Paytaxt məktəblərində “Yaşıl məktəb” aksiyası

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Yaşıl  məktəb” aksiyası çərçivəsində yaşıllıq zolaqları salınır, ağaclar əkilir.

 

Layihə çərçivəsində keçirilən tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı məktəblilər də iştirak edir.

 

Paytaxtdakı ümumi təhsil müəssisələrini əhatə edən yaşıllaşdırma tədbirləri çərçivəsində ağac əkilməsi ilə yanaşı mövcud yaşıllıqlara aqrotexniki qulluq da göstərilir.

 

Tədbirlərdə Azərbaycanda ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm verildiyi, aksiyanın məktəblilər arasında və cəmiyyətdə ekoloji mədəniyyəti yüksəltmək, təbiətə olan qayğı hissini təbliğ etmək baxımından çox faydalı olduğu vurğulanıb.

 

“Yaşıl  məktəb” aksiyası çərçivəsində aprel ayının sonunadək BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin ərazisində 3000-dən çox tingin əkilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, “Yaşıl məktəb” aksiyasına Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 8-dən start verib.

 

“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagirdlərdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdan ibarətdir.

 



22.04.2019 | 10:55