Yeniyetməlik dövrü böhranı

Böhran insan orqanizmində inkişaf mərhələsinin birindən digərinə keçiddə baş verən hadisədir. Uşaq psixologiyasında dörd kəskin böhran var.

 

- bir yaş böhranı.

- üç yaş böhranı.

- altı-yeddi yaş böhranı.

- yeniyetməlik böhranı.

 

Bu sadalananlar arasında ən konfliktli keçən böhran yeniyetməlik böhranıdır. Bu böhran zamanı uşaqlar aqressivlikləri, tələbatlarının müzakirəsiz ödənilməsi tələbləri ilə diqqəti çəkir, fərqlənirlər. Onlarda yerli-yersiz höcətlik formalaşır. Tez-tez yaşıdları və böyüklərlə mübahisələrə girir, davaya meyilli olurlar.

İnsan psixologiyasının yeniyetməlik böhranının özü də üç mərhələyə bölünür. Birinci mərhələdə bizim alışdığımız, yəni yeniyetməlik dönəminə qədər olan hətta fizioloji quruluşun dağılması baş verir. İkinci mərhələ, kulminasiyadır ki, burada yeniyetmənin aqressivliyi bitir. Üçüncü mərhələdə böhrandan sonrakı dövr başlayır. Yəni yeniyetmə insanın orqanizmi formalaşır, aqressivlik dönəmi bitir.

Onu da qeyd edək ki, bu mərhələni uşağın özünün idarəçiliyinə buraxmaq olmaz. Onun idarə olunmasında sərt şəkildə israr etmək də düzgün yol deyil. Valideyn nəzarətdə saxlamaq şərti ilə övladı həmin mərhələni keçən ana qədər onunla mütəmadi dost ünsiyyəti qurmalı, istəklərinin mümkünlüyü və ya mümkünsüzlüyü səbəbini ona başa düşəcəyi qədər aydın izah etməlidir.

Maraqlı bir məqamı da qeyd etmək yerinə düşərdi. Bu dönəmlərdə uşaqlarda eyni zamanda xarakter keyfiyyətləri də formalaşır. Məsələn, mülkiyyət qisqanclığı. Üç yaşında uşağın həmin dönəm üçün mülkiyyət qısqanclığı öz oyuncağını kiminləsə paylaşmamaqdırsa, daha böyük yaşlarda bu, ən xırda əşyasına kimsənin toxunmasına icazə verməməklə nəticələnəcək. Sonra o, fikirlərinin mülkiyyətçisi olacaq, düşündüklərini paylaşmaq istəməyəcək. Daha sonra şəxsi otağına kimsənin girməməsi tələbini gündəmə gətirib fərdiyyətçiyə çevriləcək.

 

Bəs bu kimi hisslərin inkişafına necə mane olmalı?

 

Ancaq ilkin mərhələdə, yəni üç yaşında qarşısı alınmalıdır. Hətta ağlasa belə, uşağa oyuncağını bölüşmək, sonrakı yaşlarda əşyasını təqdim edib, onun haqqında danışmaq, dostlarla ünsiyyətə vərdiş etməsinə çalışmaq lazımdır.

 

Yeniyetməlik böhranı rahat və problemsiz ötüşsün deyə, bəzən valideynlər övladlarının bütün istəklərini qarşılayır, onlarla ünsiyyətdən çəkinir. Düzdür, bu halda böhran sakit və mübahisələrsiz ötüşür. Amma nəticədə uşaq 15-16 yaşdan başlayaraq özünə və çevrəsinə dair aldığı qərarlarda kimsənin fikrini soruşmur, ancaq özünə lazım olan formada hərəkət edir. Bu xoş olmayan hallarla qarşılaşmamaq üçün ən vacib olan yol uşaqlarınızı diqqətdə saxlamaq, lazım gəldikcə onları psixoloq konsultasiyalarına aparmaq və təbii ki, sevgi göstərmək son dərəcə vacibdir.

 

 

Nərmin ABBASOVA,

“Məktəblinin dostu” layihəsinin psixoloqu

 



22.04.2019 | 17:43