Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş elmi konfrans

Naxçıvan Dövlət Universitetinin (NDU) Klinik Xəstəxanasının akt zalında  Azərbaycanın görkəmli elm xadimi, tanınmış oftalmaloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tibb elminin inkişafına mühüm töhfələri, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ-də, eləcə də dünyada böyük şöhrət qazanan akademik Zərifə Əliyeva haqda məlumat verib. O vurğulayıb ki, unudulmaz alim, təbib və müəllimin elmi-pedaqoji və praktik fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına, həkimlərin yeni nəslinin yetişməsinə önəmli kömək göstərib, ölkədə bir sıra göz xəstəliklərinin qarşısının alınmasında təsirli rol oynayıb.

 

NDU-nun Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi Güllü Səfərova istedadlı alim, qayğıkeş və mehriban ana olan Zərifə Əliyevanın həyatı və fəaliyyəti haqda danışıb. Vurğulanıb ki, Zərifə xanım xalqın dərin hörmət bəslədiyi ictimai xadim olub. Alimin 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olması da diqqətə çatdırılıb.

 

Sonra konfransda Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən bəhs olunub. Ən geniş yayılmış göz xəstəlikləri sırasında olan katarakta haqda danışan Oftalmologiya ixtisası üzrə müəllim Rəhmiyyə Əliyeva isə bu xəstəliyin göz büllurunun şəffaflığının pozulması nəticəsində meydana gəldiyini bildirib.

 

Oftalmologiya ixtisası üzrə I kurs həkim-rezident Aynur Əliyeva isə Günəşin gözlərə zərərli təsiri və müdafiə yollarından ətraflı söhbət açıb.

 

Sonda YAP sıralarına yeni daxil edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

 



25.04.2019 | 18:29