Gələcəyin təhsil ssenarisi

Ötən həftə Rusiyadan olan 4 nəfər qonağımın (onların hər biri aparıcı banklardan birinin filial rəhbərləri idilər) Bakıya həftəsonu istirahətinə gəlmələrinə baxmayaraq, smartfonla rəhbərlik etdikləri strukturların rutin işlərini “yoluna qoyduqları”nı gördükdə belə bir qənaətə gəldim ki, internet bütün bilinənlərlə yanaşı, məkan anlayışına da korrektələr etməyə müvəffəq olub. Söhbət nədən gedir? Əgər bank filialının rəhbəri indiyə qədər hansısa qərarı vermək üçün mütləq ofisdə olmalı idisə, indi yalnız smartfon və onun internetə bağlanması kifayətdir. Haqlı olaraq soruşa bilərsiniz: axı bunun təhsillə nə əlaqəsi var?

 

 

Hər kəsə ehtiyacına, hər kəsdən bacarığına görə

 

 

Təhsil çox mühafizəkar məfhumdur. XIII əsrin əvvəllərində Koimbra Universitetində (Portuqaliya) mövcud olan tədris prinsipləri, mühazirə ənənələri yüzillər keçməsinə baxmayaraq, bu və ya digər formada yenə də aktualdır. 4 illik bakalavriat və 2 illik magistratura dövründə tələbələr böyük həcmdə informasiya alırlar, ancaq bu məlumatların hamısını sonra istifadə edirlərmi? Yəqin ki, yalnız bir hissəsini. Bu baxımdan, son illərdə hamını belə bir sual maraqlandırır: ali məktəbin tələbəyə yalnız gələcəkdə ona lazım olacaq informasiyanı verməsi mümkündürmü?

 

Bir neçə ildir ki, tələbələrin tədrisinin təşkili və məzmununa dair tələblər dəyişib. İnformasiya mübadiləsi texnologiyalarının inkişafı ilə əməyin mahiyyəti və əmək funksiyasının reallaşmasına yanaşma da dəyişikliyə uğrayıb. Birincisi və ən əsası, yadda saxlamaq kimi qabiliyyətə ehtiyac azalıb. Əgər əvvəllər ensiklopedik biliyə malik şəxs külli miqdarda informasiyanı saxlaya və daşıya bilir, belə demək mümkündürsə, bununla da digərlərindən fərqlənirdisə, indi istənilən uşaq smartfon və internet vasitəsilə dəfələrlə çox məlumatı bir anda əldə və istifadə edə bilər. Kataloqlaşdırma və arxivləşdirmə ilə bağlı bir sıra peşələr bu yolla sıradan çıxıb. Verilənləri informasiyaya, informasiyanı isə biliyə çevirən analitiklərin də gələcəyi şübhə altındadır. İnternetin inkişafı həm axtarışa, həm də onun informasiyaya çevrilməsi prosesinə, necə deyərlər, öz damğasını vurub.

 

İkincisi, texnologiyaların sürətli inkişafı və robotlaşma bir sıra rutin fəaliyyətli, əməliyyatın təkrarlanmasını ehtiva edən peşələri sıxışdırıb tarixə çevirməyə müvəffəq olub. Özü də söhbət sadə əməliyyatlardan getmir.

 

Süni intellekt jurnalistika və tibdən tutmuş hərbi işədək insanların peşələrini lazımsız edir. Halbuki dünənə qədər bunu heç kim təsəvvür belə etməzdi.

 

Ötən həftə Rusiya telekanallarından birində robot-aparıcı “peyda” oldu. XX əsrin fantastlarının ehtimal etdikləri baş verdi: kompüter bizim əvəzimizə “tər tökür”, biz isə istirahət edirik. İqtisadçılar Karl Frey və Maykl Osborn iddia edirlər ki, 2033-cü ildə ABŞ-da hazırda mövcud olan peşələrin 47%-i aktuallığını itirib yerini süni intellektə təhvil verəcək. Bu proqnozun reallıq olacağına inananlar inanmayanlardan çoxdur.

 

Bizi robotlar əvəzləyir. Gündən-günə insan əməyinə ehtiyac duyan peşələrin sayı azalmaqdadır. Nyu-Yorkda “Amazon” şirkəti insan müdaxiləsinə ehtiyac duymayan ilk supermarketini istifadəyə verib. Şirkətdən verilən məlumata görə, tezliklə belə satış məntəqələrini dünyanın bir çox yerlərində açmaq fikrindədirlər. Sizə inandırıcı gəlməyəcək, ancaq bu, həqiqətdir: dükana daxil olan andan sizi yüzlərlə kamera və çiplər “izləyir”. Rəflərdən götürdüyünüz hər bir ərzağın pulu dərhal sizin kredit kartınızdan çıxılır. Fikrinizi dəyişib həmin ərzağı yenidən rəfə qaytarsanız, çıxılan pul yenidən geriyə - hesabınıza qayıdır. Anbarda yükləri daşıyan, boşaldan, rəflərə yığan robotu təsəvvür edirsiniz?

