“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsinə yekun vurulub

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsinin final mərhələsi keçirilib.

 

Müsabiqədə “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer”  nominasiyaları üzrə ümumi təhsil məktəblərindən 2000 nəfər IV-XI sinif şagirdi fərdi, kollektiv, siniflə və ya ailəvi olaraq iştirak edib. Zona mərhələsinin qalibi olan 100 şagird respublika müsabiqəsinin yekun mərhələsində iştirak etmək hüququ qazanıb.

 

İştirakçılar il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini, arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə təcrübə işlərinin nəticələrini yekun sərgidə nümayiş etdirib. Münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı təcrübəçilik işlərinin müəllifləri Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif olunub.

 

Müsabiqənin əsas məqsədi Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə məktəblilərin maarifləndirilməsindən ibarətdir.

 



16.04.2019 | 16:00