“Uşaqlar böyüklər üçün ən yaxşı müəllimlərdir”

Məlum olduğu kimi,  martın 23-25 tarixlərində Bakıda “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda  3  günlük  Pedaqoji oxular  keçirilib.  Ölkəmizin təhsil həyatında böyük maraqla qarşılanan oxuların təşəbbüskarı və müəllifi müasir humanist pedaqogikanın banisi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Aleksandroviç Amonaşvilidir. Konfransın sonuncu günündə akademik Şalva Amonaşvili “Azərbaycan müəllimi” qəzetinə müsahibə verdi.  Akademik ilk növbədə 3 günlük oxularla bağlı dərin təəssüratlarını bizimlə bölüşdü. 

 

“Oxuların hər anının zərrəcikləri ürəklərdə uzun müddət işıq saçacaq”

 

- Bakıda Novruz bayramına təsadüf  edən oxularla bağlı  təəssüratlarımı sözlə ifadə etmək çətindir. Bunu oxularda iştirak etmək üçün digər ölkələrdən gələn iştirakçılar da deyə bilər. Oxuların hər bir günü hələ uzun müddət xatirələrdən silinməyəcək.  Sayca 17-ci dəfə keçirilən oxuların hər anının zərrəcikləri ürəklərdə uzun müddət işıq saçacaq.  Mən tədbirin yüksək səviyyədə təşkili üçün bütün təşkilatçılara dərin minnətdarlığımı çatdırmaq istəyirəm.  İlk növbədə, Azərbaycan Respublikasının  Təhsil Nazirliyinə dərin minnətdarlığımı  bildirirəm.  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorluğuna, ADPU nəzdində Pedaqoji Kollecin rəhbərliyinə, Respublika  Himanist Pedaqogika Mərkəzinə,  oxuların keçirildiyi günlərdə bizə dəstək olmuş bütün insanlara  dərin təşəkkürlərimi çatdırıram.  Onların səyləri olmadan oxuları bu cür yüksək səviyyədə keçirmək mümkün olmazdı.    ADPU-nun müvafiq şöbələrinin  əməkdaşları oxuların uğurla keçməsində böyük fəallıq nümayiş etdirdilər.  Deyərdim ki, onlar bu işin öhdəsindən məharətlə gəldilər.  Tədbirin bütün detalları, qonaqların  qəbulu,  iclasın keçirildiyi zal, texniki təchizat, oxuların keçirilmə prosesinin  özü və digər məqamlar hərtərəflü  düşünülmüşdü.  Bu, əsl bayram idi.

 

Əgər ailədə dəyərlər yoxdursa...

 

- XVII  Pedaqoji oxular çox maraqlı mövzuya həsr olunmuşdu - “Ailə  insan mədəniyyətinin beşiyidir”. Dinlədiyimiz bütün çıxışlardan belə qənaətə gəlmək olar ki, ailə dəyərləri mövzusu artıq  humanist pedaqogikanın gündəmində əsas plana keçir...

 

- Düz buyurursunuz.  Bu, artıq bizim sizinlə birgə yaşadığımız dünyanın reallığıdır. Ailə dəyərləri,  ailənin mənəvi inkişafı, onun  fundamental dəyərlər sisteminin qorunması bu gün bəşəriyyəti düşündürən ən qlobal məsələdir və belə də olmalıdır.  Ailə tərbiyəsi, ailədə valideynlərin bir-biri ilə,  valideynlər və uşaqlar arasında qarşılıqlı münasibət,  sevgi, ailə dəyərlərinə sədaqət - bütün bunlar çox vacibdir. Təsəvvür edin ki, bu, sanki bir şardır, bu şarın üzərindəki hər bir nöqtə mərkəzdir. Ailə sistemində də belədir -  ər-arvad, qadın-kişi, doğmalar, yaxınlar, baba-nənələr. Ailə heç də dar çərçivəli anlayış deyil. Bu,  kiçik dövlət strukturudur, kiçik institutdur. Daha dəqiq desək, ailə dövlət orqanizmində bir hüceyrədir. Hüceyrələr çoxalır, ancaq hüceyrə olaraq qalır.  Yəni, burada hər şey əhəmiyyət daşıyır və vacibdir. Əgər sən özün tərbiyə olunmayıbsansa,  uşağı tərbiyə edə bilməzsən.  Əgər ailədə dəyərlər yoxdursa, dəyərlərə əməl olunmursa, onda tərbiyə də pis olacaq. Və əksinə. Əgər valideynlər pisdirsə, tərbiyə də pis olacaq. Bu mövzu  bütün ölkələr üçün  eyni dərəcədə çox vacibdir.  Hər yerdə artıq ailə tərbiyəsi məsələsi birinci plana keçir,  çünki ailə dəyərləri zərbə altındadır.