 

İnsanların əmək məhsuldarlığının artırılmasına doğru edilən ardıcıl cəhdlər onunla nəticələnir ki, bizi robotlar əvəzləyir. Onlar yorulmur, artıq suallar vermir, yeni hüquqlar tələb etmir, maaş azlığı barədə şikayətlənmirlər. Elə bir vaxt gələcək ki, insan əməyinin aktual qaldığı sahələr barmaqla sayılacaq. Məsələn, indi dəmiryolu nəqliyyatında insan əməyi olmadan keçinmək mümkün deyil. Ancaq nə vaxta qədər? Təyyarədə avtopilot funksiyası var. Pilotsuz taksilər sınaqdan çıxarılır. Deməli, logistika sahəsi də “yaxa”sını robotlaşmadan qurtara bilməyəcək. Rusiyada sərnişin və yükdaşıma sahəsində 8,6 milyon nəfər çalışır. Bu, iş qabiliyyətli əhalinin təqribən 10%-dir. Nəqliyyat vasitələri insan olmadan hərəkət etdikdə onların aqibəti nə olacaq? Bu təhlükə tək Rusiya deyil, bütün ölkələr, o cümlədən Azərbaycan üçün də aktualdır.

 

Üçüncü məqam ondan ibarətdir ki, son 20 ildə kommunikasiyaların inkişafı ilə bağlı inqilabi dəyişikliklər baş verib. Bax, bu yerdə qayıdaq yazımızın əvvəlinə. Rabitə, internet, qısası, kommunikasiyaların inkişafı ilə məkan, daha konkret olaraq ofisə ehtiyac faktiki olaraq aradan qalxıb. Bir yerə toplaşıb saatlarla iclaslar keçirməyə lüzum qalmayıb. Menecment nəzəriyyəsi ilə kollaborativ texnologiyaların inkişafı nəticəsində ofis anlayışı sözün əsl mənasında alt-üst olub. Dünyanın müxtəlif nöqtələrində olan həmkarlar rabitə vasitəsilə ən çətin məsələlərə dair müştərək qərar verə bilirlər. Sanki hamısı bir otaqda bir masa arxasında əyləşib. “J’son & Partners Consulting”in hesablamalarına görə, 2020-ci ildə iş yerlərinin 20%-i virtual olacaq və bu, milyonlarla vəsaitin qənaət edilməsinə kömək edəcək. İnkişaf etmiş ölkələrin yeni iqtisadi reallığı elə bir mənzərəyə səbəb olub ki, əməkdaşın şirkətdə və yaxud idarədə bütün günü oturmasına ehtiyac yoxdur. Kim nə qədər işləyir, həmin vaxtın da müqabilində məvacibini alır. Yeni reallıqda mobilliklə yanaşı, muzd anlayışı da dəyişikliyə uğrayır. Bir iş yerində davamlı olaraq nə qədər işləmək olar? Əgər ötən əsrin 80-ci illərində orta hesabla üç ildən bir iş yeri dəyişilirdirsə, indi üç il ardıcıl olaraq bir yerdə qalıb işləməyə, belə demək mümkündürsə, yaxşı baxmırlar. Ehtimal olunur ki, getdikcə şirkət və müəssisələr nəinki muzdlu əməyin layihə metoduna keçəcək, həmçinin “tam iş günü” anlayışı da prinsipial dəyişikliyə uğrayacaq.

 

 

Bu gün gecdir, sabah tez deyil

 

Bir daha soruşa bilərsiniz: bütün bunların təhsillə bir əlaqəsi var? Keçək detallı izaha. Gəlin yuxarıda qeyd etdiyimiz üç mühüm məqam kontekstindən gələcəyin insanını analiz edək. Gələcəyin insanı kimdir və ona necə təhsil vermək lazımdır? Əvvəla, o, ünsiyyətcil olmalıdır, çünki komandalarda işləyəcək. Bu komandaların beynəlmiləl olacağı da istisna deyil. İkincisi, o, kreativ olmalıdır. Çünki gələcək işlərin əksəriyyəti xidmət sferası ilə əlaqəli olacaq. Bu isə fərdi bacarıqların ön plana çıxması deməkdir. Üçüncüsü, gələcəyin insanı informasiya texnologiyaları ilə davranmağı, informasiya əldə etməyi bacarmalıdır. 

 

Xidmətlərin əksəriyyəti məhz yeni texnologiyalar hesabına idarə olunacaq.

