlük verdik...    

 

Gəlin boynumuza alaq ki, çox vaxt biz problemlərin müzakirəsindən qaçırıq. Bu isə təhsilin inkişafı naminə qəbul edilmiş bəzi dövlət proqramlarının yarımçıq icrasına və ya həyata keçirilməsinə səbəb olan amillərin gündəmə gəlməsnə yol açmır. Bu məsələlərdən biri üzərində xüsusi  dayanmaq istərdik. Əslində məqalənin yazılmasına əsas səbəb də bu məsələ ətrafında düşüncələrimiz oldu. “Azərbaycan müəllimi” qəzetinin 22 fevral 2019-cu il tarixli sayında “Rusiyada yeni məktəblər yaradılır” sərlövhəli yazı və “Dərsləri alimlər keçəcək” yarımbaşlığı köhnə dərdimizi təzələdi. Burada ən yaxşı ümumtəhsil müəssisələrinin bazasında yaradılacaq məktəblərin elmi institutların himayəsinə verilməsindən, seçiləcək 700 məktəbin bu layihəyə cəlbi üçün təşkilati, tabeçilik və maliyyə təminatı məsələlərinin həlli, hüquqi-normativ aktların yaradılması istiqamətində Maarif Nazirliyinin, Elmlər Akademiyasının və bələdiyyələrin birgə fəaliyyətindən bəhs edilir. İstər-istəməz Azərbaycanda bu sahədə görülən işlərə nəzər saldıq: 1996-cı ildə 4 ali təhsil müəssisəsinin nəzdində yeni tipli orta təhsil müəssisəsi adı altında yaradılan məktəblər; istedadlı və qabiliyyətli uşaqlarla işin səmərəli təşkili məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə qəbul edilmiş Dövlət proqramı və bu proqrama uyğun müvafiq elmi-pedaqoji potensiala və maddi-texniki bazaya malik olan universitetlərin nəzdində liseylərin yaradılması; 2013-cü ildə baş tutmuş Azərbaycan müəllimlərinin XIV qurultayının qəbul etdiyi qərarda növbəti dövrlər üçün AMEA və Təhsil Nazirliyinin birgə fəaliyyətinin vurğulanması; “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na pedaqoji internaturaların yaradılması məsələsinin daxil edilməsi və s. Elə bu yaxınlarda Bakı şəhər 6 nömrəli orta məktəb-liseydə “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda keçirilən müşavirədə təhsil naziri Ceyhun Bayramov tərəfindən təhsili idarəetmə orqanları ilə pedaqoji profilli universitetlərin əməkdaşlığının vacib olduğunun vurğulanması yaxın zamanlarda bu planda ciddi layihələrin icrasını vəd edir.    

 

AMEA strukturlarının, eləcə də Təhsil Nazirliyi sisteminə daxil olan elmi, elmi-metodiki institut və mərkəzlərin fəaliyyətinin optimallaşdırılması, onların bazar iqtisadiyyatının tələblərinə və ən müasir dünya elminin çağırışlarına uyğun təşkili, elmi potensialın   təhsilə   yönəldilməsi   üçün: 1)“Strategiya”ya uyğun olaraq, pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan universitetlər müvafiq fakültə və kafedraların potensialı hesabına orta məktəblərdə pedaqoji internatura (və ya metodika və pedaqogika kafedralarının filiallarını), digər ixtisaslar üzrə buraxılış kurs tələbələrini istehsalat təcrübəsinə göndərən ali məktəblər isə profilinə uyğun gələn sənaye, istehsalat, kənd təsərrüfatı və s. müəssisələrdə, texnoparklarda öz tədris-təcrübə strukturlarının formalaşdırılması barədə təkliflərlə hökumət qarşısında məsələ qaldırmalıdırlar. Tələbə bakalavriatın tam bir semestrini istehsalatda keçirir, buna görə 21 kredit toplayır və əmək bazarına daxil olmaq şansı qazanırsa, hər bir ali məktəb üçün bu işin təşkili olduqca vacibdir; 2)Prezidentin 2006-cı il sərəncamına uyğun olaraq, elmi-pedaqoji və maddi-texniki potensiala, müasir universitet modeli konsepsiyasına, fasiləsiz təhsil proqramlarının icrası niyyətinə malik universitetlərin nəzdində onların təmayülünə uyğun orta ümumtəhsil müəssisələrinin yaradılması və ya mövcud məktəblərin baza müəssisəsi statusunda universitetlərə inteqrasiya olunmasının zamanı yetişib. Bakı, Sumqayıt, Gəncə və sair mərkəzi şəhərlərimizdəki məktəblərdə şagird sıxlığını, buradakı universitetlərin potensialını, eyni zamanda, yenicə qəbul edilmiş “Ümumi təhsil haqqında” Qanunun məktəblərə peşə hazırlığı istiqamətində açdığı imkanları nəzərə alsaq, bu, müsbət nəticələr verə biləcək layihədir; 3)AMEA institutlarının elmi potensialına və apardıqları elmi tədqiqatların istiqamətinə uyğun olaraq, onların Təhsil Nazirliyi nəzdindəki müvafiq lisey və gimnaziyalarla, digər ümumtəhsil müəssisələri ilə  müştərək fəaliyyətinə şərait yaradılmalıdır. Bunun üçün məktəblilərin AMEA institutlarının bazasında fənn olimpiadalarının respublika və beynəlxalq turlarına, Təhsil Nazirliyinin “Sabahın alimləri”, “Ədəbiyyat biliciləri” və bu səpgidə digər layihələrə hazırlığının təşkili mexanizmlərinin yaradılması, maliyyə-iqtisadi şərtlərinin işlənilməsi, qanunvericilik bazasının formalaşdırılması vacibdir; 4)AMEA nəzdində ali təhsilin magistratura və doktorantura səviyyələrində tədris bu mühüm və yeniləşən strukturda elmi kadrların hazırlanması üçün olduqca əhəmiyyətli görünür, eyni zamanda, ayrı-ayrı elmi institutların hamiçiliyi ilə liseylərin yaradılması məqsədəuyğundur; 5)“Ümumi təhsil haqqında” Qanunun məktəb iqtisadiyyatı üçün yeni şərait yaradacağını əsas götürsək, tədris planlarında maraq kurslarının, eləcə də əlavə təhsil xidmətlərinin təşkilinə yol açılır ki, bu da məktəb rəhbərlərinə məktəbin öz vəsaiti hesabına ayrı-ayrı alimlərin mühazirələrinin, kurslarının, emalatxanalarının, xüsusi siniflərinin, studiyalarının və s. yaradılmasına, onların müqavilə əsasında elmi rəhbər kimi cəlb olunmasına, Uşaq akademiyalarının, Şagird elmi cəmiyyətlərinin fəaliyyətinin səmərəli şəkildə qurulmasına imkan verəcək.    

