İctimai fəal məktəblər: imkanlar və perspektivlər | |
II yazı
Əvvəli: https://muallim.edu.az/news.php?id=5022
“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”.
Seneka
İctimai fəal məktəblərin tarixi və ideyası haqqında keçən yazımızda qısa məlumat vermişdik. Bu yazımızda isə bu tip məktəblərin cəmiyyətin mədəni mərkəzinə çevrilmək imkanı və perspektivlərindən bəhs edəcəyik. Bu tip məktəblər ərazidə yaşayan vətəndaşların, təşkilatların öz problemlərinin həllində fəal tərəfdaşlığını təmin edən ictimai yönümlü təhsil konsepsiyası əsasında fəaliyyət göstərir. Bu konsepsiyanın ana xəttini məktəbin təhsil müəssisəsi olmaqla bərabər, yerləşdiyi ərazidə ictimai-mədəni mərkəzə çevrilərək pedaqoji kollektivdə və ərazi əhalisində ictimaiyyətin cəlb edilməsinin mühümlüyünə olan inam təşkil edir. Mərkəzdə gənc nəslin təlim-tərbiyəsində fəal iştirak edən vətəndaş cəmiyyəti institutları formalaşmışdır. Burada məktəb - ərazi əhalisi-icma-valideyn əməkdaşlığı nəticəsində uşaq tədricən sosial kompetensiyalara yiyələnir. Çünki daimi olaraq davam edən bu əməkdaşlıq nəticəsində yaranmış vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti şagirdlərə ənənəvi mənada təhsil verməklə, onlara təhsil proqramlarını mənimsətməklə, attestat imtahanlarını müvəffəqiyyətlə verməyi öyrətməklə kifayətlənmir, eyni zamanda şagirdin dünyagörüşünün genişlənməsini, əlavə olaraq onların cəmiyyətdə yaşamaq, mövqe tutmaq tərzini, onlarda vətəndaşlıq hissini, hüquqi şüuru, məsuliyyəti, təşəbbüskarlığı, müstəqil fikir söyləməyi formalaşdırır. Birgə fəaliyyət nəticəsində iştirakçıların sərbəst fikir mübadiləsinə şərait yaradılır, yerli əhalinin məktəbə olan tələbatlarını aşkara çıxarmağa səy göstərilir, nəticədə məktəbin mövcud problemlərinin həlli istiqamətində verilən qərarların qəbul edilməsində ictimaiyyətlə əks əlaqə yaranaraq maraqlı tərəflərin iştirakı təmin edilir. Məktəbdaxili və ərazi miqyaslı təhsil, ictimai və sosial yönümlü tədbirlərin strategiyası müəyyənləşdirilir və həyata keçirilir. Bir sözlə, ictimai fəal məktəb öz qarşısına şagirdlərə yalnız təlim vermək məqsədini qoymur, onların sosiallaşmasına yol açır, eyni zamanda valideyn və ictimaiyyəti yerləşdiyi ərazidə məktəb və icmanın sosial problemlərinin həllinə cəlb edir.
Qərb təcrübəsi göstərir ki, ictimai fəal məktəblərin optimal modeli özündə üç baza komponentini birləşdirir:
1. Məktəbin demokratikləşməsi
2. Məktəb və cəmiyyətin tərəfdaşlığı
3. Könüllülük
Məktəbin demokratikləşməsi - demokratik prinsiplərin və proseslərin təlim-tərbiyə işinə, bütövlükdə məktəb həyatına daxil edilməsidir. Öz gücünə inanan, problemlərin öhdəsindən gəlməyi bacaran, hər cür rəqabətə davam gətirməyi özündə ehtiva edən vətəndaşın tərbiyə edilməsi, aşkarlığın və əməkdaşlığın təmin olunması, ünsiyyət, fikir mübadiləsi və inkişafa səy göstərilməsi üçün demokratik prinsiplərə məktəblərdə yaşıl işıq yandırmaq lazımdır. Bu, dəyişən dünyada cəmiyyətdə yaşamağı bacara biləcək müstəqil şəxsiyyətlərin inkişafına təsir edən ən mühüm amildir. Bu baxımdan şagirdlərə sosial anlaşmanı və demokratik dəyərləri öyrənməkdə ən doğru yol təhsilin demokratikləşməsidir. Tarixi keçmişi bilmədən heç bir sağlam düşüncə ola bilməz. Coğrafi anlaşma olmadan heç bir sosial bilik ola bilməz. Vətəndaş anlaşması olmadan heç bir demokratik cəmiyyət ola bilməz. Demokratiya maşın deyil ki, öz-özünə irəli getsin. Bu, şüurlu surətdə bir nəsildən digərinə bilik və bacarıqların, o cümlədən vətəndaş xarakterinin ötürülməsidir. Demokratiya nədir? Demokratiya (demos - xalq, kratos - hakimiyyət) yunan sözüdür, xalq hakimiyyəti və ya xalq idarəetməsi deməkdir. Bəşəriyyətin ən ağıllı adamları minillər boyu cəmiyyətin inkişaf tarixini anlamağa çalışmış, fəlsəfi sistemlər yaratmış, elə bir ideal cəmiyyət təsvir etmişlər ki, bu cəmiyyətdə hər kəs həm öz həyatını, həm də öz həmvətənlərinin həyatını yaxşılaşdıra bilsin. Biz tez-tez “demokratiya”, “idarəetmənin demokratik formaları”, “demokrat adam”, “demokratik dəb”, “demokratik fikirlər”, “demokratik cəmiyyət” və yaxud da “təhsilin demokratikləşməsi” kimi sözlər eşidirik və özümüz də onları işlədirik. Biz bu sözlərə nə məna veririk? Nə üçün biz həyatımız boyu bu sözdən belə tez-tez istifadə edirik?
