“Azərbaycanı kəşf et: elmdən mədəniyyətə” | |
Yaşadığımız dövrdə dünya elmində baş verən inqilabi dəyişikliklərin, yeni innovasiyaların, elmi-texnoloji kəşflərin ətraflı öyrənilərək daha geniş, səmərəli tətbiqi mühüm əhəmiyyət kəsb etməkdədir.
Dünya elminin müasir trendlərinin öyrənilməsi, gənclərin elmə marağının artırılması, onların müxtəlif sahələrdə elmi tədqiqat işlərinə daha fəal cəlb edilməsi zərurətini nəzərə alan Azərbaycan Elm Assosiasiyası (Azerbaijan Science Association - ASA) yarandığı gündən ölkə auditoriyası qarşısında bir sira seminarlar, multidisiplinar konfranslar keçirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüləri olan bir qrup yenilikçi və təhsildə uğur əldə etmiş azərbaycanlı gənc tərəfindən yaradılan ASA növbəti uğurlu tədbirinə hazırlaşır. Budəfəki tədbirin ölkəmizdə deyil, dünyanın ən nüfuzlu elm, təhsil, tədqiqat mərkəzlərindən biri olan Böyük Britaniyanın məşhur Oksford Universitetində nəzərdə tutulması isə ASA-nın növbəti uğuru kimi diqqətəlayiqdir. Aprelin 29-da keçiriləcək “Azərbaycanı kəşf et: elmdən mədəniyyətə” adlı tədbir haqqında məlumatlar artıq Oksford Universitetinin rəsmi saytında (www.ox.ac.uk/event/discover-azerbaijan-science-culture) yerləşdirilib. Məlumatda tədbirin ümumi məqsədləri, çıxış edəcək qonaqlar, baş tutacaq təqdimatlar və eləcə də tədbirin vaxtı, yeri qeyd olunub.
ASA-nın həmsədri, Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin magistrantı İnqilab Şahbazovdan aldığımız məlumata görə, forumda Oksford Universitetinin tələbələrinə və akademik heyətinə ölkəmiz, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması, dünya elminə böyük töhfələr vermiş azərbaycanlı elm xadimlərinin işləri haqqında məlumat veriləcək. Elmi hissə ilə yanaşı, mədəniyyət gecəsinin də təşkil ediləcəyi tədbirdə Böyük Britaniyada akademik fəaliyyət göstərən azərbaycanlılar, Durham Universitetinin professoru Nigar Həşimzadə, Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında (MBL) qrup rəhbəri olan, professor Qərib Mürşüdov, Birminhem Universitetinin əməkdaşı doktor Gülarə Quliyeva çıxış edəcəklər. İştirakçılara azərbaycanlı alimlər haqqında kitabçalar paylanılacaq. Tədbir Oksford Universitetinin Mansfield Kollecində keçiriləcək.
Qeyd edək ki, Oksford Universitetinin tərkibində 38 kollec var və universitetə qəbul olan bütün tələbələr bu kolleclərdən birinin üzvü olur. ASA-nın həmsədri, hazırda Oksford Universitetində doktorantura təhsili alan Tərlan Süleymanov da məhz Mansfield Kollecinin üzvüdür.
Azərbaycanlı gənclərin dünyanın ən qədim elm ocağı olan Oksford Universitetində belə bir tədbir keçirməsi sevindirici və qürurverici haldır.
Oruc MUSTAFAYEV
|
|
06.04.2018 | 09:17 | |
|
|
|