Azərbaycanda texniki elmlər sahəsində çalışanların 53 faizini qadınlar təşkil edir

“Azərbaycan qadınlarının elmi-texnoloji sahələrdə təmsil olunma səviyyəsi dünya üzrə müvafiq orta göstəriciləri xeyli qabaqlayır”. Bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Qızlar İKT-də Beynəlxalq Günü”nə həsr edilən respublika elmi-praktik konfransda deyib. Qeyd olunub ki, bu göstəricilər ölkəmizdə həyata keçirilən gender siyasətindən, elm və təhsilə diqqət və qayğıdan, milli-mənəvi dəyərlərin xüsusiyyətlərindən irəli gələn mühitin formalaşması hesabına əldə edilib.

 

AMEA prezidenti  informasiya cəmiyyətinin mühüm hədəflərindən birinin qadınların informasiya-kommunikasiya texnologiyalarında (İKT) rolunun artırılması olduğunu bildirib. Qadınların hüquq və azadlıqlarının təmin olunmasında informasiya cəmiyyətinin texnoloji platforması olan İKT-nin mühüm rol oynadığını vurğulayan Akif Əlizadə qeyd edib ki, İKT elmi-texnoloji fenomen olmaqla yanaşı, cəmiyyətdə bütün növ sosial bərabərsizliklərin effektiv şəkildə aradan qaldırılması vasitəsidir.

 

Bu gün İKT sektorunda qadınların rolunun və xüsusi çəkisinin artırılmasının aktuallıq kəsb edən məsələlərdən olduğunu söyləyən akademik Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatların bu məsələlərin həllinə böyük diqqət ayırdığını nəzərə çatdırıb. 

 

Konfransın 2014-cü ildən etibarən BTİ-nin təşəbbüsü ilə hər il qeyd edilən “Qızlar İKT-də Beynəlxalq günü” ilə əlaqədar keçirildiyini deyən A.Əlizadə tədbirin bu istiqamətdə elmi problemlərin müəyyən edilməsi baxımından önəmini qeyd edib.

 

Gender məsələsinin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayan AMEA prezidenti bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib: “Həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qadınları dövlət orqanlarında, elm, təhsil və tibb müəssislərində, biznes və vətəndaş cəmiyyəti sektorlarında, ədəbiyyat, incəsənət və idman sahələrində ən yüksək səviyyədə təmsil olunurlar”.

 

Son dövrlər elm sahəsində çalışan qadınların sayının kişilərə nisbətən ilbəil çoxalmaqda olduğunu qeyd edən akademik texniki peşələr, o cümlədən İKT sahəsi ilə bağlı olan peşələrdə qadınlarının rolunun artdığını vurğulayıb, bu tendensiyanın Azərbaycanda da özünü qabarıq şəkildə göstərdiyini bildirib. Akademikin sözlərinə görə, 2018-ci ildə Azərbaycanda texniki elmlər sahəsində çalışanların 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil edib.

 

Akademik A.Əlizadə çıxışının sonunda  AMEA-da, onun elmi müəssisə və qurumlarında Qadınlar Şurasının fəaliyyət göstərdiyini bildirərək bu şuranın elmi mühitdə çalışan xanımların müxtəlif problemlərini, qayğılarını üzə çıxartmağa və onları daha effektli şəkildə həll etməyə imkan verdiyini diqqətə çatdırıb.

 

“Qadınların elmi yaradıcılıqda və peşə seçimində İKT-nin rolu” mövzusunda məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər üzrə elmlər doktoru, professor Hicran Hüseynova İKT-nin gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biri olduğunu söyləyib.

 

“YUNESKO-nun hesabatlarına görə, Azərbaycan bütövlükdə tədqiqatçılar arasında qadınların sayı daha çox olan ölkələr sırasındadır,” - deyən komitə sədri bildirib ki, Azərbaycan qadınları və qızları arasında  İKT  sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın təşviq edilməsi, gənc qızların gələcək karyeralarını məhz İKT sahəsində iş qurmalarına  həvəsləndirilməsi  qarşımızda dayanan əsas məsələlərdəndir.