 

Ailə dəyərləri zərbə altındadır

 

- Qədim dövrün müdriklərindən biri deyirdi ki, əgər ailə dağılırsa, dövlət də dağılır.

 

- Tamamilə doğrudur. Bir çox ölkələrdə, xüsusən də Qərbdə, dediyim kimi, ailə dəyərləri zərbə altındadır.  Bu, çox təhlükəli vəziyyətdir.  Qərbdə həmcinslərlə nikaha, hətta uşaqların həmcinslərlə nikah əsasında övladlığa götürülməsinə belə, icazə verilir.  Belə faktlar var.  Məhz bu kimi hallar ailəni zəiflədir, onu dağıdır. Bu, guya hansısa feminizmdir. Hansı bərabərlik?  Kişilərə qadın adları qoymağa başlayıblar. Budurmu bərabərlik? Bütün bunlar ailəni zəiflədir, tənəzzülə aparır. Və kimlərəsə bu lazımdır. Dərin dini mədəniyyəti olan Azərbaycan və Gürcüstan kimi ölkələrdə isə biz ailəni müqəddəs tutmalıyıq.

 

Qızlar qadın, oğlanlar kişi kimi böyüdülməlidir

 

- Ailədə uşaqların tərbiyəsində nələrə diqqət yetirilməlidir, məsələn, oğlan və qızların.

 

- Əvvəla, qızlar qız kimi doğulduqları üçün qadın, oğlanlar isə oğlan kimi doğulduqlarından kişi kimi böyüdülməlidir.  Qadın və kişi tamdır, bütövdür. Lakin tərbiyə fərqli olmalıdır. Qadın daha çox  ağıllı, əxlaqlı, zərif  və əlbəttə ki,  gözəl olmalıdır.  Həm də diplomatik olmalıdır,  ərini ruhlandırmağı, həssas, ailə ocağını qoruyub saxlamağı bacaran olmalıdır. Hazırda qadının qarşısında bu   öhdəliklər durur. Buna  əlavə olaraq həm də ictimai fəaliyyət də var.  Kişi isə ailəni saxlayır, onu təmin edir.  O ümid yeridir, dayaqdır,  gücdür.  O, həm də ailədə qismən də olsa hökmrandır.  Həm də xeyirxah hakim rolunu oynayır.  Oğlanlar - gələcəyin kişiləri vətənə, ailəyə  sədaqət ruhunda tərbiyə olunmalı, onlar öz ailəsini, uşaqları, namusunu qoruyub saxlamağı bacarmalı, fədakarlığa hazır olmalıdır.

 

- Təhsildə mənəvi tərbiyə də aktual məsələdir. Uşaqların mənəvi tərbiyəsi özünü necə göstərməlidir?

 

 

- Bu məsələ də çox əhəmiyyətlidir. İlk növbədə, gəlin aydınlaşdıraq: mənəvi tərbiyə nədir?  Bu,  inamdır. Tutaq ki, biz 70 il etiqadsız yaşamışıq. Biz nə qazandıq?  Bizə bu sistemdən nə qaldı? Hansı cəmiyyəti qurduq? Biz  bəşəriyyətin min illər ərzində üzərində dayandığı dayağı itirdik. Məhz bu dayaq mənəviyyatdır.  İlk növbədə inam, sonra sədaqət və sevgidir.  Həyat eşqidir, fədakarlıqdır. Bütün bunlar ailəni yaşadan dayaqdır. Buna görə də humanist pedaqogika mənəviyyatı  tərbiyədə hər şeyin əsası kimi  götürür.  Uşaqları dürüstlük, vicdanlılıq, xeyirxahlıq ruhunda tərbiyə etmək lazımdır. Onları xeyirxahlığa yönləndirin, onların ətrafında xeyirxahlıq mühiti yaradın. Mənim düşüncəmə görə, uşaqların mənəvi tərbiyəsində əsas məsələ xeyirxahlıqdır.  Bizim və uşaqlarımızın gələcəyi tərbiyə məsələlərindən asılıdır. 

