Karyera qurmaq yolunda ilk addımlar

2017-2018-ci tədris ilində ilk dəfə bakalavr səviyyəsində universitetlərin sonuncu kursunda təhsil alan tələbələr Təhsil Nazirliyinin baza təhsil standartına uyğun olaraq tədris ilinin ikinci semestri boyu 14 həftəlik istehsalat təcrübəsinə cəlb olunub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bakalavr səviyyəsində 22 ixtisas üzrə təhsil alan sonuncu kurs tələbələri respublikamızın ən aparıcı müəssisələrində, şirkətlərində təcrübə keçirlər.

 

AzMİU rektoru, professor Gülçöhrə Məmmədovanın tapşırığı ilə universitetin tədris işləri üzrə prorektoru Akif Qasımovla birgə bu həftə tələbələrimizin təcrübə keçdiyi obyektlərə baş çəkib, onların istehsalat təcrübəsindəki fəaliyyətləri ilə maraqlandıq. “Azəriqaz”  İstehsalat Birliyində təcrübə keçən 12 tələbəmiz Birliyin  İdarəetmə Aparatının əsaslı tikinti şöbəsində, qalan 12 nəfəri isə Layihə Konstruktor Bürosunda  təcrübə keçir. Görüşlərdə tələbələrimiz onlar üçün yaradılan şəraitdən, real layihələrə cəlb olunduqlarından danışıblar. Birliyin əsaslı tikinti üzrə direktorunun müavini Ramil İsgəndərov tələbələrin ilk gündən komanda işi ilə yaxından tanış olduqlarını, ən son avadanlıq və texnologiyalardan istifadə etməklə müəssisənin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirdiklərini vurğulayıb. O, istehsalat təcrübəsi keçən tələbələrin Azərbaycanın şəhər və rayonlarının qazlaşdırılması layihələrində birgə iş fəaliyyətinə cəlb olunaraq  praktik biliklərə yiyələndiklərinə də toxunub.

 

Birliyin nümayəndələri ilə birgə müəssisəni gəzib, tələbələrin iş prosesi ilə yaxından tanış olduq.  Görüş zamanı o da məlum oldu ki, ARDNŞ-in “İşçilərin əməyinin ödənilməsi haqqında” Əsasnaməsinə əsasən, tələbələrimiz əməkhaqqı da alacaqlar.  

 

AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində neft-qaz mühəndisliyi ixtisasında oxuyan tələbələrimiz SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Neft-qaz mədən qurğularının diaqnostikası, Dəniz estakadaları şöbələrində təcrübə keçirlər. Görüş zamanı müəyyən olunub ki, təcrübə keçən tələbələr müəssisənin yüksək ixtisaslı əməkdaşları ilə birgə Xəzər dənizində tikilən estakadaların və platformaların qurulması ilə bağlı böyük layihələrə cəlb edilib, iş prosesi ilə yaxından tanış olublar.

 

“Baku Business Factory”, “Kercom” MMC, “Sənaye Avtomatika”  İstehsalat Birliyində istehsalat təcrübəsi keçən “ Marketinq” və  “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisaslarının tələbələri təcrübənin məhsuldar keçməsi üçün müəssisələrdə yaradılan şəraitdən məmnunluqlarını  ifadə ediblər.

 

Azərbaycan İnşaat və Memarlıq Elmi - Tədqiqat və "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunda təcrübə keçən tələbələrimizin də istehsalat təcrübəsi uğurla davam edir. Azərbaycan İnşaat və Memarlıq Elmi - Tədqiqat İnstitutunda universitetin 38 tələbəsi istehsalat təcrübəsinə cəlb olunub. Onlardan 24  nəfər inşaat, 11 nəfər tikinti-iqtisad fakültələrinin tələbələridir. 1 nəfər isə memarlıq ixtisası üzrə təhsil alan əcnəbi tələbədir. Tikinti-iqtisad fakültəsinin bir qrup tələbəsi isə Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində təcrübə keçir. Memarlıq fakültəsinin 11, inşaat fakültəsinin 6 tələbəsi isə hazırda “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda təcrübəyə qatılıb. Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova müəssisənin fəaliyyəti ilə yaxından tanış olub, tələbələrimizə yaradılan şəraitlə maraqlanıb, onların istehsalat təcrübəsi gündəliyinə baxış keçirib, müvafiq məsləhətlər verib. 

 

İnşaat fakültəsinin tələbələrinin istehsalat təcrübəsi müvafiq plana uyğun olaraq ARCHİCO MMC-nin tikinti obyektlərində (Memarların yaşayış binası, Bakı Zooparkı, yaşayış binasının üzlənməsi) həyata keçirilir. İnşaat mühəndisliyi ixtisasında oxuyan 30 tələbəmiz adıçəkilən şirkətin həyata keçirdiyi layihələrdə iş prosesinə cəlb olunaraq nəzəri biliklərini təcrübədə möhkəmləndirir. İnşaat fakültəsinin inşaat konstruksiyaları kafedrasının müdiri Muxlis Hacıyev bildirib ki, təcrübə müddətində tələbələr tədrisdə, dərsdə qazandıqları bilikləri iş prosesində tətbiq etməyi öyrənir, eyni zamanda gələcək karyeralarını qurmaq yolunda ilk addımlarını atırlar. M.Hacıyev onu da vurğulayıb ki, bu müəssisə tələbələrə gördükləri işin müqabilində əməkhaqqı da ödəyir. Belə ki, günortaya qədər çalışan tələbələr 200, günün ikinci yarısına qədər işləyənlər isə 400 manat əməkhaqqı alacaq. 

  

As İnşaat MMC və As İnşaat-N MMC-nin beton zavodlarında təcrübə keçən inşaat- texnologiya fakültəsinin bir qrup tələbəsi istehsalat təcrübələrinin səmərəli təşkil olunduğunu, dəmir-beton məmulatlarının istehsal prosesində iştirak və nəzarət etdiklərini, bu zaman ixtisasları ilə bağlı daha çox bilik əldə etdiklərini vurğulayıblar.

 

Ümumilikdə yoxlama keçirdiyimiz obyektlərdə istehsalat təcrübəsi keçən tələbələrimiz üçün müəssisə rəhbərlərinin yaxşı şərait yaratmasının şahidi olduq. Görünür, artıq mütəxəssis hazırlığında birgə iştirakın vacibliyini dərk edən müəssisə rəhbərləri bu məsələyə xüsusi diqqət yetirirlər. 

 

Nadir KƏRİMOV,

AzMİU-nun Təcrübə və karyera şöbəsinin müdiri

 



06.04.2018 | 10:29