Astara Pedaqoji Kollecində keyfiyyətli kadr hazırlığı diqqət mərkəzindədir

Hazırda təhsilimizin qarşısında maddi sərvətləri insan kapitalına çevirmək, ölkənin gələcək inkişafını təmin edə biləcək yüksək ixtisaslı, Vətənə sədaqətli kadrlar yetişdirmək kimi vəzifələr durur. Bu vəzifələrin yerinə yetirilməsi yolları, əsas strateji hədəfləri “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda aydın göstərilib.

 

Dövlət Strategiyasında təhsilalanın səviyyəsinin təhsilverənin səviyyəsindən asılı olduğu qeyd edilir. Orada təhsil müəssisələrində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi hədəf kimi qarşıya qoyulub. Məhz Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi təhsilin keyfiyyətinin artırılması istiqamətində bütün fəaliyyətlərin birləşdirilməsinə xidmət edir.

 

Bu baxımdan Astara Pedaqoji Kollecinin qarşısında duran vəzifələr də yeni keyfiyyət qazanır: təhsilin keyfiyyətini artırmaq üçün təlim-tərbiyə prosesində müasir dövrün yeni texnologiyalarından geniş və səmərəli istifadə etmək, ixtisaslar üzrə təhsil və iqtisadi sahələrdə yetərincə çalışa bilən mütəxəssis hazırlamaq.

 

Bu vəzifələri həyata keçirmək üçün kollecdə yüksək təhsil mühiti və hazırlıqlı müəllim kollektivi yaradılıb. Müəllimlərimizin hər birində yaradıcılıq və innovasiyalı çalışmaq səyi vardır.

 

Kollecdə təlim-tərbiyə, mədəni-kütləvi, quruculuq-abadlıq və idmanla bağlı müxtəlif tədbirlər həyata keçirilir. Təlim-tərbiyə işlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə intizam möhkəmləndirilib, tələbələrin dərsə davamiyyətinə nəzarət gücləndirilib. Kollecdə keyfiyyətli orta ixtisaslı kadrların hazırlanmasına diqqət daha da artırılıb.

 

Hazırda kollecdə 800-ə yaxın tələbə təhsil alır. Keçən tədris ilində 376 məzun kollecdə aldığı yüksək nəzəri və praktik hazırlıqla müstəqil həyata atılıb. Onlardan bir çoxu müəllimlərin işə qəbulu üzrə müsabiqədə kifayət qədər bal toplayaraq ixtisasları üzrə pedaqoji fəaliyyətə başlayıb.

 

Kollecə ümumi orta və tam orta təhsil bazalarından 2018-2019-cu tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu nəzərdə tutulub:

 

1.“Məktəbəqədər təlim və tərbiyə”. 2.“Texnologiya müəllimliyi”. 3.“Fiziki tərbiyə müəllimliyi”. 4.“Musiqi müəllimliyi”. 5.“Aqronomluq”. 6.“Meşə və meşə-park təsərrüfatı”. 7.“Mühasibat uçotu”. 8.“Turizm və onun təşkili”. 9.“Arxiv işi və kargüzarlıq”. 10.“Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə”. 11.“Bədən tərbiyəsi və idman”. 12.“Peşə təlimi”. 13.“Ailə və ev təhsili”.

 

Göründüyü kimi, növbəti tədris ilindən mütəxəssis hazırlığı aparılan ixtisaslar dövrün tələblərinə tam uyğundur. Bəzi ixtisaslar əhalinin tələbləri nəzərə alınmaqla plana salınıb. Ümumtəhsil məktəblərində şagirdlərin peşə meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcək peşə və ixtisaslarını seçmələrində onları maarifləndirmək üçün biz məktəb rəhbərləri ilə sıx əlaqə saxlayır, müəllimlərimizlə məktəblilərin görüşünü təşkil edirik. Eyni zamanda valideynlər də bu sahədə övladlarına məsləhət verə bilərlər. Bu baxımdan valideynlərin məlumatlandırılması da vacibdir.

 

Statistika göstərir ki, Azərbaycanda əmək bazarına daxil olan işçi qüvvəsinin böyük hissəsi orta ixtisas, ali təhsil və peşə təhsilindən kənardadır. Elə ixtisaslar vardır ki, hər 5-7 ildən bir əhəmiyyətini itirir. Bazarda həmin ixtisasa tələb olmur. Odur ki, tələbə qəbulu planı hazırlanarkən ixtisasın müasirliyi və stabilliyi, eləcə də tələbat nəzərə alınır. Bəzi ixtisaslara böyük maraq var. Bəziləri isə yeni olduğu üçün diqqətdən bir müddət kənarda qalır. İxtisaslar haqqında məlumatsızlıq onunla nəticələnir ki, bir neçə ixtisas daha çox yüklənir. Xidmət sahələri genişləndikcə peşə sahibi olan gənclərə ehtiyac durmadan artır. Azərbaycanda aqrar sektorun, turizmin inkişafı, xidmət sahələrinin genişləndirilməsi bu sahələrdə çalışacaq mütəxəssislərin qısa müddətdə hazırlanmasını tələb edir. Düşünürəm ki, gələcəkdə mütəxəssis hazırlığı məhz sosial sifariş əsasında həyata keçirilməlidir. Orta ixtisas təhsili ilə bağlı qanun layihəsinin hazırlanması da bu sahədə işləri yeni müstəviyə çıxara bilər. 