 

Uşaqlıq heç də məktəb həyatı ilə məhdudlaşmır

 

- İndiki təhsil mühiti fərqlidir. Uşaqlar məktəbə gedir, evdə isə onların qiymətlərini gözləyən valideynlər var?

 

- İndiki uşaqlar məktəbdən başqa heç nə görmür. Deyək ki, uşaqlar məktəbə gedir. Lakin uşaqlıq heç də məktəb həyatı ilə məhdudlaşmır. Bu gün dünya hamının üzünə açıqdır. Onlara lazım olan bilikləri uşaqlar müxtəlif mənbələrdən alırlar. Bu, ilk növbədə, internetdir.  Onlar informasiyanı həyətdə  ünsiyyətdə olduqları  uşaqlardan, televiziyadan və KİV-dən alır. Uşaqlar bir-biri ilə,  ətrafdakılarla daim ünsiyyətdədir.  İndi  məktəb  uşaqlar üçün yeganə bilik mənbəyi deyil.

 

Buna görə də bu gün məktəb özünü canlandırmalıdır. O,  yeniləşməlidir, hətta daha çox, daha sürətlə, çevikliklə  yeniləşməlidir. Lakin məktəb başqa yolla gedir. Bu bütün dünyada baş verən prosesdir.  Məktəb tərbiyəni arxa plana atıb. Bir vaxtlar (xüsusən sovet dövründə, məktəb tərbiyəni tələb edirdi, baxmayaraq ki, həmişə buna nail ola bilmirdi) məktəb üçün olduqca  prioritet olan tərbiyə məsələlərinə diqqət azalıb. İndi yoxlamaq, nəzarət etmək,  imtahanlara hazırlaşmaq və  keçirmək məktəbin əsas vəzifəsinə çevrilib. Valideynlər də təəssüf ki, bunu istəyirlər. Öz uşaqlarına yalnız  buraxılış imtahanlarının nəticələrinə əsasən baxırlar. Təki imtahanlardan yüksək qiymətlər alsın.  Ancaq  onu deyim ki, öz övladlarını yalnız qiymət, yüksək ballar xatirinə məktəbə göndərənlər kordurlar.  Uşaqlar imtahan verəcək. Hökmən verəcək! Ancaq  imtahanlarda ən yüksək bal almağa hazırlanmış uşaq valideynlərini  sevməsə, onda nə olacaq? Öz mədəniyyətini  bilməsə, onda nə olacaq? Vətəninə sadiq qalmasa, vətənpərvər olmasa, öz ana dilini bilməsə? Sizə belə bir vətəndaş nəyə lazımdır?   On ildən sonra indiki biliklərin 76 faizi yoxa çıxacaq. Biz isə tələb edirik ki, uşaqlar oxusunlar.  Və bu, bizim üçün ən əsas vəzifədir.   Mən sizə deyirəm,   biz gələcək cəmiyyətin  bu qiymətləndirmələri necə dəfn etməsinin şahidi olacağıq. Özü də  bu, çox layiqli bir dəfn olacaq.

 

Məktəblə yanaşı müəllimlər də dəyişməlidir

 

- Ancaq məktəbdə görmək istədiyiniz keyfiyyət dəyişiklikləri müəllimlərdə də olmalıdır...

 

- Əlbəttə ki, məktəblə yanaşı müəllimlər də dəyişməlidir. Başa düşürsünüz, fərqli pedaqogikalar var. Avtoritar pedaqogika üçün əsas olan müəllimin  özü deyil, texnologiyadır. Metodikalar və tədris proqramlarıdır. Guya ki, əgər tədris vəsaitləri, metodikalar,  proqramlar yaxşıdırsa,  texnologiyalar  yüksəksəviyyəlidirsə, onda  tədris baş tutacaq? Humanist pedaqogikada hər şey əksinədir. Əgər müəllim yaxşıdırsa,  pis proqramı belə o, yaxşı edəcək. Əgər proqram yaxşıdırsa, pis müəllim onu daha da pis günə salacaq. Bugünkü məktəblərdə isə məhz bunlar baş verir.  Bəzi müəllimlər üçün proqramlar çətin və mürəkkəb, digərləri üçün isə asandır. Bu, proqramdanmı asılıdır?  

