LDU-da Tələbə Elmi Cəmiyyətinin I elmi konfransı keçirilib

Lənkəran Dövlət Universitetinin (LDU) Tələbə Elmi Cəmiyyətinin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda elmin inkişafı” mövzusunda I elmi konfransı keçirilib.

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetdə Tələbə Elmi Cəmiyyətinin xətti ilə ilk dəfə elmi konfransın təşkil edilməsinin önəmini qeyd edib. O, gənc tədqiqatçıların gələcəkdə Azərbaycan elminin işıqlı sabahı, potensialı  olduğunu deyib, tələbələrin elmi tədqiqata həvəsini yüksək dəyərləndirib və istedadlı tələbələrə hər cür dəstək göstəriləcəyini vurğulayıb.

 

N.İbrahimov ölkədə aparılan təhsil islahatlarından, LDU-da təhsilin səviyyəsinin yüksəlməsi və maddi bazasının yenilənməsi istiqamətində həyata keçirilən  fəaliyyətdən də geniş bəhs edib.

 

Daha sonra LDU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Samir Salayev “Tələbə Elmi Cəmiyyəti qurumlarının fəaliyyətində və inkişafında Heydər Əliyev şəxsiyyətinin rolu,  LDU tələbə Elmi Cəmiyyətinin keçdiyi yol”, universitetin Aqrar və mühəndislik fakültəsi üzrə TEC-in sədri Tale Ələskərzadə  “Aqrar sahənin inkişafında ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti”, Təbiyyat fakültəsi üzrə TEC-in sədri Murad Şahverdiyev “Heydər Əliyev və müasir Lənkəran Dövlət Universiteti”, Humanitar fakültə üzrə TEC-in sədri Aynur Rzayeva “Qloballaşan dünya təhsilinə inteqrasiya prosesində Heydər Əliyev siyasətinin rolu”mövzularında çıxış ediblər.

 

Rəsmi hissədən sonra konfrans işini bölmələr üzrə davam etdirib. 4 bölmə üzrə  tələbələr müxtəlif mövzularda 123 tezis təqdim ediblər.

 

Konfransın yekununda bölmə iclasları üzrə hesabatlar dinlənilib və ən maraqlı tezislər fərqləndirilib.

 

Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov iştirakçılara maraqlı çıxışlarına görə minnətdarlıığını bildirib. Maraqlı tezislərlə çıxış edən gənc tədqiqatçıların universitet tərəfindən təşəkkürnamələrlə təltif edilməsi qərara alınıb.

 

 



18.04.2019 | 17:30