 

Orta ixtisas təhsili müəssisələrində kredit sisteminin tətbiqi tələbələr üçün gözəl imkanlar açıb. Tələbələrin hüquqları daha çox qorunur. Xüsusən tələbələrə təqaüdün verilməsində dəyişikliklərin edilməsi təhsilin keyfiyyətinə nəzərəçarpacaq dərəcədə təsir göstərir. Tələbələrin təqaüdü semestr üzrə aldığı nəticələrdən asılı olur. Məhz maddi cəhətdən stimullaşdırma tələbələr arasında rəqabətin artmasına səbəb olmuşdur. Birinci yarımilin tədris göstəricilərinə görə əlaçılarımızın sayı keçən ilin müvafiq dövrünə nisbətən 25% artıb. Yaxşı oxuyanların da sayında artım nəzərə çarpandır. Onların sayı da  44 nəfərdən 139 nəfərədək artıb. Müvəffəqiyyət 55%-dən 91 faizə, keyfiyyət 5%-dən 21 faizə yüksəlib.

 

İmtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili və keçirilməsi təmin olunub. İmtahanlar bütün qruplarda yazılı formada keçirilib.

 

Orta ixtisas təhsilinin dövlət standartları əsasında 2017/2018-ci tədris ili ərəfəsində ixtisaslar üzrə yeni tədris planları hazırlanıb. Tələbə mobilliyi ilə əlaqədar mühüm işlər həyata keçirilib. Belə ki, Lənkəran Dövlət Humanitar Kolleci və Masallı Dövlət Regional Kolleci ilə bu sahədə əlaqələr yaradılıb.

 

Buraxılış kurs tələbələrinin rayonun ümumtəhsil məktəblərində təlimata uyğun şəkildə pedaqoji (istehsalat) təcrübəsinin təşkili və keçirilməsi təmin edilib. Şəhər 1, 2, 4 və 5 nömrəli tam orta məktəblərin, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara şöbəsinin, Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının, Astara Rayon Musiqi Məktəbinin rəhbərliyi ilə müqavilələr bağlanılıb. Həmin müqavilələrə əsasən tədris planlarında nəzərdə tutulan müddətlərdə pedaqoji (istehsalat) təcrübə həyata keçirilir. Təcrübə keçirilən məktəb və müəssisələrlə sıx əlaqə saxlanılır.

 

Kollecdə gənclərin milli-mənəvi, əxlaqi və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan mədəni-kütləvi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə kollec arasında sıx əlaqələr vardır. Fondun Astara rayon “Bilik” evinin iştirakı və kollec rəhbərliyinin moderatorluğu ilə akt zalında 20 Yanvar şəhidlərinin anım tədbiri keçirilib.

 

Kollecdə gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir, onların fiziki, mənəvi və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı mütəmadi olaraq idman tədbirləri keçirilir. Tələbələrdən ibarət komandamız keçən il Şirvan şəhərində keçirilən futbol üzrə respublika birinciliyində 1/8 finala qədər yüksəlib. Kollecin tələbəsi Rəşad Məmmədov Rusiya Federasiyasının Mahaçqala şəhərində “Çempion” klubunun açıq çempionatında iştirak edərək diploma layiq görülüb. “Təhsil” Respublika İdman Mərkəzinin taekvondo idman növü üzrə baş məşqçisi-müəllimi, əməkdar məşqçi Rəşad Məmmədovun uğurları bizi daim sevindirir.  Digər tələbəmiz Nurəli Məmmədov  isə Su İdman Sarayında üzgüçülük üzrə baş məşqçidir. Güləş üzrə yeniyetmələrin Bakı şəhər açıq birinciliyində kollecin tələbəsi Tərlan Səlimli müvəffəqiyyətlə çıxış edib. Tələbələrimiz Astara Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən bütün yarışlarda həvəslə qüvvələrini sınayırlar. Bayram və xüsusi günlərə həsr olunan kollecdaxili müxtəlif idman yarışlarında da tələbələrimiz fəal iştirak edirlər.

 

Kollecdə vətəndaşların qəbuluna, ərizə və şikayətlərinə həssaslıqla yanaşılır və onların müraciəti operativ olaraq obyektiv həll edilir.

 

Cəmiyyətin inkişafı təhsilə, təhsilin inkişafı isə cəmiyyətə birbaşa təsir göstərir. Odur ki, yeniləşən cəmiyyət yeniləşən təhsil tələb edir. Astara Pedaqoji Kollecinin kollektivi də bu yeniləşən təhsil sahəsində xalqımızı öz yeni-yeni töhfələri ilə sevindirməyə çalışacaqdır. 

 

Ağababa İBRAHİMOV,

Astara Pedaqoji Kollecinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru

 

 



06.04.2018 | 11:25