XX yüzilliyin ikinci yarısı bizi görünməmiş dəyişikliklərlə qarşılaşdırdı. Dünya tarixində xarakterinə, sürətinə və miqyasına görə belə dəyişikliklərə rast gəlinməmişdi. Mürtəce millətçiliyin inkişafı və süqutu, kütləvi antimüstəmləkə hərəkatı, sovet sosializminin yayılması və iflası demokratik proseslərin, dəyişikliklərin güclənməsinə təkan verdi. Ölkəmizdə də bu proseslərin ikinci dalğası məhz müstəqilliyimizi qazandıqdan sonra baş verdi. Müstəqilliyimizin ilk illərində bir-birini əvəzləyən ictimai-siyasi, sosial hadisələr insanlar arasında “bizdə indiyədək demokratiya olmayıb”, yaxud “bizdə olan demokratiya əsl demokratiya deyil,” ya da “demokratiya ola bilsin yaxşı şeydir, di gəl ki, bizə yaramır və nəhayət, ən çox da eşitdiyimiz: “bu mənlik (bizlik) deyil, mən (biz) sadəcə yaşamaq istəyirəm (ik)”. Qısa vaxt ərzində baş verən sosial sarsıntılardan xoflanmış adamlar azadlıqdan, demokratiyadan bir qorxu, dəyişikliklərə qərəz, ictimai fəallığın faydasına inamsızlıq duymağa başladılar. 20 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, demokratiyanın problemləri indi də ictimai mübahisələrin ən yayılmış mövzusu olaraq qalır. Demokratiyanın nəzəriyyəsi ilə tanış olmaqla biz öyrənirik ki, demokratiya öz mahiyyətinə görə insanların öz-özlərini idarə etməsi deməkdir. Demokratiya hər kəsin digərinə öz bərabəri kimi baxmasıdır. Demokratik dövlətdə hakimiyyət bölüşdürülməli və ona məhdudiyyət qoyulmalıdır. Bu gün bütün bunlar cəmiyyətə yaxşı bəllidir, nəinki bəllidir, həm də bu müddəalar bizim Konstitusiyada əks olunmuşdur.
Təhsilin demokratikləşməsi ideyası bütün dünyada aktuallıq kəsb etməkdədir. Bunun səbəbləri vardır. Əvvəla dünyanın qabaqcıl və mütərəqqi ideya sahibləri insanın azad, müstəqil, öz meyli, marağı və qabiliyyətinə görə formalaşaraq cəmiyyətdə təhriksiz yer tutmasını, tələbat və ehtiyaclarını ödəyə bilmək üçün qadağasız fəaliyyətə hazırlaşmasını bu prinsiplərin həyata keçirilməsi ilə daha sıx əlaqələndirirlər. İkincisi, demokratikləşmə qarşılıqlı ünsiyyətin, davranış mədəniyyətinin, qanunlara hörmətin, cəsarət və tələbin, özünü və başqalarını dərkin, mənəvi rahatlığın, cəmiyyətdə, fəaliyyətdə öz yerini daha düzgün tapa bilməyin məqsədyönlüyünü artırır, şəxsiyyətin tamlıq keyfiyyətlərini formalaşdırır.
Məlahət MÜRŞÜDLÜ, pedaqogika üzrə fəlsəfə doktoru |
|
19.04.2019 | 12:36 | |
|
|
|