 

Texnologiyaların belə sürətlə inkişafı ona dəlalət edir ki, insan təhsil almağı və öyrənməyi bacarmalıdır. Texnoloji innovasiyaların təsiri ilə sürətlə dəyişən iş prinsipləri, metodları, iş yerləri, habelə həyat və kommunikasiyalar göstərir ki, insan tez öyrənməyi, yaxud tez bir zamanda oxumağı - təhsil almağı da bacarmalıdır. Deməli, çoxəsrlik təcrübə - 4 və ya 6 illik təhsil də transformasiyaya uğramalıdır. Tədris müddətində tələbəyə indi lazım olan bilik və informasiyaları deyil, təhsilini başa vurduqda ona lazım olanları vermək məcburiyyətindəyik. Peşələr bir-bir sıradan çıxır. İş şəraiti, tələblərdən tutmuş əməkhaqqınadək hər şey dəyişikliyə uğrayır. Bizim bu gün ali məktəbdə hazırladığımız, tutaq ki, mühasibəyə 3-5 ildən sonra ehtiyac olmayacaq. Dünyanın bir çox yerlərində onları süni intellekt - hazır alqoritmlər əvəzləyir. Deməli, gələcəyin tələbəsini təhsilini başa vuracağı andan ehtiyac duyacağı biliklərlə təmin etməliyik.

 

 

Fərdi rəqəmsal profil

 

 

Nəzəri cəhətdən cəlbedici görünür, bəs praktikada necə, mümkündürmü? İnsanı gələcəyin texnologiyalarına öyrətmək olarmı? Güman ki, yox. Ancaq bu, o demək deyil ki, biz tələbəyə keçmişin savadını verməyə davam etməliyik. Çıxış yolu budur: onun maraq və bacarığını müəyyən etməklə fərdi tədris proqramını yaratmaq. Ona maraqlı olanla gələcəkdə ehtiyac duyacağının simbiozu. Buna necə nail olmaq mümkündür? Ekspertlərə görə, fərqli fənlər və mühazirələrlə praktika və ali məktəbdən kənar dərslərin bir araya gətirilməsi ilə. Bunun nəticəsində elə bir vəziyyət yaranacaq ki, faktiki işlə tədris vahid prosesə çevriləcək. Çünki iş daimi təkmilləşmə, yəni təhsil tələb edir. Yeni təhsil isə yeni vəzifələr və məqsədlərə yol açır. Bu istiqamətdə ən böyük çətinlik fərdilik məsələsidir. Çünki hər bir şəxsin fərdi xüsusiyyətlərinə əsaslanır. Onun maraqları və bacarıqları, əmək yükü və s. bu kimi amillər ciddi şəkildə öyrənilməli və dəqiq informasiya əldə edilməlidir. Belə bir mülahizə var ki, yuxarıda qeyd olunanlara dair tam mənzərəni əldə etmək insan üçün çətin və hətta mümkünsüzdür. Buna görə də fərdi təhsil trayektoriyalarının işlənilməsində süni intellektdən yararlanma ehtimalları ciddi şəkildə nəzərdən keçirilir.

 

Bu necə baş verəcək? Gözlənilir ki, hər bir tələbənin rəqəmsal profili mövcud olacaq. Onun haqqında bütün məlumatlar təfərrüatı ilə həmin profildə cəmləşdiriləcək. Bu informasiyanın bir qismi tələbənin istək və bacarıqları nəzərə alınmaqla çalışa biləcəyi sferalara dair olacaq. Yəni, konkret şəxs üçün optimal peşə prinsipi ilə. İkincisi, hər bir tədris prosesi təhsil ilinin vacib göstəriciləri nöqteyi-nəzərindən xarakterizə olunacaq. Minlərlə tələbənin müxtəlif profillərdəki nəticələri analiz ediləcək. Bu, imkan verəcək ki, konkret proqramın hər bir tələbə üçün effektivliyi müəyyən edilsin. Bu iki xəttin birləşməsi üzərində effektiv fərdi tədris proqramlarını əldə etmək mümkün olacaq. Ancaq bununla da iş bitmir. Tələbənin uğur və çatışmazlıqları nəzarətdə saxlanılmalı, onlara müvafiq olaraq tədris trayektoriyasında dəyişikliklər edilməlidir. Güman ki, bununla da elektron tyutor məşğul olacaq. Süni intellekt tez bir zamanda planlaşdırılmış yoldan sapmaları qeydə alacaq, gedişat əsnasında təyin edilmiş proqram və ayrı-ayrı fənlərin dəyişilməsini həyata keçirəcək. İndi bütün bunlar bizlər üçün o qədər də inandırıcı görünmür. Ancaq futuroloqlar hesab edirlər ki, süni intellektin inkişafı və hesablayıcı maşınların təkmilləşdirilməsi hesabına yuxarıdakı ssenarinin reallaşacağı gün uzaqda deyil.

 

 

Rüstəm QARAXANLI



19.04.2019 | 09:52