“İdeyadan başlanğıca” layihəsi çərçivəsində təlim təşkil olunub

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Tədris Mərkəzinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin (NDU) İqtisad fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamına uyğun olaraq təşkil edilib.

 

NDU-nun Təlim və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədbiri giriş sözü ilə açaraq Ali Məclis Sədrinin 2019-cu il 3 aprel tarixli sərəncamının gənclərin mütərəqqi ideyalarına dəstək verdiyini vurğulayıb.

 

Sonra Tədris Mərkəzinin direktoru, ekspert qrupunun üzvü Sevinc Cabbarovanın “İdeyadan başlanğıca” mövzusunda təlimi dinlənilib. O, təqdimatında tələbələrə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində geniş məlumat verib, eyni zamanda, müxtəlif modellərlə layihələrin təhlil edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi barəsində danışıb. 

 

Sonda tələbələrin sualları cavablandırılıb və aktiv tələbələrə sertifikatlar təqdim olunub.

 

Görüşdə, həmçinin tələbələrin ideyaları ilə bağlı ekspert qrupunun üzvləri ilə birlikdə ümumi fikir mübadiləsi aparılıb. Təklif olunan layihələrlə əlaqədar digər hami təşkilatların nümayəndələri də öz fikir­lərini bölüşüblər. 

 



23.04.2019 | 14:30