 

Yox, ilk növbədə,  müəllimin yaradıcı ziyasından  asılıdır. Məktəblərdə isə, bütün postsovet məkanı ölkələrində, bilik səviyyəsi “2” və “3” olan çox sayda müəllim var.  Və onlar öz  şagirdlərini  “2”, “3”-lə oxuyanlar adlandırırlar.  Onlar özləri dərslərini  “2”yə bilir, uşaqlara da “2” yazırlar. Məgər bu məntiqlidir?   Lakin müəllim məktəb sistemində əsasdır. Əgər müəllimlər üzərində islahatlar aparılmasa, yeniləşmə olmasa, məktəbdə də islahat olmayacaq, məktəb keyfiyyətcə dəyişməyəcək. İnsansevər pedaqoq olmaq üçün uşaqların həyatıyla yaşamaq lazımdır.  Onlara böyüməkdə kömək olmaq üçün özünü uşaqlarda görmək lazımdır.

 

Uşaqlar da müəllimdir...

 

- Siz çıxışlarınızın birində demişdiniz ki, uşaqlar ən yaxşı pedaqoqdur. Uşaqlar sizə  nələri öyrədib? 

 

- Bilirsiniz, uşaqlar dünyaya ona görə gəlmirlər ki, biz onlara yalnız tərbiyə verək. Əlbəttə, əgər biz tərbiyə olunmuşuqsa, onlar bizdən bunu gözləyirlər. Onların bizim tərbiyəmizə ehtiyacları var. Lakin onlar bizim insanlığımız üçün məhək daşıdırlar. Onlar bizim insanlığımızı yoxlayırlar. Onlar bizim  necə bir valideyn,  müəllimlərimizin isə necə müəllim olduğunu təhlil edirlər. Uşaqlar bizi daim yoxlayırlar. Əgər müəllim deyirsə ki, uşaq pisdir, hiperaktivdir və s. deməli, müəllim özü pisdir.  Uşaqları günahlandırmaq olmaz.  Kim- kimi,  uşaq müəllimi, yoxsa müəllim uşağı yoxlayır?  Uşaqlar böyüklər üçün ən yaxşı müəllimlərdir. Əgər onları öz  müəllimləriniz kimi qəbul etsəniz, onlardan çox şeylər öyrənmək olar.  Dünyada təkcə müəllimlər yoxdur,  həm də şagird var.  Biz sizinlə birlikdə, ola bilər ki,  kimin üçünsə müəllimik, ancaq kimin üçünsə həm də şagirdik.  Daha ağıllı, inkişaf etmiş müəllimin şagirdləriyik. Ola bilməz ki, ətrafınızda sizi öyrədən bir insan olmasın?..

 

Uşaqlar da müəllimdir. Əgər onlar ağlayırsa, deməli nəsə deyirlər. Əgər tələb edirlərsə, deməli yenə nəsə deyirlər, bəlkə bizdən nəsə gizləyirlər? Bütün bunlar bizdən ötrü tapmacadır. Bütün bunları müəllim öyrənməlidir.

 

Müəllimin vəzifəsi kömək etmək və öyrətməkdir.  Şagirdlə dostlaşmaq, onu sevmək və onun etimadına layiq olmaqdır. Yalnız informasiya vermək deyil,  həm də öz fikrini səbrlə çatdırmaq və şagirdlərinin fikirlərinə qulaq asmaqdır.

 

Mən anladım ki, uşaqları təkcə  gözəl  deyil, həm də  gələcək həyatları naminə  dərin məsuliyyət  hissi ilə, bütün həyatınla daima sevmək lazımdır.

 

Azərbaycan məktəbi azərbaycanlı ruhu tərbiyə etməlidir

 

- Bugünkü təhsil sistemi qarşısında hansı kəskin problemlərin olduğunu deyə bilərsiniz?

