Türkiyəli qonaqlar xüsusi məktəbdə olub

Ölkəmizdə səfərdə olan Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri paytaxtdakı 268 nömrəli xüsusi məktəbdə olublar.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən görüşdə idarə müdiri Rəşad Tağıyev, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar, İstanbul Təhsil İdarəsinin rəisi Levent Yazıcı, İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi, BŞTİ-nin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

 

Xüsusi məktəblə tanışlıqdan sonra qonaqlara məktəbin fəaliyyəti və əldə olunmuş uğurlar haqqında məlumat verilib.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. İdarə müdiri xüsusi məktəbdə daun sindromlu, autizm, ümumi təhsil proqramını mənimsəyəbilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlimlərin keçirildiyini bildirib.

 

Görüş zamanı xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili barədə səmərəli fikir mübadiləsi aparılıb, iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr müzakirə olunub.

 

Sonda şagirdlərin iştirakı ilə musiqili proqram təşkil olunub.

 



16.04.2019 | 16:15