Daimiləşmək üçün

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda həyəcan yenə zirvədədir. Binanın giriş qapısından başlayan gərginlik içəriyə doğru daha da artır. Hər kəs gözləyir - biri bacısını, o biri qızını... Gözləmə müddəti artdıqca gərginlik də artır. Yaxınlarının çıxmağını gözləyənlərin həyəcanı müsahibəyə girəcəyi vaxtı gözləyən namizədlərdən çoxdur ki, qətiyyən az deyil. Ətrafda baş verənlər də onların gərginliyini daha da artırır. Qızını gözləyən Fatma Nəbiyevanın sözlərinə görə, övladının çəkdiyi əziyyətin bəhrəsini görmək ana üçün xoşbəxtlikdir: “Bu qapıdan işlədiyi təhsil müəssisəsinin müəllimi olaraq çıxmağını istəyirəm. Ona görə də həyəcandan ürəyim əsir. Heç cür özümü ələ ala bilmirəm. Burada baş verənlər də həyəcanımı daha da artırır. Bir az əvvəl gənc qız buradaydı. Sənədlərini taksidə unutduğundan müsahibəyə girə bilmirdi. Taksi sürücüsü bura qayıdana qədər ağladı. Elə vəziyyəti görəndə öz övladını unudub başqasının yerinə də həyəcanlanırsan və təbii olaraq gərginliyin artır”.

 

Nicat İbadov isə içəridə gözləyir. Elə də həyəcanlı görünmür. Lerik rayonundan gəlib. Barzavu kənd ümumi orta məktəbində riyaziyyat müəllimi kimi daimi əsaslarla işləyə bilmək üçün komissiyanı layiqli namizəd olduğuna inandırmalıdır.

 

İnandıracağına da şübhə etmir. Şagirdlərinə özünü sevdirdiyi üçün komissiyanı inandırmaq ona elə də çətin görünmür: “Tədris ilinin ilk günlərindən işləyirəm. Fikrimcə, şagird öncə müəllimi sevməlidir, sonra fənni. Şagirdlərimi özümə inandıra bilmişəm. Yəni işimin, üzərimə düşən missiyanın böyük hissəsini artıq görmüşəm. Bundan sonrakı mərhələdə şagirdlərimə fənni və öyrənməyi sevdirməliyəm. Bu, mənim ilk dərs ilim idi. Təcrübə topladıqca uğurlarımın artacağına şübhə etmirəm. Bunu deməyə işlədiyim ilk tədris ilində qazandıqlarım da əsas verir. Belə ki, şagirdlərim arasında artıq olimpiadada fərqlənənlər, nailiyyəti olanlar var. Uğurlarımızı hər il artıracağımıza inanıram”.  

 

 

1148 namizəd müsahibədə

 

 

Beləliklə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda 3 gün idi ki, həyəcanlı günlər yaşanırdı. Aprelin 22-dən başlayaraq ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsi keçirilirdi. Bu mərhələyə aprel ayının 1-dən 5-dək keçirilən elektron sənəd  qəbulu prosesində iştirak edənlər dəvət edilmişdi.

 

Müsahibələr artıq başa çatıb. Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə müsabiqəsinin müsahibə mərhələsinə 1218 namizəd dəvət olunsa da, 1170 namizəd gəlib. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, müsahibədə cəmi 1148 namizəd iştirak edib: “Diplomu saxta, ya da qeyri-pedaqoji olanlar elektron ərizədə bunu qeyd etmədiklərindən həmin namizədlərin ərizələri qəbul olunub. Lakin burada aşkarlanan uyğunsuzluqlar  səbəbindən namizədlər müsahibəyə buraxılmayıblar”.

 

Müsahibənin ilk günündə ibtidai sinif, kimya, musiqi, ikinci günündə ingilis dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, üçüncü gün isə texnologiya, informatika, rus dili, rus dili və ədəbiyyatı ixtisasları üzrə müsahibələr təşkil edilib.

 

 

“Bütün mərhələlərdə şəffaflıq təmin edilib”

 

 

Müsahibəyə heç bir problem yaşamadan girən və inamlı çıxan namizədlərdən biri - Sənubər Mustafayeva Saray 3 nömrəli orta məktəbində Ana dili və ədəbiyyat fənni üzrə dərs deyir. 1991-ci ildən müəllim kimi fəaliyyət göstərir. 2014-cü ilədək Ağcabədi rayonunda işləyib. Yaşayış yerini dəyişməsi ilə əlaqədar yenidən imtahan verib və müddətli  müqavilə ilə işə başlayıb: “Artıq çalışdığım məktəbdə daimi əsaslarla işləmək istəyirəm. Bunun üçün də müsabiqə komissiyasına müraciət etdim. İxtisasımla, dünyagörüşü ilə bağlı suallar verdilər. Fikrimcə, suallara lazımi cavablar verdim. Cavablarımın mənimlə daimi müqavilə bağlanması üçün kifayət qədər keyfiyyətli olduğu qənaətindəyəm”.