 

Bütün bu təklifləri əsaslandıran digər cəhətləri də nəzərdən qaçırmayaq: 1)son illər müəllimlərin işə qəbulu xətti ilə məktəblərə gələn gənclər burada ümumi ab-havaya müsbət təsir göstərsələr də, onların bu ab-havanı köklü şəkildə dəyişməyə gücü yetərli deyil, bunu onlardan gözləmək belə yersizdır. Halbuki məktəb mühitinin saflaşdırılmasına, ziyalılığın, intellektuallığın, yeni yanaşma və texnologiyaların bura məharətlə və tədricən gətirilməsinə daim ehtiyac duyulur; 2)müəllim peşəsi regionların əmək bazarında rəqabətədözümlülüyü ilə seçildiyi halda, xüsusilə Bakı şəhərində universitetləri bitirən gənc istedadlı və potensiallı müəllimlərə təklif olunan digər seçimlər onları pedaqoji fəaliyyətdən yayındırır. Bu isə məktəblərdəki pedaqoji heyətin təzələnməsi prosesini ləngidir. Bu boşluğun ölkənin elmi potensialının - məktəb işinə, pedaqoji-psixoloji fəaliyyətə marağı olan ziyalıların səmərəli istifadəsi yolu ilə doldurulması da zamanın tələbidir. Boynumuza alsaq ki, uzun illər ərzində kimi gəldi məktəbə müəllim qəbul edib, xüsusilə də ibtidai təhsil pilləsində təsadüfi şəxslərə ixtisasdəyişmə yolu ilə müəllim diplomu verib, sinfə buraxmışıq və bu insanların qeyri-professionallığı və anti-pedaqoji təbiəti üzündən neçə-neçə nəslin təhsilə marağını öldürmüşük, onda bu tipli tədbirlərin vacibliyini də hamı anlayar, ictimaiyyət Təhsil Nazirliyinin müəllimlərin sertifikatlaşdırılması təklifinə də anlaşıqlı münasibət göstərər; 3)unutmaq lazım deyil ki, yaradıcı fəaliyyətə, kreativ düşüncəyə, innovativ yanaşmaya malik insanları biz, ilk növbədə, təhsilə xidmətdə, cəmiyyət arasında müəllim və tərbiyəçi qismində görməliyik. Təəssüf ki, bu cür adamları biznes strukturları, xarici şirkətlər onlara verilən əməkhaqqı səviyyəsinin azlığı üzündən asanlıqla ələ keçirirlər.

 

Təhsil sahəsindən “beyin axını”nın qarşısının alınmasını, istedadlı gənc mütəxəssislərin  məhz təhsil xidməti sahələrinə yönəldilməsini, ölkədəki elmi potensialın artan əhalimizin tədris-təlim ehtiyaclarına istiqamətləndirilməsini milli təhlükəsizliyimizin təmin olunmasında əsas vəzifələrdən biri kimi qiymətləndiririk.

 

 

Telman CƏFƏROV,

Bakı Slavyan Universitetinin  tədris işləri üzrə prorektoru, professor, Əməkdar müəllim



27.04.2019 | 13:44