Təhsil Texnologiyalarının 2019-cu il trendləri

2019-cu ilin gəlişi ilə təhsil sahəsində çalışan bir sıra mütəxəssislər və tədqiqatçılar təhsil texnologiyaları sahəsində üstünlük təşkil edəcək tendensiyalara dair proqnozlarını verdilər. Ən çox qeyd olunan üç tendensiya aşağıdakılardır:

 

* Süni İntellekt (Artificial Intelligence, AI)

 

* Artan Reallıq (Augmented Reality, AR) / Virtual Reallıq (Virtual Reality, VR)

 

* Əşyaların İnterneti (Internet of Things, IoT)

 

Süni İntellekt (Artifical Intelligence, AI)

 

Merriam-Vebster lüğəti Süni İntellekti (“Sİ”) “kompüterlərdə intellektual davranışın simulyasiyası ilə məşğul olan kompüter elminin bir sahəsi” kimi müəyyən edir. “Sİ”-in təhsilə təsiri hər il daha kompleks inkişaflarla artacaqdır. Proqnozçular data təhlili (data analytics) və adaptiv öyrənmədə (adaptive learning) “Süni İntellektin” geniş tətbiqini müzakirə edirlər.

 

 

“Sİ”-əsaslı data təhlili, məktəb müəllimləri və idarəçilərə tələbələr arasında öyrənmə boşluqlarını müəyyən etməyə və ümumiyyətlə, dərs tapşırıqları və tədris strategiyalarını yaxşılaşdırmağa kömək edəcəkdir. Data təhlili insan müdaxiləsinin təsiri nəticəsində hesabatlar və proqnozların hazırlanması üçün məlumatların emalına özü-özlüyündə imkan yaradır. “Sİ”-əsaslı məlumat təhlili isə məlumatların analizi və insan müdaxiləsi olmadan proqnozlaşdırmanı təmin etməyə imkan verir. “Sİ” köməyi ilə data təhlili aparmaq bacarıqlarına sahib olmayan məktəb müəllimləri və idarəçiləri təlim keyfiyyətinə diqqət yetirmək üçün əlavə vaxt qazanacaqlar.

 

Tələbələr üçün fərdiləşdirilmiş və adaptiv öyrənmə “Sİ” texnologiyası ilə yaradıla və təklif oluna bilər. Əvvəllər fərdiləşdirilmiş öyrənmə müəllimin iştirakını zəruri edirdi və buna görə də çox sərmayə tələb olunurdu. “Sİ” fərdiləşdirilmiş öyrənməni növbəti səviyyəyə gətirir və adaptiv öyrənməni yeni formada və maliyyəsi daha aşağı olmaqla təklif edir. Adaptiv öyrənməyə “Sİ” vasitəsilə böyük miqdarda məlumatların emalı nəticəsində tədris məzmununun şagirdin fərdi bilik və bacarıqlarına uyğunlaşdırılaraq nail olunur.

 

Artan Reallıq / Virtual Reallıq (AR / VR)

 

Artan Reallıq Virtual Reallıqdan sonra 3-ölçülü görüntüsü olan ən sonuncu texnologiya tipi sayılır. “AR” ilə öyrəncilər real həyatda olan əşyalardan istifadə edərək virtual reallıqla təmasda ola bilərlər. “AR” planet və ya həndəsi fiqurlar kimi kompleks obyektləri virtual mühitində canlandıraraq tədris etməyə imkan verir. “AR”-ın ən tanınmış misalı “Pokemon Go” adlı oyundur ki, burada oyunçular mobil telefon vasitəsilə virtual qəhrəmanları yerin müxtəlif məkanlarında axtarıb tapmalıdırlar. “AR” müvafiq proqramlar və uyğun mobil cihaz və ya tabletdən istifadə edilərək aktivləşdirilə bilər. Misal üçün, oxu bacarıqları “AR” texnologiyasından istifadə edilməklə əyləncəli və cəlbedici şəkildə tədris edilə bilər. Elektron cihazı sadəcə olaraq dərsliyin müəyyən səhifəsinə yönləndirərək məzmunu 3-ölçülü obyektə çevirmək və canlandırmaq olar. “AR” ilə tədris çox erkən yaşlarından elektron qurğularla işləməyi bacaran tələbələri motivasiya edəcəkdir.

 

“Artan Reallıq” vasitəsilə tədris olunan anatomiya dərsi

 

“AR”-dan fərqli olaraq, Virtual Reallıq mühitindən bəhrələnmək üçün adətən kompüter və ya mobil cihaza qoşulan “VR” qulaqlıq və konsol kimi xüsusi avadanlıq növlərini tələb edir. Virtual Reallıq öyrəncilərə sərbəst hərəkət imkanı yaradan tamamilə virtual mühitə batırmaq imkanı verir. “VR” texnologiyası fiziki olaraq hərəkət etməyin mümkün olmadığı fəza münasibətlərini 3-ölçülü formatına çevirən coğrafiya, mühəndislik və tibbi elmləri kimi fənlərin tədrisində geniş yayılıb. Həm “AR” və “VR” öyrənənlərə təhlükəsiz və oyun-üslubu mühitində təcrübi öyrənmə imkanı yaradır.

 

 

Virtual Reallıq” və xüsusi “VR” gözlükləri

 

 

 

 

 

Əşyaların İnterneti (Internet of Things, IoT)

Əşyaların İnterneti (“Internet of Things”) ilə əvvələr internetə qoşula bilməyən, lakin indi şəbəkələşmiş və müəyyən məlumatları çatdıra bilən cihazlara istinad edilir. Əşyaların İnternetinin (Əİ) ən bəsit nümunəsi hərəkət və ürək döyüntüsünü ölçə və həmin məlumatları internet vasitəsi ilə ötürə bilən elektron qol saatıdır.

 

“Əİ” niyə önəmli olmuşdur? Çünki get-gedə daha çox adam smartfonlar əldə və İnternet bağlantısından istifadə edir. “Gartner” analitik şirkətinin məlumatına görə, 2020-ci ilə qədər 26 milyard şəbəkələşmiş cihaz olacaq. Bu cihazlar cəmiyyətə dəyər gətirə biləcək faydalı bir şəkildə istifadə edilə bilər. “Əİ”-nin təhsildə tətbiqi böyük potensiala malikdir. Şəbəkələşmiş cihazlar müəllimlərin dərs saatı ərzində tələbələrin iştirakının yoxlanması kimi yerinə yetirməli olduğu inzibati vəzifələri azalda bilər.

 

 

Əşyaların İnterneti (“Internet of Things”).

 

 

 

Səbinə HACIZADƏ,

Təhsil texnologiyaları üzrə mütəxəssis, İndiana Universitetinin (ABŞ) Təhsil fakültəsinin 2016-cı il magistr məzunu



19.04.2019 | 14:39