“Cisco” şirkəti ilə əməkdaşlıq müzakirə olunub

Aprelin 25-də  Təhsil Nazirliyində “Cisco şirkətinin rəhbər heyəti ilə görüş keçirilib.

 

Görüşdə Təhsil nazirinin müavini İdris İsayev, Təhsil nazirinin müşaviri Həsən Həsənli, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Cisco” şirkətinin vitse-prezidenti Qay Didrix, şirkətin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, şirkətin regional meneceri Vladimir Orlov və “Cisco” şirkətinin Azərbaycanda İnnovasiya üzrə direktoru Ramil Eyyubov iştirak edib.

 

Görüşdə “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda əldə olunan nailiyyətlər, fəaliyyətin daha da genişləndirilməsi, gələcək imkanlar barədə müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində “Cisco” şirkəti ilə yaxından əməkdaşlıq edilib. “Cisco” şirkətinin təqdim etdiyi həllər vasitəsi ilə təhsil müəssisələrində İP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb. Eyni zamanda qeyd olunub ki, hazırda Cisco Şəbəkə Akademiyalarının Azərbaycanda sayı 13-ə bərabərdir. Onlardan 5-i ali təhsil müəssisələrində, digərləri isə özəl qurumlarda yerləşir. Akademiyalarda İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.

 

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ölkədə müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi əsas prioritet istiqamətlərdəndir. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən son illər təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, İKT infrastrukturunun inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi və kadr potensialının gücləndirilməsi istiqamətində geniş işlər həyata keçirilir. Eyni zamanda bu istiqamətdə dövlət və özəl qurumlar arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına xüsusi diqqət yetirilir.

 

Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə layihələr barədə müzakirələr aparıblar.

 

 



25.04.2019 | 17:40