 

- Mən əlbəttə ki,  təhsil sistemində olan problemlərin həlli üçün təhsili idarəetmə orqanları qarşısında məsələ qaldıra bilmərəm. Onların qayğıları kifayət qədərdir. Allah elə etsin ki, onlar öz problemlərini həll edə bilsinlər. Lakin mən məktəb administrasiyaları qarşısında uşaqlara qayğı məsələsini  qoya  bilərəm.  Məktəbin öz həqiqəti olmalıdır. Bu həqiqət ondan ibarətdir ki, Azərbaycan məktəbi azərbaycanlı ruhu tərbiyə etməlidir. Bu ruhu çərçivəyə salmaq olmaz. Əksinə,  bu çərçivəyə nəfəslik açmaq lazımdır ki, bu ruh dünyaya yayılsın. Gürcüstan məktəbi də  gürcü ruhu tərbiyə etməlidir. Bu, digər ölkələr üçün düşmən ruhu demək deyil. Məsələn, tutaq ki, mən öz gürcü ruhum ilə ölkənizə gəlirəm, sizi sevindirirəm. Bu qədər  insan bu gün ayrı-ayrı ölkələrdən Bakıya gəlib və azərbaycanlı qonaqpərvərliyinin şahidi olub. İnsanlar  Bakıda gördüklərindən çox təəccübləndilər, həm də çox ruhlandılar. Bu,  məhz ruhdur. Mənim  inamım, sizin inamınız.  Mənin inamım  sizə inanmağı, sizi sevməyi öyrədir. Bu inam digər mədəniyyətlərə, digər inanclara sahib olanlara hörmət et, onları sev deyir. Sizin inanc da bunu deyir. Bütün bunlar məktəb, cəmiyyət qarşısında duran başlıca məsələlərdir. Məktəb milli ruhun inkişafına xidmət edən vasitə olmalıdır. Milli ruh ümumbəşəri dəyərlərin tərkib hissəsidir.

 

Xoşbəxtlik tamlığa nail olmaqdır

 

- Bugünkü çıxışlarda tez-tez xoşbəxt uşaq, xoşbəxt ailə ifadələrinə rast gəldik. Xoşbəxt uşaq xoşbəxt ailədə inkişaf edir. Sizin fikirlərinizi bilmək istərdik.

 

- Əlbəttə, bilirsiniz, məsələ nədədir? Sizin xoşbəxtliyiniz mənə nə verir? Əsl xoşbəxtlik nədədir?  Əgər xoşbəxtlik maddi nemətlər, yaxşı mənzil,  avtomobil, hətta villa, zənginlik kimi başa düşülürsə,  bu ailə, əlbəttə ki, əsl xoşbəxtliyi tapa bilməz. Maddi cəhətdən bu ailə yaxşı yaşayacaq. Lakin xoşbəxt həyat mümkün ola bilməz. Xoşbəxtlik nədir?  Sevgi və genişürəklilik. Mən sizin qarşınızda səmimiyəm, sizi sevirəm. Eləcə də siz. Bizim aramızda ruhi ümumilik yaranır. Arzularım qismən sizin arzularınızla üst-üstə düşür. Biz daha da güclü oluruq. Belə olmasa biz ayrılıqda qapalı mühitdə olacağıq. Əgər ikilikdə olsaq biz xoşbəxt olacağıq. Əgər ailə içində olsaq daha xoşbəxt olacağıq. Əgər səylərimizi, məqsədlərimizi ümumiləşdirsək, birləşdirsək,  əlbəttə ki, ailə daha xoşbəxt yaşayacaq. Ola bilsin ki, nəsə çatışmayacaq. Bir-birinə güzəştə gedəcəklər. Bir-birinə qarşı dözümlü olacaqlar. Bir-birini  hirsləndirməyəcək, bütün dünyaya nifrət etməyəcək. Sonuncular heç bir fayda gətirməyəcək. Bax, xoşbəxtlik tamlığa  canatmadır.  Əgər ailədə bu varsa,  onda xoşbəxtlik olacaq. Canatma nədir?  Canatma Allahdır. Tamlığa canatma xoşbəxtliyin özüdür. Bu, heç də o demək deyil ki, kiməsə “mən səndən yaxşı yaşamışam” deyəsən.

