ƏSA Teatrı növbəti dəfə tamaşaçılarla görüşəcək

Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı aprelin 29-da Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə tamaşaçılarla görüşəcək. Bu barədə məlumatı ƏSA Teatrının baş meneceri Nicat Qulam verib.


Baş menecerin sözlərinə görə, tamaşaçılar ƏSA Teatrının repertuarında olan “Adamlar və siçanlar” tamaşasını hər zaman böyük maraqla izləyiblər: “İnklüziv teatr kimi repertuarımızda çoxsaylı böyük tamaşalar olsa da, istər Bakıda, istərsə də Naxçıvanda tamaşaçılar Con Steynbekin “Adamlar və siçanlar” tamaşasına xüsusi maraq göstərirlər. ƏSA Teatrı isə hər nümayişində tamaşaya modern üslub baxımından yeniliklər edir. Məsələn, teatr tarixində ilk dəfə səhnədə canlı nümayiş zamanı film effekti olan “flash back” effektləri məhz  bu tamaşada olması ilə teatr tarixinə düşüb. Təkcə sıravi tamaşaçılar deyil, peşəkar teatr mütəxəssisləri də bu yenilik haqqında yüksək fikirlər bildiriblər”.


Nicat Qulam tamaşanın  nümayiş üçün ciddi hazırlıq işlərindən və tamaşanın bu- dəfəki yeniliklərindən danışıb: “Aprel ayının əvvəlindən çətinliklə də olsa məşqlərimizi davamlı etdiririk. ƏSA Teatrı olaraq, bu il üçün baş tutacaq ilk nümayişimizdə “Adamlar və siçanlar” tamaşası yeni interpretasiyada təqdim olunacaq. Məqsədimiz modern dünya trendlərini yerli auditoriyaya çatdırmaqla yanaşı, inklüiziv incəsənətin sərhədsiz olduğunu göstərməkdir. Bu dəfə isə tamaşanın qəhrəmanları öz azadlıqları naminə fermadan qaçmağı planlaşdırırlar. Qəhrəmanların başlarına gələcək gözlənilməz hadisələri tamaşanı izləməklə biləcəksiz!”.  Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.

 

Qeyd edək ki, “Adamlar və siçanlar-3. Fermadan qaçış” adlanan tamaşa 29 aprel axşam saat 19:00-da Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq. Biletləri şəhərimizin bütün kassalarından, iTicket.az onlayn satış saytından və ASAN Xidmət Mərkəzlərindən əldə etmək olar.

 

Oruc MUSTAFAYEV

 



24.04.2019 | 14:47