 

S.Mustafayeva müəllimlərin işə qəbulu imtahanlarında iştirak etsə də, müsahibə mərhələsinə ilk dəfə qatılıb: “Test imtahanları həyəcanlı olsa da, orada heç kəslə əlaqə olmur. Sadəcə oturub suallara cavab verib çıxırsan. Amma müsahibə mərhələsində ixtisasının və peşəsinin peşəkarı olan insanlar qarşısında oturub, onların suallarına cavab vermək həyəcanı ikiqat artırır. Ancaq komissiya üzvlərinin gülərüz olması həyəcanımı sakitləşdirdi və suallara sərbəst cavab verə bildim.  Azərbaycanın keçmişi, bu günü ilə bağlı sualları cavablandırdım. Hüseyn Caviddən soruşdular. Hamısına cavab verdim. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bu mərhələ də şəffaf təşkil edilib. Komissiya üzvlərinin namizədlərə yanaşmasından tutmuş qiymətləndirməyə qədər bütün mərhələlərdə şəffaflıq təmin edilib”.

 

 

“Müddətli müqavilə ilə işləyənlər üçün bu müsahibələri bizə verilən şans sayıram”

 

 

Zülfiyyə Abdullayeva Sumqayıt Dövlət Universitetini iki il əvvəl bitirib. Saatlı rayonunda bir ildir ki, müddətli müqavilə ilə işləyir. Artıq çalışdığı Saatlı rayon Mircəlal kəndindəki orta məktəbin daimi müəllimi olmaq istəyir: “Müddətli müqavilə ilə işləyənlər üçün bu müsahibələri bizə verilən şans sayıram. Buradakı vəziyyət, prosesin təşkilindən çox razı qaldım.  Peşəkarlıq bir yana dursun, insanlıq nöqteyi-nəzərindən də təqdirəlayiq bir komandanın işlədiyinin şahidi oldum. Minimum gözləmə olduğu üçün vaxt və əsəb itkisi də olmur.  İnsanı hər baxımdan nəzərə alırlar. Hamilə olduğum üçün xüsusi ilə diqqət hiss etdim. Həyəcanlı da olsa, bu mərhələni uğurla başa vurduğumu düşünürəm”.

 

 

 

 

Müəllimlər komissiyanı razı saldı

 

 

İnsan Resursları Mərkəzində müsahibələrin keçirilməsi üçün 3 otaq ayrılıb, 14 komissiya təşkil edilib. Müsahibə komissiyası 3 nəfərdən ibarətdir. Hər biri işinin peşəkarı olan ayrı-ayrı fənn müəllimləri, Bakı şəhərində nəticələri ilə özünü təsdiq etmiş təhsil müəssisələrinin, yerli təhsili idarəetmə orqanlarının, eləcə də Təhsil Nazirliyi sisteminə daxil və bu sahəyə birbaşa aidiyyəti olan idarə və təşkilatların rəhbərləri, eləcə də Təhsil Nazirliyinin əməkdaşlarından ibarət olan komissiya üzvlərinin gözündən heç nə qaçmır. Onlar müsahibə zamanı verdikləri suallarla namizədlərin peşəkar kompetensiyalarını yoxlayır, psixoloji hazırlıq səviyyəsinə diqqət yetirir, ümumi dünyagörüşünü müvafiq qaydada qiymətləndirirlər.

 

Komissiyalardan birinə yaxınlaşırıq.  Komissiya üzvü Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyevdir. Ümumi vəziyyətdən razı görünür: “2018-2019-cu tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində boş qalan vakant yerlərə sonradan Təhsil Nazirliyi tərəfindən müddətli müqavilə əsasında  işlə təmin olunmuş müəllimlərin daimiləşməsi üçün müsahibə keçiririk. 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə də iştirak etmişdim. Həmin müsabiqənin müsahibə mərhələsi ilə bugünkü müsahibələr arasında ciddi fərq var. Başqa sözlə, burada təcrübə öz sözünü deyir. Bu müsahibələrdə iştirak edən namizədlərin hazırlıq səviyyəsinin yüksək olduğunu görmək bizim üçün də sevindiricidir”.

 

 

 

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı isə başqa komissiyada təmsil olunur. O da müəllimlərin hazırlıq səviyyəsindən razı qalıb: “Müəllimlərdə yüksək fəallıq müşahidə edilir. Əksəriyyəti çox həvəslidirlər. Suallara verdikləri cavablardan da açıq görünür ki, öz peşəsini sevir, ona hörmətlə yanaşırlar. Suallarımıza cavablardan müəllimlərin peşə hazırlığını, psixoloji vəziyyətini, ümumi dünyagörüşünü müəyyənləşdirməyə çalışırıq. Bu müsahibələrdə zəif müəllimlər, demək olar ki, yox idi”.

 

 

 

 

 

Daha bir müsahibə də yekunlaşdı

 

 

Müsahibə yekunlaşsa da, həyəcanlı gözləmə prosesi davam edir. Ancaq bu günlərin də ömrü uzun sürməyəcək. M.Camalzadənin sözlərinə görə, müsahibələrin nəticələri barədə məlumatlar yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

 

Ruhiyyə DAŞSALAHLI



26.04.2019 | 09:11