 

Həyatın xoşbəxtliyi, sən hardasan? Səni mən necə tapa bilərəm? Xoşbəxtlik cavab verir: Qoy, xeyirxahlıq sənin varlığının mahiyyəti olsun. Qoy  insan ruhunun  qurtuluşu naminə xidmət hissi sənin qayğın olsun. Eybəcərliyi gözəlliyə yönəlt. Dostlarına, səni əhatə edən hər kəsə xeyirxahlığa çatmaqda  kömək et. Qoy  sənin  fikirlərində Yer kürəsi insanlarının xoşbəxtliyi döyünsün. Səni ucaldan, sənin ruhunu  yüksəldən həyatın xoşbəxtliyi sənə belə çatacaq.

 

Sən ona yalnız böyüməkdə kömək et... 

 

- Şalva Aleksandroviç,  geniş müsahibəyə görə çox sağ olun.  Sonda valideynlərimizə  hansı arzularınız var?

 

- Onlara isə hədiyyəm var (gülür).  Onlara 3 nəsihətimi çatdırmaq istəyirəm.  Əlbəttə ki, müəllim nəsihətidir bunlar. Birinci nəsihət, öz uşağınızın hüdudsuzluğuna inanın. Ağılsız  uşaqlar  yoxdur.  Ağıldan zəif uşaqlar da yoxdur.  Uşaqlar Allahın yaratdığı  varlıqlardır. Onları Allah belə yaratmaq istəyib. Buna görə də  Allahın bizə hədiyyə etdiyi uşaqda bütün istedad və qabiliyyətlər cəmləşib. Uşağa inanmaq lazımdır. Ona inanın. Əgər  heç nəyə inanmırsansa, onda Allaha da inanmırsan. Allahın göndərdiyi uşağa inanmırsansa, onda nəyə inanırsan?   Uşağın böyüyəcək, sən ona yalnız böyüməkdə kömək et.  İkincisi, özünüzün Allahın yaratdığı varlıq olduğuna inanın.   Hər bir ana ilahidən anadır, hər bir ata ilahidən atadır. Hər bir müəllim ilahidən müəllimdır. Kim ki, inanır, onu Allah yaradıb, o, Tanrı övladı olacaq. Kim inanmırsa, heç vaxt Tanrı övladı olmayacaq. İşıq var, alov isə olmayacaq.  Tanrı işığına inanmaq lazımdır. Üçüncüsü,  nifrət, məcburetmə,  güc, kin, qəzəb, nəzarət, qiymətləndirmə pedaqogikasına deyil,  sevgi pedaqogikasına inanmaq lazımdır.  Uşağını  ürəkdən sev, ona bir az da yaxın ol. Axı,  o  hələ hər şeyi başa düşmür. Qulaq asmaq istəmir.  Ona qulaq asmağı öyrət, ancaq  qışqırma. Heç ola bilər ki,  istiliyi 37 dərəcə olan xəstəyə  qışqırasan ki, sən niyə xəstələnibsən? Onların şıltaqlıqlarını uşaq xəstəliyi kimi qəbul et. Və onu müdafiə et. Pedaqogikanı tətbiq et.  Sevgi, xeyirxahlıq, mərhəmət, şəfqət pedaqogikasına inan. Humanist pedaqogikanın gücünə inan. 

 

Bu gün valideynlərin əsas məsuliyyəti uşaqları  informasiya çamurundan  qorumaqdır.  Televiziyalarda göstərilən təcavüz, qəddarlıq, zorakılıq, sadəcə, uşaq psixikasını öldürür.  Bunun əvəzinə,  uşaqlara onları xeyirxahlığa öyrədən  kitablar oxuyun, onlarla teatra, rəsm qalereyalarına  gedin. Uşağın xarakterini seçmək olmaz, amma tərbiyə etmək lazımdır. İstənilən uşaq böyük sərvətin daşıyıcısıdır, hansı ki, biz seyflərə qoyub ağzını elə bağlayırıq ki, sonra heç vaxt uşaqlar özləri aça bilməyəcəklər.

 

Oruc MUSTAFAYEV



06.04.2018 | 11:00