Hədəf məktəb olanda...

Azərbaycanda uşaqlar qorunur. Özü də onlar üçün təhlükə ola biləcək hər şeydən - zərərli informasiyadan tutmuş uyğunsuz davranışa qədər. Uşaqlara yönələn hər cür təsirin ölkə qanunları ilə cəzası var. Bu təsir hətta ailədə də olsa. Əsas odur ki, cəmiyyət uşaqlara qarşı həssas olsun. Təsirin harda olduğunu düzgün müəyyənləşdirib uşaqların haqları uğrunda mübarizə əzmi olan vətəndaşlar yetişdirsin. Ancaq bir çox hallarda cəmiyyət özü bu təsirin, şiddətin, gərginliyin səbəbidirsə? Onda necə olsun?

 

Aprel ayının 4-də VIII sinif şagirdi Elina Hacıyevanın təhsil aldığı 162 nömrəli tam orta məktəbin üçüncü qatından özünü ataraq intihar etməsi bütün ölkə ictimaiyyətini sarsıtdı. Hadisənin məktəbdə baş verməsi isə məktəbi hədəfə çevirdi. O gündən bu yana məktəbdə hər yıxılan üçün “Müəllim şagirdin başını yardı” deyildi. “Müəllimin döydüyü”, “məktəbin təzyiq göstərdiyi”, “sinif yoldaşlarının təhqir etdiyi” uşaqlar qəzet manşetlərinə çıxdı, xəbər qəhrəmanına çevrildilər. Mövzu uzandıqca uzandı, məsələ yetərincə çürüdüldü. Uzun-uzadı gedən müzakirələrdə fikirlər, fikirlərin arasında hisslər, hətta həqiqətin özü belə. Bu arada günümüzün gerçəkliyi unuduldu. Nədir o gerçəklik?

 

 

Ailə

 

 

Bir uşaq ailədə böyüyür, sonra məktəbə gedir. Bu da bir həqiqətdir ki, bir uşağın məktəbdə keçirdiyi saatlar ailədə keçirdiyi vaxtdan daha çox deyil. İstənilən halda hadisələrdə ailələrin rolu daha böyükdür. Unutmamalıyıq ki, bir ailənin uşağına məktəbdə, küçədə, idman zalında, kitabxanada təzyiq göstərənlər də bir başqa ailənin uşaqlarıdır.

 

 

Məktəb

 

 

Həmin ailələrin uşaqlarında buraxdığı mənfi izləri silmək, zərərli vərdişlərdən arındırmaq, doğru yol göstərmək məktəbin işidir. Ancaq biz məktəbin də öz işini görməsinə imkan vermirik. Artıq neçə illərdir ki, uşağına söz dediyinə görə məktəbdən şikayət edənlərlə bağlı xəbərləri media böyük həvəslə işıqlandırır. 

 

 

Bu da cəmiyyət

 

 

Bir uşaq sadəcə ailədə böyüyüb, ancaq məktəbdə öyrənmir. Yetişməkdə olan nəsil cəmiyyətdə böyüyür, cəmiyyətdən görüb-götürür. Ailədəkilər kimi məktəbdəkilər də bu cəmiyyətin üzvləridir. O cəmiyyətin ki, məktəbin qarşısında biznes qurur, siqareti reklam edir, uşaqlara zərərli vərdişlər aşılayır, pis nümunə olur, yanlış yol göstərirlər. Bakıda bütün çay evlərindən, kafelərdən ətrafa yayılan qəlyan qoxusu ilə uşaqlara nə öyrədirik. Köşklərin qarşısında siqaret qutuları qoyaraq uşaqları nəyə təhrik edirik? Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, məktəblərin 100 metrliyindən qəlyanxanaları, siqaret köşklərini yığışdıra bilməyən biz deyilikmi? Biz deyilikmi hər yerdən əlimiz çıxanda məktəblərin qarşısında dənə ilə siqaret satan da? Nəticə də ondan ibarətdir ki, cəmiyyətdə nəinki oğlanların, siqaret çəkən qızların da faizi getdikcə artır. Məsələ burasındadır ki, o qızları görməkdən utanmır, hətta onların şəkillərini yayırıq. Xilas edə bilmədiyimiz uşaqları nümunəvi olmayan həyat tərzinə görə qınayırıq. Qınayarkən onları tərbiyələndirmir, əksinə, qeyri-ənənəvi həyat tərzini təbliğ edirik. Yalnız bir uşağı  qeyri-ənənəvi həyat tərzinə görə qınayacaq qədər utanmaz bir cəmiyyət qurbanının həyatını sağ qalanlara da göstərər. Görüb götürsün deyə.

 

 

Bəs, məktəb niyə hədəfdədir?

 

 

Sadalananlar hər birimizin üzvü olduğu cəmiyyətdə mütəmadi gördüyümüz problemlərinin mindən biridir. Elə isə məktəb niyə hədəfdədir?

 

Bu gün bir çox hallarda valideynin qorxusundan uşağa irad bildirməyən müəllim, valideyni məktəbə gətirmək üçün yollar axtaran məktəb nədə günahlandırılır?

 

Unutmayın ki, biz özümüz də bilmədən təsir imkanı olduğu halda müdaxilə etməyən müəllimlər hazırlayırıq.

 

Əməkdaşlıq, sözbirliyi ilə tərbiyəli nəsil yetişdirə biləcəyimiz halda hər cür bəhanə ilə günahlandıraraq biganə məktəb formalaşdırırıq.

 

Unutmayın, hədəf götürdüyünüz məktəbin məzunları qurucu, yaradıcı, müstəqil, tənqidi təfəkkürü formalaşmış insan deyil, dağıdıcı, tərbiyəsiz, özbaşına, səhvini doğru kimi diqtə edənlər olacaq. Hədəf götürdüyünüz müəllimin yetirmələri isə alimlər, mühəndislər yox, biganələr ordusu kimi həyata addım atacaq.

 

 

“Azərbaycan müəllimi”



26.04.2019 | 11:55