 

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva  “Qadınlar İKT-də: beynəlxalq aləmdə və ölkəmizdə ümumi mənzərə” mövzusunda məruzə ilə çıxış edərək informatika elminin yaranma tarixindən söz açıb. O, Elektron Hesablayıcı Maşınların istifadə edilməsi üzrə ilk tədqiqatlardan danışıb, keçmiş SSRİ-də və Avropada ilk Kiçik Elektron Hesablama Maşını haqqında məlumat verib.

 

Məruzəçi, həmçinin ortopediyada cərrahi müdaxilənin məsləhətçi intellektual sistemi və Azərbaycan əl xalılarının naxış, ornamentlərinin tanınma və identifikasiya sistemini təqdim edərək onların imkanlarından danışıb və iş prinsipini diqqətə çatdırıb.

 

“Gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova qadınların İKT-yə cəlb olunması zərurətini təyin edən amillərdən bəhs edib.

 

Məruzəçi daha sonra e-tibbin qadınların sağlamlıq problemlərinin həlli baxımından təqdim etdiyi imkanlardan söz açıb, eləcə də elektron təhsilin gender assimetriyasının aradan qaldırılması baxımından sosial əhəmiyyətə malik olduğunu söyləyib.

 

AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “AMEA-da gender mədəniyyəti və İKT” mövzusunda məruzə ilə çıxış edərək ölkədə qadınların İKT sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri haqqında məlumat verib.

 

AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev  “Azərbaycan mədəni mühitində qadınların sosial statusunun inkişafında kommunikasiyaların rolu” mövzusunda məruzəsində  kommunikasiya vasitələrinin meydana gəlməsi ilə sosial-mədəni sferada baş verən dəyişikliklər arasındakı əlaqələrdən danışıb.

 

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik  Rasim Əliquliyev  “Qadınlar və fərdi məlumatların mühafizəsi problemləri” mövzusunda məruzə ilə çıxış edərək fərdi məlumatların mühafizəsinin normativ-hüquqi bazasından və beynəlxalq çağırışlardan bəhs edib. Dünyanın əksər ölkələrində fərdi məlumatların mühafizəsi ilə məşğul olan milli qurumlar- agentliklər, komissarlıqlar, ombudsman aparatları, inspeksiyalar və s. fəaliyyət göstərdiyini bildirən akademik fərdi məlumatların mühafizəsi sahəsində çoxlu sayda beynəlxalq standart və tövsiyələrin işlənildiyini, hər ilin 28 yanvar tarixinin Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi  Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

 

İKT-nin inkişafının insanların şəxsi və ailə həyatına dair fərdi məlumatlarının daha da şəffaflaşmasına səbəb olduğunu bildirən R.Əliquliyev ölkəmizdə fərdi məlumatların mühafizəsi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi və s. qurumların məşğul olduğunu söyləyib.

 

“Fərdi məlumatların beynəlxalq və ölkələr səviyyəsində “qara bazar”ı formalaşır”, - deyə bildirən institutun direktoru “qara bazar”da təklif olunan xidmətlərdən söz açıb.

 

R.Əliquliyev milli  mentalitetdə fərdi məlumatların qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək xüsusilə qadınların şəxsi və ailə həyatına dair fərdi məlumatlarının böyük həssaslığa malik olduğunu diqqətə çatdırıb.

 

Akademik daha sonra  fərdi məlumatların mühafizəsi ilə bağlı təkliflərini səsləndirib, onun sosial-psixoloji, hüquqi, texnoloji və s. aspektləri üzrə multidissiplinar araşdırmaların aparılmasının, fərdi məlumatların mühafizəsi sahəsində yüksəkixtisaslı hüquqi, texnoloji və s. sferalar üzrə  kadrların hazırlanmasının zəruriliyini vurğulayıb.

 

Konfransın sonunda müzakirələr aparılıb, təkliflər səsləndirilib.

 

Samirə KƏRİMOVA



26.04.2019 | 12:36